Bəxtiyar SADIQOV : Mənəviyyat arxa planda qalanda -

Bəxtiyar SADIQOV : Mənəviyyat arxa planda qalanda

Dəyərlər maddi və mənəvi olmaqla iki qismə bölünür.

Maddi dəyərlər gözlə görünür, toxunanda hiss edilir, təsirə gec uğrayır.

Mənəvi dəyərlər isə daha çox insanların yaddaşlarına yazılır, gördükləri işlərdə, əməllərdə qorunub saxlanır.

Mənəvi dəyərə can verib onu real gücə çevirən məhz insan oğlu insandır!

Mənəvi dəyərləri insan qoruyub saxlaya da bilir, təhrif edib dəyişə də!

Mənəvi dəyərləri bəzən eybəcərləşdirən də insan olur!

Deməli, insan həm də mənəvi dəyərlər saxlancı, xəzinəsi sayılır.

Deyirlər insan valideynlərindən çox dövrünə, zamanına oxşayır.

Qəribə, bəlkə də qəbul etmək istəməsək də, həqiqətə yaxın fikirdir.

Bəli, insan valideynlərinə bənzəyir, amma həm də dövründən, zamanından, görüb-eşitdiklərindən öyrənir.

Bəzən zamanın diktəsinə tabe olmaq məcburiyyətində də qalır!

Bax bu halda onun müdafiə qabiliyyəti sınağa çəkilir!

Özününkünü qoruyub saxlama instinkti işə düşə bilir!

AMMA HƏMİŞƏ İŞƏ DÜŞÜRMÜ?!

Qloballaşmanın özünəməxsus gücü, imkanları var.

Bir tərəfdə onun arxasında duranlar, "standart" adı ilə "özününkünü" "hamınınkı" etmək istəyənlər, digər tərəfdən "internet" adlı hüdudsuz və həddindən çox "səlahiyyətli" yeni, cəlbedici, eyni zamanda faydalı və gərəkli tərəfləri də olan "möcüzəli qurğu" dayanır.

İnternetin özünəməxsus xüsusiyyətləri və "statusu" da mövcuddur:

Qoçu Nəcəfqulunun keçisi kimi, ona toxunmaq olmaz, tam "sevmək" də çətindir! Amma fəsadlarından qorunmağı bacarmalısan!

Qloballaşma dövrünün interneti bütün pərdə və sərhədləri süpürüb aparır, mənzillərə maneəsiz, icazəsiz daxil olur, yeniyetmə və gənclərin sevimlisinə çevrilə bilir!

Qloballaşma dövrünün interneti ayıb sayılanları müəyyən dövrdən sonra adiləşdirmək gücündədir!

Qloballaşma dövrünün interneti qəbul edilməyəni yaşatmaq, hətta haçansa ona vətəndaşlıq hüququ vermək imkanındadır!

Qloballaşma dövrünün interneti mənəvi cəzasızlıq şəraitində daha geniş əl-qol atır!

Qloballaşma dövrünün internetinin ən məkrli silahı isə istədiyini, ona gərək olanı, işinə yarayanı "yenilik", "müasirlik" adı ilə gənclərin beyninə yeritmək məharətidir!

Ona müqavimət göstərmək çox da asan deyil!

AMMA MÜMKÜNDÜR!

Azərbaycan xalqı olaraq biz bir dəfə belə bir sınaq mərhələsindən keçərək məkr dolu hücumu dəf etmişik. Doğrudur, o zaman hücumun miqyası nisbətən "kiçik" idi...

Amma hücum daha pərdəli, "könüllülük donu"na bükülmüş şəkildə, bəzən də "partiya qərarları" formasında "gizli zorakılıqla" müşayiət olunurdu.

Söhbət SSRİ zamanında Sov.İKP-nin "insanların tarixi birliyinin yeni forması" adı altında vahid mərkəzə, vahid mədəniyyətə, vahid adət-ənənəyə, vahid ideologiyaya və dinsizliyə xidmət edən "sovet adamı" canlı robotunun yaradılmasından gedir. Sovet elmi və ideologiyası bu niyyətin gerçəkləşdirilməsinə səfərbər olunmuşdu.

Bu məqsədlə dissertasiyalar yazılır, sistemli kütləvi tədbirlər keçirilir, güclü təbliğat, təşviqat aparılırdı.

Şəhər və kənd arasındakı əsas fərqlərlə bərabər millətlər, mədəniyyətlər və mənəvi dəyərlər arası sərhədlər də pozulub silinməli idi!

Lap indiki qloballaşmanın bəzi istəkləri kimi...

Qloballaşmanın da bəzi mənfi təsirlərindən, təpkisindən qorunmaq asan deyil!

AMMA MÜMKÜNDÜR!

Və Azərbaycan iqtidarı bunu çox ustalıqla edir!

Bu gün bütün dünyaya nümunə göstərilən multikulturalizm, tolerantlıq siyasəti və bu sahədəki əyani-əməli işlər müsbət effekt verir!

Yeniyetmələrin və gənclərin mənəviyyatının qorunması həm də biz qələm əhlinin, yaradıcı insanların üzərinə düşür.

Uğurun (bəlkə də yeni uğurun) qazanılması özümüzdən, milli-mənəvi dəyərlərimizi necə qorumağımızdan asılıdır!

Mənəvi dəyərləri, milli mədəniyyəti, əsrlərin sınağından çıxmış adət-ənənələri müasir gənclərə necə aşılamağımızdan və sevdirə biləcəyimizdən asılıdlr!

Gəncliyin gözünü dünyada gedən proseslərə necə açacağımızdan, milli və dövləti maraqları qorumağa onları necə səfərbər edəcəyimizdən asılıdır!

Müstəqilliyin, müstəqil yaşayıb müstəqil siyasət yürütməyin necə şərəfli, eyni zamanda nə qədər çətin olduğunu və bir millət kimi hələ də sınaq dövrünü yaşadığımızı onlara necə anlada biləcəyimizdən asılıdır!

Gəlin baxaq görək bu istiqamətdəki işlər, göstərilən səylər yetərli və kifayət qədərdimi?

Azad söz və müstəqil mətbuat (elektron və çap) bu müqəddəs vuruşda vətənpərvərcəsinə iştirak edirmi?

Unutmayaq, bu mübarizənin bayrağı vətənpərvərlik və müstəqilliyi sevərlikdir!

* * *

Bəzən biz övladlarımızdan öyrətmədiyimizi tələb edir, onlara "vermədiyimizi" geri "almaq" istəyirik!

Mənəviyyat, mənəvi tərbiyə də belədir! Gənclərə illər boyu milli-mənəvi dəyərləri aşılamalı, onlara vətənpərvərlik dərsi keçməli, əsl azərbaycanlı kimi böyütməliyik!

Ailədən başlanan mürəkkəb tərbiyə prosesi uşaq bağçasında və məktəbdə davam etməli, qəzet yazıları, radio-televiziya verilişləri ilə zənginləşdirilməlidir!

Ailədə başlayan tərbiyə cəmiyyət tərəfindən yekunlaşdırılmalıdır!

Cəmiyyət və onun institutları bu məsələdə passivlik göstərəndə isə üstünlüyü "əks qütblər" ələ alır.

Bizdə isə daha geniş auditoriyaya və təsiretmə imkanına malik olan telekanallar və internet resursları "əks qütb"ə keçərək tərbiyə prosesinə yardım göstərmək əvəzinə mənəviyyatı korlamaqla məşğuldurlar!

Bazar iqtisadiyyatı münasibətlərinin formalaşdığı bir dövrdə nədənsə mənəvi dəyərlər, mənəvi tərbiyə məsələləri arxa plana atılıb!

Öndə görünənlər qəzetlərin kriminal xəbərləri, oxuyub-çalanların şəxsi həyatı ilə bağlı süni və qeyri-səmimi müsahibələri, "çəkişmə və sataşma" yazıları, özəl televiziya kanallarının bəsit və bir-birinə bənzəyən (hətta "qəhrəmanları" da eyni olan) şou proqramları, süni qalmaqal yaradılan verilişlər, psixi problemi olan və mənəvi deformasiyaya uğramış insanların "zərərdidə" kimi "baş qəhrəman" seçildiyi proqramlardır.

Özəl telekanalların ən çox diqqət yetirdikləri və vaxt ayırdıqları mövzu və məsələlərə diqqət yetirdikdə bəzi suallar yaranır:

* Bu gün televiziya kanalları daha çox kimləri verilişlərinə dəvət edir?

* Teleaparıcılar xaricdə yaşayan hansı azərbaycanlıları tapıb gətirərək "qəhrəman" statusunda cəmiyyətə təqdim edirlər?

* Verilişlərdə nələr müzakirə olunur?

* Niyə Azərbaycan xalqının mənəviyyatı hədəf seçilib?

* Niyə ancaq "pislər" televiziya kanallarının "qonaq-qəhrəmanı" olur?

* Bəs, yaxşılar haradadır, niyə ekranlardan "qeybə" çəkilib?

* Niyə belə verilişləri "reytinqli veriliş" kimi təqdim edib özlərinə bəraət qazandırmağa çalışırlar?

* Reytinqi kimlər və necə müəyyən edir və həqiqətənmi sorğu keçirərək, yaxud araşdırma apararaq obyektiv nəticəni açıqlayırlar?

* Niyə Azərbaycan ailəsi hədəf seçilib və qrantlar yalnız ailə münasibətlərini, Azərbaycan mənəviyyatını aşağılayan layihələrə verilir?!

Bizcə, düşünməyə dəyər!

Sovet dövründə "mənəviyyat meyarı" sayılan "Kommunizm qurucusunun əxlaq kodeksi" adlı Sov.İKP tərəfindən hazırlanmış bir sənəd var idi. Həmin sənəddə dövlət gənc nəsli necə görmək istədiyini, gəncliyə verdiyi "tələblər standartı"nı ortaya qoymuşdu.

Bu gün elə bir sənəd və "tələblər toplusu" yoxdur! Amma "Gəncləri necə görmək istəyirik" - bu kriteriyalar ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxış və nitqlərində, imzaladığı müxtəlif sənədlərdə, habelə dövlət başçısı cənab İlham Əliyevin ayrı-ayrı nitq və çıxışlarında ümumiləşdirilmiş şəkildə göstərilmişdir. Özəyini azərbaycançılıq ideologiyası təşkil edən bu prinsiplərdə mənəvi amillər mühüm yer tutur.

Onları bir yerə toplasaq, müasir zamanda gəncləri necə, yaxud gənclərdə hansı cəhət və xüsusiyyətləri görmək istədiyimiz barədə müəyyən qənaətə gəlmək mümkündür. Məsələn, biz hamımız övladlarımızı necə görmək istərdik:

* Bilikli, dünyagörüşlü, peşəkar mütəxəssis kimi;

* Fiziki cəhətdən sağlam, İKT-dən baş çıxaran;

* Müstəqilliyimizi dəyərləndirən, dövləti və milli maraqları anlayıb qoruyan;

* Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə hər an hazır olan;

* Milli və dini ənənələrə hörmətlə yanaşan;

* Milli mentalitetə və adət-ənənələrə sədaqət nümayiş etdirən;

* Xalqın keçmişinə və mədəni-mənəvi dəyərlərinə ehtiram göstərən;

* Azərbaycanda yaşayan bütün millətlərin adət-ənənəsinə, dini mənsubiyyətinə sayğılı və dözümlü münasibət bəsləyən;

* Azərbaycanlı olması ilə fəxr edən və Vətəndən uzaqlarda yaşayanda belə onun maraq və mənafeyini qorumağı özünə mənəvi borc sayan;

* Dövləti və milli maraqları şəxsi mənafedən üstün tutan;

* Valideynlərinə, ağsaqqal və ağbirçəklərinə daim qayğı və hörmətlə yanaşan və digər müsbət cəhətləri özlərində birləşdirən.

Gənclər kimi özlərinə ideal seçməlidirlər, kimə bənzəməyə çalışmalıdırlar - hələ ki onu müəyyənləşdirib cəmiyyətə təqdim edə bilməmişik. Halbuki belə nümunələr var. Məsələn, mənəvi zənginliyi, fiziki kamilliyi, vətənpərvərliyi və öz həyatı hesabına xalqını, dövlətini, Vətənini sevdiyini sübut etmiş Mübariz İbrahimov!

Təəssüf ki, şəhid qəhrəmanımız yalnız ad günləri dövründə mətbuatın diqqət mərkəzinə gətirilir. Qalan müddətdə isə sanki unudulur.

Yaranmış boşluğu qalmaqal qəhrəmanları, yalandan "siyasi məhbus" elan edilmiş antiqəhrəmanların qəzetlərdə "mübariz gənclik" qiyafəsində təqdimi cəhdi hesabına doldurmaq niyyəti isə açıq-aydın görünür!

Dövlət vəsaiti hesabına çəkilən teleseriallarda da nədənsə indiyədək mənəvi zənginliyi və yüksək vətənpərvərliyi ilə diqqət çəkən gəncləri görmürük!

Artıq KİV-lərin (elektron və çap) maarifləndirici və tərbiyəvi funksiyası yox olmaqdadır. Bütün imkanlar və qüvvələr əyləndirici verilişlərin hazırlanmasına, mənəviyyatsızlığın reklamına səfərbər edilib!

* * *

İnsanı digər canlılardan fərqləndirən ən mühüm cəhətlərdən biri onun mənəvi dəyərlər daşıyıcısı olmasındadır!

İnsan tək qarnı üçün yaşamamalıdır, həm də kiminsə dadına çatmağa, nəsə yaradıb qurmağa, Vətən adlı müqəddəs və əvəzsiz bir məkanı ucaldaraq ona layiqli övlad olmağa çalışmalıdır!

Vətən bizdən nə istəyir? Yəqin ki, təmənnasız övlad məhəbbəti və təəssübkeş vətəndaş qeyrəti!

Vətən bizi necə görmək istəyir? Yəqin ki, valideynlərimizin, doğmalarımızın və əsl dostlarımızın görmək istədikləri kimi!

Vətənin ehtiyacı nədir? Müstəqilliyinin qorunub saxlanılmasını, məkrli niyyətlərdən və düşmən planlarından müdafiəsini, onu dünyanın söz sahibləri, inkişaf etmiş ölkələr cərgəsinə çıxarmağımızı, ərazi bütövlüyünün bərpasını, sakit, firavan və əmin-amanlıq şəraitində yaşayışı təmin etməyimizi!

Bu istəklərin bir qismi iqtisadi, digəri isə mənəvi amillərlə bağlıdır!

İqtisadi uğurlarımız böyükdür, ürəkaçandır!

Mənəvi amillər isə arxa planda qalmalı deyil!

Bizimlə birgə olmalı, birlikdə addımlamalıdır!

Dəyərlərin ölkə vətəndaşlarından ayrı düşməsi sonradan düzəldilməsi çətin olan səhvlərə gətirib çıxara bilər!

Qloballaşan, təlatümlər içində yaşayan, ədalətsizliklər dolaşan, zəiflər tapdalanan, mənəviyyatsızların düşmən cəbhəsinə keçdiyi dünyada gecikmək və səhv etmək olmaz!

Bizim səhv eləyən vaxtımız deyil!

ÇÜNKİ:

* Mənəviyyat olmayanda arvad-uşaqları ilə birgə erməni tərəfinə keçirlər, düşmən çörəyi yeməyi özlərinə rəva bilirlər!

* Mənəviyyat olmayanda xaricdən verilən qrant müqabilində dövlətinin və xalqının maraqlarını asanlıqla tapdalayırlar!

* Mənəviyyat olmayanda cinayətkarların və terrorçuların adını "siyasi məhbus" siyahısına yazaraq Avropa Şurasına göndərir, Azərbaycanın "qeyri-demokratik ölkə" kimi tanınmasından ötrü dəridən-qabıqdan çıxırlar!

* Mənəviyyat olmayanda inkarçılıq yolu tutaraq çətinlik çəkmədən rəzalətin zirvəsinə yüksəlirlər!

Ən nəhəng qurğular, ən mürəkkəb mexanizmlər, ən güclü silahlar belə insan əli ilə hərəkətə gətirilir, idarə olunur!

Əqidəli insan bütün hallarda özünə və Vətəninə sadiq qalmağı, millətinin və dövlətinin adını ucaldaraq maraqlarını təmin etməyi bacarır.

Əqidəli insan isə tərbiyə edilir, yetişdirilir!

O halda ki, mənəvi amillər, milli dəyərlər daim ön planda olur, yüksək tutulur!

Neft kapitalının insan kapitalına çevrildiyi dövrdə bunu qətiyyən unutmaq olmaz!

 

Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !