Lənkəran rayonundakı Yaşıl çay fermer təsərrüfatına Macarıstandan damazlıq heyvanlar gətirilmişdir -

Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatına Macarıstandan damazlıq heyvanlar gətirilmişdir

Ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı görülən ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda müəyyən edilmiş tədbirlərin icrası ilə əlaqədar müasir texnologiyaların tətbiqinə əsaslanan infrastruktur sahələri, yeni istehsal müəssisələri yaradılır.
AzərTAc xəbər verir ki, aqrar sahəyə göstərilən diqqət və qayğıdan bəhrələnən Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” MMC Macarıstanın “Hunland” şirkəti ilə bağladığı müqaviləyə əsasən, bu günlərdə rayona 35 baş boğaz düyə və 1 baş toxumluq dana gətirmişdir.
Fermer təsərrüfatının rəhbəri Araz Yağubov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransdakı nitqində aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr təsərrüfatımızda çalışanları həm çayçılığı, həm də heyvandarlığı daha da inkişaf etdirməyə həvəsləndirmişdir. Bu qayğıdan faydalanaraq təsərrüfatımızda damazlıq heyvanların sayının artırılmasını da nəzərdə tutmuşuq.
Sevindirici haldır ki, gətirilmiş düyələrdən biri artıq bala vermişdir. Fermada heyvanların saxlanması üçün hər cür şərait yaradılmış, rayon baytarlıq idarəsi tərəfindən təsərrüfata xüsusi baytar həkimi təhkim edilmişdir.
Araz Yağubov söhbət zamanı göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdir.
“Hereford” cinsli düyələrin çəkisi 500 kiloqrama yaxın, erkəklərin çəkisi isə 600-800 kiloqramdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !