ADU-da Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunmuş tədbir keçirildi - FOTO

ADU-da Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunmuş tədbir keçirildi FOTO

Martın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi məqsədi ilə bağlı imzaladığı 3 fevral 2014-cü il tarixli Sərəncamına əsasən tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Tərbiyə işlər üzrə prorektor, professor Ələddin Əliyev Azərbaycan ədəbiyyatının bir sıra görkəmli nümayəndələr yetişdirdiyini diqqətə çatdırdı. Azərbaycan ədəbiyyatının zənginliklərindən danışan Ə. Əliyev belə görkəmli simalardan birinin də Mirzə Şəfi Vazeh olduğunu bildirdi. O, Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzaladığını qeyd etdi. Prorektor M. Ş. Vazehin yaradıcılığına nəzər salaraq vurğuladı ki, onun əsərləri Avropada geniş yayılıb və qəbul olunub. Ə. Əliyev M. Ş. Vazehin şeirlərinin alman Fridrix Bodenşted tərəfindən mənimsənildiyini də tələbələrin diqqətinə çatdırdı. Prorektor ADU-nun professoru Fəxrəddin Veysəllinin bununla bağlı araşdırma apardığını və tədqiqatın nəticəsi olaraq bu şeirlərin M. Ş . Vazehə məxsus olduğunu da sözlərinə əlavə etdi.
Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov tanınmış maarifçinin həyat və yaradıcılığı haqqında tələbələrə geniş məlumat verdi. V. Bəşirov M. Ş. Vazehin Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getdiyini tələbələrin nəzərinə çatdırdı. Onun yaradıcılığının Azərbaycanın və Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutduğunu qeyd etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Məlumat üçün bildirək ki, görkəmli şair 1794-cü ildə Gəncədə anadan olub, 1852-ci ildə Tiflisdə dünyasını dəyişib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !