ADU-da Xocalı soyqırımı qurbanları anıldı - FOTO

ADU-da Xocalı soyqırımı qurbanları anıldı FOTO

Fevralın 26-da Azərbaycan Dillər Universitetində ADU Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi və Filologiya və Jurnalistika fakültəsinin 343-344-cü qrup tələbələrinin təkilatçılığı ilə Azərbaycan tarixinin ən qanlı və faciəvi səhifələrindən biri olan Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Xocalı həqiqətlərini, ermənilərin Azərbaycan xalqının başına açdıqları vəhşilikləri əks etdirən video-çarx nümayiş olundu. Sonra Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca qadın və kişi olmaqla – 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini,düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sının uşaq olduğunu, Xocalıda 1275 nəfərin əsir götürüldüyünü, 150 xocalının itkin düşdüyünü bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş həmin gecənin qanlı hadisələrini, erməni vəhşiliklərini özündə əks etdirən səhnəcik ifa olundu.
Tədbirdə çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov tələbələr tərəfindən hazırlanmış bu səhnəciyi və tədbiri təşkil edən hər bir tələbəyə universitetin rektoru, professor Səməd Seyidov adından təşəkkür etdi. Professor Dünyanim Yunusov Zori Balayanın “Ruhumuzun canlanması” adlı kitabında Xocalı soyqırımına haqq qazandırdığını və bu şəhərdə Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirildiyini utanmadan etiraf etdiyini və Devid Xerdiyanın “Xaç uğrunda” kitabında erməni vəhşiliklərini etiraf etdiyini iştirakçıların diqqətinə çatdırdı. O, bir çox ölkələrin artıq Xocalı soyqırımını tanıdığını vurğuladı. D.Yunusov gənclərə bu hadisələri unutmamağı tövsiyə etdi. Çıxışının sonunda o, Mübariz kimi övladları olan Vətənin heç vaxt məğlub olmayacağını dedi.
Daha sonra çıxış edən ADU-nun Azərbaycan tarixi, sosiyal elmlər və fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu da öz növbəsində tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdi. O, dünyanın bu həqiqətləri bildiyini və biganə qalmadığını dedi və tezliklə işğal olunmuş torpaqlarımızın azad olunacağına inamını sözlərinə əlavə etdi.
Daha bir tədbir universitetin Filologiya və Jurnalistika fakültəsində keçirildi. Linqvokulturologiya kafedrasının baş müəllimi Xanım Cəlilovanın təşkilatçılığı və 125a, 125b və 126a qruplarının iştirakı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş keçirilən tədbirdə Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, II Xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, müəllimlər və tələbələr iştirak edirdi. Tədbir Xocalıda törədilən soyqırımda həlak olanların ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı soyqırımında törədilmiş vəhşilikləri özündə əks etdirən videoslayd nümayiş etdirildi.
Tədbirin təşkilatçısı Xanım Cəlilova çıxış edərək Xocalı soyqırımında erməni millətçilərinin xalqımızın başına gətirdiyi müsibətlərdən söz açdı. X. Cəlilova ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışaraq bu soyqırımın bütün dünyada təbliğ olunmasının vacibliyini vurğuladı.
Tədbir əbəbi-bədii kompozisiyayla davam etdi və tələbələr Xocalı faciəsi haqda şeirlər söylədilər.
Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva tələbələrin təşkil etdikləri tədbiri yüksək qiymətləndirdi və təşkilatçılara öz minnətdarlığını bildirdi. Professor M. Qazıyeva Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsinin tarixi zərurət olaraq qaldığını vurğuladı. Kafedra müdiri Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı praktik təşəbbüsün isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf etdiyi söylədi. M. Qazıyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətin davam etdirildiyini diqqətə çatdırdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !