Azər Həsrət: - Yalqız başına hərəkət edən fərdlər

Azər Həsrət: Yalqız başına hərəkət edən fərdlər

Ötənlərdə məlum Stratforun bir təhlilini oxumuşdum. Ukrayna olaylarını incələmişdilər. Burada diqqətimi bir xırda detal çəkmişdi. Həmin detal haqqında heç kim heç yerdə yazmır, danışmır. Ümumiyyətlə isə heç kim həmin məqama diqqət belə yetirmir.

Hamı elə bilir ki, Ukraynadakı olayların önünü çəkən boks çempionu, siyasətin “s”sindən belə anlayışı olmayan Vitali Kliçkodur. Baxanda elə də görünür. Çünki adam meydanlardadır, parlamentdədir və üstəlik də bir siyasi müxalif qurumun başçısıdır. Yəni gərək olan bütün atributlara sahibdir. Bir az da qızışdırsalar əməlli-başlı prezidentliyə də iddia edəcək. Niyə də yox? Məgər zamanında bolşeviklərin öndəri demirdimi ki, “hər bir aşpaz da ölkəni idarə edə bilər”? İndi bu dünyaca ünlü boksçuya nə gəlib ki? İdarə edər, özü də elə idarə edər ki! Hələ arxasında da ABŞ kimi nəhəng bir dövlət varsa, daha artıq idarə edər. Ancaq anlaşılan, belə görünməyinə baxmayın, sən demə ABŞ heç də onun arxasında deyilmiş. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın gizli lentə alınmış telefon danışığından belə anlaşılır ki, boksçu indiki halda öndə olsa da hakimiyyət dəyişəcəyi təqdirdə heç də yüksək vəzifəylə mükafatlandırılmayacaqmış. Yəni Amerikadakı başbilənlər belə qərara gəliblər.

Ukrayna müxalifətinin digər öndərləri üçün də təxminən eyni vəzifə nəzərdə tutulur. Yəni onlar da öndə olmalarına baxmayaraq Ukraynanın gələcək prezidenti ola bilməzlərmiş. İndi gəl də anla. Nədən ortalığı qarışdırırsınız və ortaya da gerçək bir lider çıxarmırsınız? Məqsəd nədir? Ölkəni anarxiyaya sürükləmək? Artıq bu baş verib və Ukraynada anarxiyadır. Hətta Kiyevin küçələri 2-ci Dünya Savaşı günlərini xatırladır. Yanmış, yıxılmış, dağıdılmış o gözəlim Ukrayna...

Yuxarıda Stratfordan danışmışdıq. Stratfor təhlilçiləri diqqəti ona çəkir ki, Ukrayna küçə hərəkatını heç də Kliçko və dəstəsi idarə etmir. Sən demə bu hərəkatın fitilini körükləndirənlər heç kimə və heç bir təşkilata bağlı olmayan ayrı-ayrı fərdlərdir. Düzdür, Stratfor oxu atıb yayı gizlədir və həmin fərdlərin kimdən təlimat aldığını demir. Ancaq bu qədəri də bizə yetər. Deməli, əfəl, bacarıqsız siyasi müxalifəti olan ölkələrdə birbaşa idarə edilən fərdləri hərəkətə keçirirlər. Bu da yeni texnologiyadır demək.

Elə ərəb ölkələrində baş verənlər də onu göstərdi ki, proseslərin önünü heç də təşkilatlanmış siyasi müxalifət deyil, ayrı-ayrı fərdlər çəkə bilər. Sadəcə onları qaza gətirmək, arxalarında durmaq və kimsənin təxmin edə bilməyəcəyi şəkildə idarə etmək yetər.

Ukraynadan öncə və ərəb baharından sonra bu texnologiya Türkiyədə də tətbiq edilmişdi və hələ də tətbiq edilməkdədir. Gəzi Parkı olaylarını hər kəs xatırlar yəqin. Orada öndə gedənlər də çox zaman heç bir təşkilatı təmsil etməyənlər idi. Olayların körüklənməsində maraqlı olan qüvvələr gedişata siyasi partiyaları da qoşmaq istəyirdilər. Türkiyənin CHP-si hətta qoşulmuşdu da bu olaylara. Ancaq MHP daha ağıllı davranaraq işin əslini kəsdirə bilmiş və kənarda durmağı bacarmışdı. Bununla belə “yalqız başına hərəkət edən fərdlər” Türkiyədə hələ də hərəkətdədirlər.

Bunun bir bənzəri də bugünlərdə Bosniya-Hersegovinada yaşandı. “Fərdlər”in ani hərəkətlənməsi sonucu dövlətin avtoriteti belə zədələndi. Prezident sarayı yandırıldı, ayrı-ayrı bölgələrdə hökumət idarələri dağıdıldı, qəsb edildi. Hələ ki, nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir.

Suriyada isə bu fərdlər ortalığı elə qarışdırıb ki, toz-duman hələ də yatırıla bilmir.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, artıq ənənəvi güclü siyasi müxalifətə dayanıqlı, yaxud da belə müxalifət formalaşdırıb onun vasitəsilə hakimiyyəti dəyişmə taktikası arxa plana keçib. Deməli, ABŞ və orbitində olan qüvvələr ölkələri daha rahat bir şəkildə nəzarət altında saxlamaq üçün heç kimə bağlı olamayan “sərbəst fərdlər”i hərəkətə keçirirlər. Bizim də diqqətli olmağımız lazım o zaman...

Sual oluna bilər ki, niyə ABŞ ölkələri anarxiyaya sürükləmək istəsin? Sadə bir cavabı var. Dünyada insanları 3 sinfə bölülər: 1-ci sinif ABŞ və onun ən yaxın ətrafındakı xalqlardır ki, onlar daim yüksəlişdə olmalıdır. 2-ci sinif ayaqda durmağı bacaran, inkişafa meylli xalqlardır ki, Azərbaycan, Ukrayna, Türkiyə kimi ölkələr də ora aiddir. Bunların çox da inkişaf etməsinə yol vermək olmaz. Zaman-zaman başlarına corab hörüb pərən-pərən salmaq lazımdır ki, istənilən vaxt rahat idarə edilsinlər. 3-cü sinif isə Afrikanın qara insanları başda olmaqla Güney Amerika, Uzaq Doğu Asiya xalqlarıdır ki, onların ümumiyyətlə kökü kəsilməlidir ki, yer üzündə 1-ci sinif insanlar üçün əlavə zənginlik imkanları yaransın. Zatən proqnozlar da buna hesablanıb. Əgər insanların sayının 21-ci yüzilin sonuna ölkələr üzrə artım proqnozuna diqqət edilərsə, hər şey aydın olacaq.

İndi bu “fərdlər hərəkatı” da ona hesablanıb. Dünyanı idarə edənlər deyir ki, Ukrayna kimi ölkələrin inkişafına yol vermək olmaz. Belə ölkələr daim kataklizmlər yaşamalı və geri getməlidir. Dediklərini də edirlər zatən. Elə olmasaydı SSRİ dağılanda 52 milyon əhalisi olan Ukrayna bu gün 45 milyona enməzdi. Və proqnozlarda ölkə əhalisinin 2030-cu ildə 38, 2060-cı ildə isə 28 milyona enəcəyi deyilməzdi...

Düşündürücüdür, deyilmi? Elə Azərbaycanın da bu çətin proseslərdən hələ ki, uğurla çıxa bilməsini dəyərləndirmək lazımdır. Ölkənin sabitliyini pozacaq istənilən fərdin, istənilən qurumun önü dərhal kəsilməlidir ki, Ukrayna sayağı anarxiyaya sürüklənməyək. Sürüklənsək o zolaqdan heç zaman çıxa bilməyəcəyik. Çünki ölkə əhalisinin sayıyla bağlı məlum mərkəzlərin proqnozları da heç ürəkaçan deyil. Bir də bu Massaçusetsdən gələn zəlzələ proqnozları var hələ...
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !