ADU-da Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə ilə görüş keçirildi - FOTO

ADU-da Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə ilə görüş keçirildi FOTO

 Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, kinodramaturq, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Azərbaycan PEN klubunun vitse-prezidenti Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirildi.
Yaradıcılıq gecəsi universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin professor-müəllim, tələbə heyəti iştirak edirdi.
Açılış nitqi ilə çıxış edən Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov qonağı universitet rəhbərliyi və kollektivi adından salamladı. O, universitetdə Çingiz Abdullayev, Elçin Əfəndiyev kimi tanınmış şairlər, yazıçılar və digər ziyalılarla görüşlərin mütəmadi təşkil olunduğunu xatırlatdı. D. Yunusov bu kimi görüşlərin tələbələrin təlim-tərbiyəsində, ölkənin ziyalıları haqqında dərindən biliklərə yiyələnməsində, dünyagörüşlərini püxtələşməsində əhəmiyyətli rol oynadığını dilə gətirdi. Prorektor görkəmli yazıçı Natiq Rəsulzadənin əsərlərinin yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də geniş oxucu kütləsi arasında yayıldığını bildirdi. O, əməkdar incəsənət xadiminin çoxlu sayda kitablarının xarici dillərə tərcümə olunduğunu söylədi. Nitqinin sonunda prorektor, professor Dünyamin Yunusov qonaqla görüşdən məmnunluğunu bildirdi və yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.
Tələbələrdən Elmira Cəbrayılova rus dilində, Aydın Səadətov isə Azərbaycan dilində videoçarx nümayişinin müşayiəti ilə Natiq Rəsulzadənin həyat və yaradıcılığı haqqında məlumat verdilər.
Tələbələr - Nərmin İslami və Aytən Cəfərova rus və fransız dillərində yazıçının “Таможник” (“Gömrükçü”) əsərindən bir parça söylədilər.
Tələbələrin ifasında Natiq Rəsulzadənin “Фокусник” (“Sehirbaz”) əsərindən səhnələşdirilmiş parça nümayiş olundu.
Daha sonra çıxış edən Natiq Rəsulzadə Moskvada A. M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alarkən Azərbaycanın siyasi rəhbəri, ulu öndər Heydər Əliyevin Moskaya səfəri zamanı Moskvada təhsil alan azərbaycanlı tələbələrlə görüşünü xatırladı. O, bildirdi ki, Heydər Əliyev hər dəfə tələbələrlə görüşdə azərbaycanlı gənclərin hər zaman tanınmış institutları bitirdikdən sonra Azərbaycana qayıtmalı olduqlarını bildirir və bir mütəxəssis kimi vətənə lazımlı olduqlarını söyləyirdi. Yazıçı bu cür görüşlərin zəruriliyindən danışdı və həmişə gənclərlə ünsiyyətdə olmağın əhəmiyyətini vurğuladı. N. Rəsulzadə gənclərlə görüşdən şad olduğunu bildirdi.
Görüş yazıçının tələbələrin ünvanladığı sualları cavablandırması ilə davam etdi. Sonda müəllif imzalanmış kitablarını tələbələrə hədiyyə edildi.
Qeyd edək ki, Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatı Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. N. Rəsulzadə 1979-cu ildən Yazıçılar Birliyinin üzvü, Kinemotoqrafçılar Birliyi və Teatr Xadimləri Birliyinin üzvüdür. 1984-cü ildə Natiq Rəsulzadə Dövlət Teleradio Komitəsi tərəfindən ilin ən yaxşı pyesinə görə mükafata, həmin ildə N. Ostrovski adına Ümumittifaq mükafatına layiq görülmşüdür. 1994-cü ildə “Bakılı” cəmiyyətinin ilin ən yaxşı kitabı mükafatını almışdır. Natiq Rəsuzladə Bakıda, Moskvada, Macarıstanda, Polşada, Yuqoslaviyada və başqa ölkələrdə nəşr edilmiş 30-dan artıq kitabın müəllifidir. “İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram” və s. kimi əsərlər onun qələminin məhsuludur. 1999-cu ildə Natiq Rəsuzladə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !