ADU-nun IV kurs tələbələri təcrübə keçəcəklər - FOTO

ADU-nun IV kurs tələbələri təcrübə keçəcəklər FOTO

Fevralın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji və Filologiya və Jurnalistika fakültəsinin 2013-2014-cü tədris ilində Bakalavriat ali təhsil pilləsinin əyani və qiyabi təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan pedaqoji konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin müəllim kimi formalaşmasında mühüm rol oynadığını dedi. Prorektor Azərbaycan Dillər Universitetinin hər cəhətdən ən öndə gedən universitet olduğunu bildirdi . O, tələbələrə hər zaman öz fəaliyyətləri ilə universitetin adına layiq olmağı və pedaqoji təcrübənin bütün imkanlarından yararlanmağı tövsiyyə etdi. ADU tələbələrinin hər zaman nümunəvi olduqlarını deyən D. Yunusov pedaqoji təcrübəyə gedən tələbələrə uğurlar arzuladı.
Pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov çıxışında respublikada xarici dil müəllimlərinə hər zaman ehtiyac olduğunu bildirdi. O, müəllim peşəsinə yiylənməklə yanaşı, hər bir gəncin vətəni təmsil edən yüksək ixtisaslı Azərbaycan vətəndaşı olmaqlarını tövsiyyə etdi. “Müəllim olmaq vəzifədir, hər bir tələbə bu vəzifəylə nəyə xidmət etdiklərini yaxşı bilməlidir” deyən professor N. Kazımov tələbələrin respublikaya xidmət edə biləcək fəal Azərbaycan vətəndaşı olmaq amalınına xidmət etməli olduqlarını bildirdi.
Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə əsas məqsədin peşə keyfiyyətinə malik olan mütəxəssislər hazırlanması olduğunu bildirdi. O, pedaqoji təcrübədə yaranan problemlərin həlli üçün kafedranın hər zaman tələbələrin ixtiyarında olduğunu bildirdi və uğurlar arzuladı.
Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev pedaqoji təcrübənin psixoloji tərəflərindən bəhs etdi. O, universtitetin pedaqoji təcrübənin təşkilinə xüsusi önəm verdiyini bildirdi. C. Alıyev vurğuladı ki, prosesin uğurla həyata keçirilməsində hazırlıqların yüksək səviyyədə təşkili, pedaqoji təcrübədə iştirak edən şəxslərin qarşılıqlı münasibəti və tələbələrin təhkim olunduğu məktəblərin göstərdikləri münasibət əsas rol oynayır. O, bugündən etibarən tələbələrin üzərlərinə yeni müəllimlik rolunu götürdüklərini bildirdi. O, “Rolu yaxşı oynamaq üçün yaxşı mənimsəmək lazımdır” sözlərini də əlavə etdi.
Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev tələbələrdə peşə təəssübkeşliyi olmasının önəmini bildirdi. Dekan Bakı şəhər Təhsil İdarəsi ilə universitetin müqavilə bağladığını və bu müqaviləyə əsasən tələbələrin təhkim olunduqları məktəblərin artıq universitetin baza məktəbləri olduğunu söylədi.
Universitet üzrə Pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev isə çıxışında təcrübənin mahiyyətindən və qaydalarından danışdı. Pedaqoji təcrübə rəhbəri orta məktəblərin daxili nizam-intizam qaydalarına ciddi riayət etməyin vacibliyini vurğuladı. Qiymətləndirmə mexanizminə də toxunan B. Həmzəyev tələbələrin vəzifələri haqqında da məlumat verdi.
Qeyd edək ki, təcrübə martın 17-dən mayın 24-dək davam edəcək. Pedaqoji fakültədə əyani təahsil forması üzrə 423, qiyabi təhsil forması üzrə 63 tələbə, Filologiya və Jurnalistika fakültəsinin 143 tələbəsi Bakının 36-a yaxın orta ümumtəhsil məktəbində təcrübə keçəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !