Türkiyənin Hacəttəpə və Fransanın Strasburq Universitetinin nümayəndələri ADU-da - FOTO

Türkiyənin Hacəttəpə və Fransanın Strasburq Universitetinin nümayəndələri ADU-da FOTO

Martın 14-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Türkiyənin Hacəttəpə Universitetinin və Fransanın Strasburq Universitetinin nümayəndələrini qəbul etdi. Rektor Səməd Seyidov qonaqları salamlayaraq onları ADU-da görməkdən məmnunluğunu bildirdi. ADU-nun Strasburq və Hacettepe Universitetləri ilə əlaqələrinin hərtərəfli və uzunmüddətli əlaqələrin qurulması məqsədini daşıdığını bildirdi. Rektor Universitetin üçtərəfli əlaqələri qurmaqla Azərbaycan təhsil sisteminə yeni bir ideya və məzmun gətirdiyini sözlərinə əlavə etdi. O, Fransanın Azətrebaycandakı səfirliyinin ADU-nun Fransa universitetləri ilə əlaqələrinə hər zaman dəstək verdiyini və əməkdaşlığa diqqət göstərdiyini xatırlatdı.
Strasburq Universitetinin nümayəndəsi Ekart Hötzel səmimi qəbula görə təşəkkür etdi. O, layihənin başladığı ilk illərdən bu yana bu layihənin reallaşmasında görtərdiyi dəstəyə görə rektor Səməd Seyidova təşəkkür etdi. Bu layihənin tələbələr üçün böyük imkanlar açdığını və layihənin əsas hissəsinin onların payına düşdüyünü vurğulayan qonaq bu layihənin ADU tələbələrinin biliklərinin dərinləşməsinə yardımçı olacağını bildirdi.
Türkiyənin Hacettepe Universitetinin nümayəndəsi Alper Altay da, öz növbəsində, üçtərəfli həyata keçirilən ADU-Hacettepe-Strasburq universitetləri arasında əməkdaşlığın uğurla davam etdiyini bildirdi. O, təmsil etdiyi Hacettepe Universitetində hazırda 57 azərbaycanlı tələbənin təhsil aldığını da vurğuladı.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq məsələləri, layihələrin davam etdirilməsi, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparıldı.
Sonda ADU və Hacettepe Universiteti arasında Mövlana mübadilə proqramı üzrə niyyət protokolu da imzalandı.
Xatırladaq ki, 2010-cu ilin aprel ayında Türkiyənin Hacəttəpə Universitetində bu təhsil ocağı ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığa dair protokol imzalanmışdı. Protokolda müəllim və professor heyətinin birgə mühazirələr və seminarlar təşkil olunması məqsədi ilə qarşılıqlı səfərlərinin təşkili, ümumi bakalavr və magistr proqramlarının hazırlanması və həyata keçirilməsi, elmi konfransların keçirilməsi, birgə elmi nəşrlərin dərc olunması nəzərdə tutulur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !