ADU –da Nizami Gəncəvi mədəni irsi nin təbliğinə həsr olunmuş əl işləri sərgisi keçirildi - FOTO

ADU –da “Nizami Gəncəvi mədəni irsi”nin təbliğinə həsr olunmuş əl işləri sərgisi keçirildi FOTO

Martın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Nizami Gəncəvi mədəni irsi”nin təbliğinə həsr olunmuş növbəti əl işləri sərgisi keçirildi. İRK-nın Türk Dünyası Folklor Mərkəzinin təşkilatçiliğı ilə keçirilən sərgidə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecının Tərbiyə işləri üzrə prorektoru Həşim Paşayev, ADU- nun İnformasiya Resurs Kompleksinin (İRK) direktoru Şəhla Xudiyeva, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto, universitetin dil mərkəzlərinin rəhbərləri və müəllim-tələbə heyəti iştirak edirdi.
Sərgidə rəssamların, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecının və ADU tələbələrinin, həmçinin Nizami Gəncəvi yaradıcılığını sevənlərin əl işləri nümayiş olundu. Təqdim olunan əl işləri arasında Nizami Gəncəvinin “Yeddi Gözəl”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və sair əsərlərinin obrazlarının qəhrəmanlıq sujetlərini əks etdirən təsviri incəsənət nümunələri sərgiləndi. Sərgi iştirakçıları, eyni zamanda müxtəlif üslubların əks olunduğu (kətan, barelyef), incəsənət və sənətkarlıq nümunələri (şüşə və xalça müxtəlif dövrlərin naxış üslub, vitraj) və fotoşəkillərlə tanış oldular.

Sərgini giriş sözü ilə açan İRK-nın direktoru Şəhla Xudiyeva qonaqlara minnətdarlığını bildirərək qeyd etdi ki, ADU-da mütəmadi olaraq belə tədbirlər həyata keçirilir. Hər il Nizami Gəncəvinin yaradıcılığının təbliğinə həsr olunmuş əl işləri sərgisinin keçirildiyini deyən İRK-nın direktoru tədbirlərin reallaşmasında verdiyi dəstəyə görə ADU-nun rektoru Səməd Seyidova təşəkkürünü bildirdi.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov isə çıxışında sərgidə əl işləri nümayiş olunanları təbrik etdi. Rektor, professor Səməd Seyidov belə tədbirlərini həyata keçirilməsinin Nizami irsinin təbliğində vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. S. Seyidov Nizami Gəncəvinin yaradıcılığının təbliğinə həsr olunmuş əl işləri sərgisinin ADU-da keçirilməsinin ənənəyə çevrildiyini bildirdi. Rektor S. Seyidov sərginin yüksək səviyyyədə təşkil olunduğunu və İRK-nin aktiv fəaliyyət göstərdiyini vurğuladı.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov öz növbəsində dəvətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirdi. A. İbrahimov qeyd etdi ki, Nizami Gəncəvi məhəbbət şairi kimi tanınıb və onun yaradıcılığında əsasən lirik əsərlər üstünlük təşkil edir. Xalq rəssamı Ağaəli İbrahimov söylədi ki, gənc nəsl onun irsini öyrənməli və yaradıcılığının təbliğatçısına çevrilməlidir.

Sonra çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət Kollecının Tərbiyə işləri üzrə prorektoru Həşim Paşayev təmsil etdiyi təhsil müəssisəsi haqqında məlumat verdi. İncəsənət kollecinin bir sıra tanınmış rəssamlar yetişdirdiyini dedi.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto isə çıxış edərək sərgidə iştirakından məmnunluğunu ifadə etdi. Diplomat bildirdi ki, öz tarixinə, keçmişinə və görkəmli şəxslərinə qiymət verən xalq müdrik xalqdır. O, Azərbaycan xalqının bu xalqlardan biri olduğunu da sözlərinə əlavə etdi.
Sonda sərgidə nümayiş olunan əl işlərinə baxış keçirildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !