ADU-da "Çinin tarixində görkəmli qadınlar mövzusunda tədbir keçirildi -

ADU-da "Çinin tarixində görkəmli qadınlar” mövzusunda tədbir keçirildi

Martın 7-də Azərbaycan Dillər Universitetitinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Çinin tarixində görkəmli qadınlar" ədəbi-bədii tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət siyasətindən, Azərbaycan və Çində dövlət quruculuğunda qadınların iştirakından danışdı. O, Azərbaycan və Çinin birinci xanımları Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Çin Xalq Qurtuluş Ordusunun general-mayoru, vərəm və QİÇS üzrə Ümumdünya Səhiyyə Təşkilatının xoşməramlı səfiri Pen Liyuanın ictimai-siyasi fəaliyyətini xüsusilə vurğuladı.
AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Xuraman Əliyeva isə öz növbəsində Azərbaycanda ilk şərqşünas qadın, alim, XX əsrin görkəmli nümayəndəsi, professor Aida İmanquliyevanın elmi və ədəbi irsi haqqında danışdı. Sonra ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri ədəbiyyatda qadın gözəlliyinin simvolu olan dörd görkəmli Çin qadınları: Si Şı, Van Djaoszyun, Dyaoçan, Yan Quyfəy, Çin imperatriçələri, əfsanəvi qadın sərkərdələr Fu Xao və Mulanın dövlət fəaliyyəti haqqında məlumat verdilər. Sonra ulu imperatriçə, unikal tarixi şəxsiyyət Szı Sı haqqında bədii film nümayiş olundu.
Sonda Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə etdi.
Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyin nümayəndələri də iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !