Azər Həsrət : - BDU olayları haqqında yarımçıq yazı

Azər Həsrət : BDU olayları haqqında yarımçıq yazı

Ötən həftə Bakı Dövlət Universitetində baş vermiş tələbə ayaqlanması özüylə bir sıra suallar da doğurdu. Təbii ki, olayın çıxması medianın və bütövlükdə toplumun diqqətini yetərincə cəlb edə bildi. Lakin düşünürəm ki, həqiqət tam olaraq ortaya çıxmış sayılmaz. Yəni doğrudanmı tələbələrin etirazı hansısa məbləğdə əlavə maliyyə, yaxud da lap elə rüşvət qorxusundan qaynaqlanırdı?

 

 

Kənar bir müşahidəçi kimi deyim ki, ayaqlanma, iddia edildiyi kimi geniş həcmli deyildi. Elə universitetin rəsmi açıqlamasında da tələbələrin dərsdən çıxıb dərsə gəldiyi növbə dəyişikliyi zamanı hərəkətə keçməsi üzündən kütləvilik görüntüsünün yarandığı deyildi. Deməli, kimlərsə sadəcə kəsir, rüşvət davası deyil, olaya görüntü vermək üçün siyasi hesablar üzərindən hərəkət edib. Düşündürücü məqamdır.

Olayların görüntülərində universitet mühafizəsinin və polislərin davranışlarında diqqət çəkən isə onların kobudluğa meyllı olmasıydı. Açığı, elementar bir situasiyada bu qədər kobud və qaba olmağa nə gərək olduğunu anlamıram. Örnək üçün, görüntülərin birində jurnalist mikrofon uzadaraq polisə sual ünvanlayır. Yetərincə də nəzakətli bir şəkildə. Amma polislərin üz ifadələri, verdikləri cavablar həqiqətən də xoş deyildi. İndi tutaq ki, həmin sual nəzakətli bir şəkildə cavablandırılsaydı nə baş verəcəkdi? Dünyamı dağılacaqdı? Məncə, polis orqanlarımızda bu məsələylə bağlı ciddi işlərin görülməsinə gərək var.

Ümumiyyətlə isə, polislərin bu cür aksiyalar zamanı öz davranışlarına xüsusi diqqət yetirməsi lazımdır. Çünki polisin gərəksiz qabalığı kənardan mütləq müşahidə edilir, ətrafdakıların emosiyalarının daha da qızışmasına səbəb olur və üstəlik də Azərbaycanın bir dövlət olaraq imicinə ciddi zərbə vurur. Təbii ki, emosiyaları qızışmış kütlə qarşısında durmağın nə qədər çətin olduğunu da hər kəs yetərincə anlasın gərək.

İndi isə təkrar o etirazla bağlı fikirlərimizə qayıdaq. Birincisi, məncə, tələbələr etiraz etməkdə o qədər də haqlı deyillər. Çünki BDU-nun məzunu, özü də oxuduğum beş il ərzində bir qəpik belə kimsəyə rüşvət verməmiş birisi olaraq (hətta diplomumu almağa gedəndə rəsmi ödənişi belə məndən istəməyə çəkinmişdilər) deyim ki, orada həqiqətən də oxuyan tələbəyə zaval yoxdur. Özü də 1992-97-ci illərin tələbəsi olaraq, üstəlik radikal müxalif mövqedən çıxış edərək dəfələrlə etiraz aksiyalarında tutulmuş birisi kimi öz mövqeyimi ən yüksək səslə ifadə edirdim və kimsə də buna görə mənə bir söz demirdi. Yəni demək istərdilər, ancaq dərs əlaçısı, intizamlı tələbə olduğum üçün deyə bilmirdilər. Keçmişin tələbəsi olaraq bilirəm ki, lap elə siyasi səbəblərdən bir tələbəyə ilişmək istəyəndə onun dərsə davamiyyəti, dərslərindən zəif olması kimi amillərdən yararlanırlar. Ona görə də, özəlliklə etirazçılar gərək zəif nöqtələrdən xali olalar ki, kimsə onlara ilişə bilməsin.

Kimsə durub deyə bilər ki, indi zaman başqadır, bəlkə də durum dəyişib. Bunu da araşdırdıq və BDU-nun bir xeyli tələbəsinin sosial şəbəkələrdə yayılan fikirlərini oxuduq. Əksəriyyət iddia edir ki, oxuyan tələbədən heç kim rüşvət istəmir və onun qiymətini də kəsmir. Buna mən də şübhə etmirəm. Demək istədiyim budur ki, tələbənin bir nömrəli vəzifəsi dərsə davamiyyət və dərslərini yaxşı oxumaq olmalıdır! Bunu etməyən, etmək istəməyən tələbənin hansısa kəsirə görə rəsmi ödənişə, lap elə rüşvətə belə etiraz etməyə haqqı yoxdur! Biz əgər toplumdakı eybəcərliklərə qarşı çıxış etmək istəyiriksə, öncə özümüzdən başlamalıyıq.

Yəqin bu yazını oxuyanlar arasında kimsə düşünə bilər ki, məqsədim BDU rəhbərliyinə haqq qazandırıb tələbələrin aksiyasını gözdən salmaqdır. Əsla belə deyil. Məqsəd sadəcə yeri gəldi-gəlmədi hər çağırışa havalanıb uçan gənc tələbə dostlara bir qədər ayıq olmağın gərəkliliyini izah etməkdir. Bəli, bu gün hər bir gəncimiz ayıq olmalıdır. Çünki kimlərinsə Azərbaycanı da Misirin, Suriyanın, Ukraynanın gününə qoymaq üçün hər cür vasitəyə əl atdığı bir zamanda ortalığı süni şəkildə qarışdıracaq əməllərdən itirən dövlətimiz olacaq. Təbii ki, tələbələrin etirazına sayğıyla yanaşıram və onların öz tələblərini dilə gətirməsini vazkeçilməz haqq kimi dəyərləndirirəm. Ancaq bir suala hələ də cavab tapa bilmirəm: küçəyə çıxıb aksiya keçirənə qədər bu tələbələr öz narazılıqlarını yazılı şəkildə BDU rəhbərliyinə neçə dəfə çatdırıblar? Yayılan xəbərlərdə ayrı-ayrı fərdlərin öz şəxsi məsələləri üçün müraciətləri istisna olmaqla belə bir müraciətin olduğu haqda bilgi yoxdur. Olmazdımı ki, küçə etirazından öncə lap elə rektora, örnək üçün, yüz tələbənin imzasıyla müraciət edilsin? Özü də bildiyimə görə, BDU-nun rektoru tələbələrlə təmasa açıq birisidir. Düzdür, bizim zamanımızda o rektor deyildi və açığı heç bir zaman şəxsi tanışlığımız olmayıb. Ancaq BDU-da oxuyan tələbə dostlarımız rektorun tələbələri dinləməyə hazır olduğunu deyirlər.

Yeri gəlmişkən, bizim zamanımızda əvvəlcə prorektor və sonra da rektor olmuş Misir Mərdanova şəxsən mən bəzi narazılıqlarla bağlı yazılı müraciət etmişdim və məsələlər dərhal da həll edilmişdi. Yəni ən radikal müxalifətçilik dönəmimdə belə düşünmüşdüm ki, məntiqli və dürüst hərəkət etmək lazımdır. Demək istədiyim odur ki, tələbə dostlarımız da dərhal küçəyə çıxmaq haqqında düşünəcəklərinə qayda-qanunu, məntiqi əxz etsələr yaxşı olardı.

Və sonda qeyd edim ki, bu olay bir gerçəyi göstərdi ki, hansısa dairələr Azərbaycanda ortalığı qarışdırmaq üçün imkan axtarışlarını davam etdirməkdədir. Lakin ölkədə belə hallara soyuq yanaşma onların daha bir arzusunu puç etdi. Deməli, diqqətli olmağımız, baş verənlərə soyuq başla yanaşmağımızda fayda var...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !