ADU-da Cabir Novruzun yaradıcılığına həsr olunmuş konfrans keçirildi - FOTO

ADU-da Cabir Novruzun yaradıcılığına həsr olunmuş konfrans keçirildi FOTO

Martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi Cabir Novruzun yaradıcılığına həsr olunmuş konfrans keçirildi. Konfransda ADU-nun professor-müəllim heyəti, tələbələr, tanınmış ziyalılar və şairin ailə üzvləri iştirak edirdilər.
Konfrans Cabir Novruzun həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başladı.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev çıxış edərək Cabir Novruzun poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil etdiyini bildirdi. Ə. Əliyev vurğuladı ki, şair ədəbiyyat aləminə gəldiyi ilk illərdən o, yüksək bəşəri və mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Prorektor qeyd etdi ki, C. Novruzun ictimai fəaliyyəti də zəngin olub. Şairin ömrünün bütün mərhələlərində ölkədə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olduğunu deyən Ə. Əliyev xalqın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində C. Novruzun əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyini də diqqətə çatdırdı.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Afət Zeynalova “Cabir Novruzun həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış etdi. A. Zeynalova şairin poeziyasının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindən biri olduğunu və onun əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük şöhrət qazandığını qeyd etdi.
Tələbələr şairin şeirlərini ingilis dilində söylədilər.
Tədbirdə şairin ingilis dilində çap olunmuş “Sağlığında qiymət verin insanlara” kitabının tədimatı da keçirildi. Kitabın tərcüməçisi Kamran Nəzirli çıxış edərək C. Novruzun yaradıcılığının zəngin olduğunu qeyd etdi. K. Nəzirli kitabın ərsəyə gəlməsindən və şairlə olan xatirələrindən söz açdı.
Azərbaycan Respublikasının xalq artisti, professor Yalçın Rzazadə xalq şairinin onun həyatında mühüm rol oynadığını bildirdi. O, Cabir Novruz haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Xalq artisti bildirdi ki, C. Novruzun şeirlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən bu gün də böyük rəğbət və sevinclə qarşılanır.
Y. Rzazadə xalq şairinin sözlərinə bəstələnmiş mahnılar ifa etdi.
Tədbirdə, həmçinin əməkdar artist Nüşabə Ələsgərli, gənc müğənni Kərimin ifasında mahnılar dinlənildi.
Sonda şairin ailə üzvləri adından oğlu Müşfiq Novruz çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !