Azər Həsrət: - Saakaşvili Əliyevi necə vurdu ...

Azər Həsrət: Saakaşvili Əliyevi necə “vurdu”...

“İndi də Saakaşvilinin adından yalan məlumat yayırlar.” Bu fikir mənə aiddir. Fevralın 2-də “Azadlıq” qəzetində “Saakaşvili də Əliyevi “vurdu” başlığı altında yayımlanan bir yazıya nəzər saldıqdan sonra gəldiyim qənaət idi. Bu fikrimi Facebook-da paylaşmış, altında da həmin yazının keçidini, eyni zamanda yazıda istinad edilmiş “Christian Science Monitor”un uyğun keçidini təqdim etmişdim. Yəni ingilis dili bilənlər hər iki yazını tutuşdurub “Azadlıq”ın Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin fikirləri kimi təqdim etdiklərinin, əslində, ona aid olmadığını görsünlər deyə.

Facebook-da bunu paylaşan kimi, dostluğumda olanlardan biri belə yazdı: “Azər bəy, siz ya ingiliscə bilmirsiniz, ya da insanlarla məzələnirsiniz. Tərcumə dəqiqdir. “Family dinasties (Azerbaijan)” “Azərbaycanda ailə sülaləsi” kimi tərcümə olunub. Düz tərcümədir.”

Mənim cavabım: “… siz həmin yazını diqqətlə oxusanız görəcəksiniz ki, Saakaşvili elə söz demir. Həmin o “family dinasties (Azerbijan)” ifadəsi jurnalistin özünə aiddir. Hər iki yazının linkini ona görə vermişəm ki, ingilis dilini bilənlər müqayisə etsin. Söhbət Saakaşvilinin dilindən çıxmayan sözlərin ona aid edilməsindən gedir. Özü də bunu “Azadlıq” qəzeti edir”.

Dostum: “Son cümlə də Saakaşviliyə aid deyil?”

Cavabım: “Son cümlə ona aiddir. Ancaq “Azadlıq” yazarın fikirlərini dırnaq içində, özü də geniş şəkildə Saakaşvilinin fikirləri kimi təqdim edir. Mən də onu etik saymıram”. (Bu son cümlə məsələsinə hələ qayıdacağıq. – A.H.)

Artıq bu yerdə həmsöhbətim yanıldığını anlamış olmalı ki, mövzunu dəyişdi: “Bu hakimiyyətin bu millətin başına gətirdikləri hamısı çox etikdir)))))))))))”

Cavabımda dedim ki, “…bu hakimiyyətlə də qeyri-etik mübarizə etik deyil. Əgər biz istəyiriksə ölkədəki bütün pislər yaxşı olsun, o zaman öncə özümüzdən başlamalıyıq. Əgər kimsə hakimiyyəti ədalətsizlikdə, yalan təbliğatda ittiham edirsə, o zaman özü daha öncə yalan təbliğatdan uzaq olacaq”.

Adamla söhbətimiz burda yekunlaşdı.

Bəs, adı çəkilən yazıda söhbət nədən gedirdi? “Azadlıq” qəzeti dırnaq içində, M.Saakaşvilinin dilindən belə bir mətn vermişdi: “Yeni hökümətin ilk aylarında qorxurduq ki, bunlar qurduğumuz sistemi dağıdacaqlar, lakin etmədilər. Bu, ondan xəbər verirdi ki, biz möhkəm bir siyasi sistem yarada bilmişik. Hər halda bu sistem Azərbaycandakı sülalə hakimiyyətindən, Rusiyadakı çox zəif demokratiyadan, Ermənistan və Qırğızıstanda olduğu kimi seçicilərə qarşı zorakılıqdan və Orta Asiyadakı əbədi hakimiyyət modelindən daha yaxşıdır.

Bizim yaratdığımız sistem yaşadı – deməli seçkilərdəki məğlubiyyətimiz daha çox insanların 8 illik hakimiyyətdən yorulmasından irəli gəlirdi, apardığımız islahatları bəyənmədiyindən deyil. Ən azından biz ağrı-acısız hakimiyyət dəyişikliyinin nümunəsini göstərdik”.

Biz hətta iddia edə bilərik ki, “Azadlıq”ın dırnaq arasında təqdim etdiyi və həqiqətən Saakaşviliyə aid olan ilk 2 cümlə də düzgün tərcümə edilməyib. Orijinalda onun fikirləri bir qədər fərqlidir: “Bizim üçün ən qorxulu dönəm seçkidən sonrakı ilk bir neçə ay idi ki, onlar dərhal kimsəyə dəxli olmayan hər şey edə biləcəklərinə aid mandata sahib olduqlarını düşünürdülər. Amma olmadı. Bu da dayanıqlı siyasətin necə olmasının göstəricisidir”. (Eng: “The most dangerous period for us was the first several months after election was when they thought they had a mandate to do anything and no one would care immediately. They didn’t. That’s a measure of how sustainable the policies are”.)

Sonuncu cümlə istisna olmaqla yerdə qalan fikirlər də Saakaşviliyə aid deyil. Ümumiyyətlə Azərbaycana gəldikdə isə o, ölkəmizin adını cəmi bir dəfə çəkir və başqa heç bir halda bu yöndə sətiraltı işarə belə etmir. “Azadlıq” həmin cümləni belə verir: “Azərbaycan, Rusiya, Orta Asiya ölkələrinin xalqları üçün bəlkə də mənim hakimiyyətdən getməyim daha maraqla qarşılandı, nəinki həyata keçirdiyimiz islahatlar”.

Əslində, bu tərcümədə də xətaya yol verilib. Doğru tərcümə belə olmalıydı: “Azərbaycan, yaxud Rusiya və ya Orta Asiya kimi ölkələrdəki xalqlar üçün mənim getdiyim yol, hakimiyyətdən kənarlaşmağım bəlkə də daha böyük təsir bağışladı, nəinki bizim gerçəkləşdirdiyimiz islahatlar”. (Eng: “For people in countries like Azerbaijan or Russia or Central Asia, the way I went, left office, maybe had a bigger impression than the reforms we passed.”)

Ümumilikdə isə, Saakaşvili “Christian Science Monitor”la söhbətində əsasən Ukrayna hadisələrindən danışır, Rusiya barədə fikirlərini dilə gətirir. Azərbaycanın adını isə, qeyd etdiyimiz kimi, cəmi bir dəfə çəkir və orada da “Azadlıq”ın iddia etdiyi kimi “Saakaşvilinin Əliyevi vurması” halı yoxdur. Heç ola da bilməz. Çünki Saakaşvili Prezident İlham Əliyevi özünün və ölkəsinin ən yaxın dostu sayır. Üstəlik, 2013-cü ilin prezident seçkisi öncəsi onun İlham Əliyevə verdiyi dəstəyi də görmədik deyil. Demək istədiyimiz budur ki, bir qəzet öz siyasi təbliğatında gözlə görüləcək gerçəkləri belə inkar etməməlidir.

Bəlkə də bu məsələnin üzərindən keçmək olardı. Əgər bənzər hallar əvvəllər də olmasaydı və bəzi siyasi fəallar həmin yanlış təqdimata əsaslanaraq Saakaşvili-Əliyev münasibətləri haqda uzaqgedən şərhlər verməsəydilər.

Örnək üçün, AXCP-nin liderlərindən olan Fuad Qəhrəmanlı “Azadlıq”ın yazdığına əsaslanaraq deyir ki, “indi isə Azərbaycan hakimiyyətinin isti münasibətdə olduğu Saakaşvilinin dilindən bu fikirlərin səslənməsi” sən demə, “Azərbaycan hakimiyyəti haqqında dünyada formalaşan birmənalı fikrin etirafıdır”.

Yaxud da “Azadlıq”dan sonra həmin yazını dərc etmiş “Yeni Müsavat”dakı fikirlərə baxaq.

Artıq burada daha da uzağa gedilir, daha bir siyasi şərhçidən Saakaşvilinin üzünün niyə döndüyü haqda fikri soruşulur. Təbii ki, “Yeni Müsavat”ı qınamaq fikrimiz yoxdur. Görünür bu qəzet “Azadlıq”a güvənərək yazını dərc edib və üstəlik müstəqil politoloq Natiq Mirinin fikirlərinə yer verib.

Və “Azadlıq” mənim qeydlərimi nəzərə almasa da ondan fərqli olaraq “Yeni Müsavat” həmin yazının altında yazdığım şərhi dərhal diqqətə alaraq az sonra “Saakaşvili Bakıdakı iqtidara elə deməyibmiş... – Düzəliş” adlı yazı dərc etdi. Təbii ki, qəzetin əməkdaşları “Christian Science Monitor”dan yazının orijinalını oxuyub düzəliş etmişdilər. Düzdür, “Yeni Müsavat”ın ilkin yazısındakı şərhimə şərh olaraq birisi yazmışdı ki, “siz gedin ingiliscə öyrənin”. Mən də cavab vermişdim ki, “bəlkə siz ingiliscə öyrənəsiniz?” Yəni sonda təsdiq edildi ki, mən haqlıyam. Buna hələ də şübhəsi olanlar isə buyurub hər dörd yazını ayrılıqda oxuya bilərlər:

“Christian Science Monitor”: Saakashvili: Ukraine is 'first geopolitical revolution of the 21st century'
“Azadlıq”: Saakaşvili də Əliyevi “vurdu”
“Yeni Müsavat”: Saakaşvili ABŞ-da Azərbaycan hakimiyyətinə qarşı çıxdı
“Yeni Müsavat”: Saakaşvili Bakıdakı iqtidara elə deməyibmiş... – Düzəliş 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !