Azər Həsrət : - Ermənidən çox erməni olanlarımız...

Azər Həsrət : Ermənidən çox erməni olanlarımız...

Yanvarın 28-də Azərbaycan mediası Tovuz rayonunda bir erməninin ələ keçirilməsi haqqında xəbər yaydı. Müdafiə Nazirliyi bu xəbəri təsdiqlədi. Və özü də “silahlı və yaralı” bir erməninin ələ keçirilməsi kimi. Həm də deyilir ki, bu adam erməni diversiya qrupuna bələdçilik edirmiş. Biz bu nazirliyə inanırıq və şübhə etməyimiz üçün səbəb də yoxdur. Niyə şübhə etməliyik axı? Məgər ölkənin müdafiəsini bu qurum təşkil etmirmi? Məgər nazirliyin tabeliyində olan əsgərlər deyilmi gecə-gündüz səngərlərdə yatan? Yəni sərhəddə, təmas xəttində baş verənləri təbii ki, onlar bilir, biz deyil.

Məsələyə Ermənistan da dərhal reaksiya verdi. İddia edildi ki, ələ keçirilən erməni sərhəd kəndlərindən birində yaşayan psixi xəstəymiş. Üzüm yığmağa gedirmiş və çaşıb Azərbaycan tərəfə keçib. Təbii ki, düşmən tərəf iddia edir ki, Azərbaycan bundan şou düzəldir. Anlaşılandır. Çünki atəşkəs rejimi olsa da informasiya müharibəsi gedir və ermənilər də hər şəraitdə öz mövqelərini bizə və dünyaya sırıyırlar.

Anlaşılmayan bir şey də var. Azərbaycan mediasında və özəlliklə sosial şəbəkələrdə məsələyə verilən reaksiyaları şəxsən mən anlaya bilmirəm. Özbəöz vətəndaşlarımız, Azərbaycan vətəndaşının pasportunu daşıyan insanlarımız öz Müdafiə Nazirliyimizin mövqeyini gözardı edərək ermənilərin mövqeyini yüzdə yüz sübut və təbliğ etməklə məşğuldur! Bu yerda soruşmaq istərdim: siz kimsiniz? Siz “ayının əmisi oğlusunuz, ya Azərbaycanın”?

“Bizimkilər” iddia edir ki, o erməni sərsəriyə oxşayır, ondan bələdçi, diversant olmaz. Adamın çoban olduğunu da deyir və yazırlar. Tamam, ilk baxışdan elə təsir bağışlayır. Hərbidən, ordudan, savaşdan anlamayanlar belə düşünə bilər bəlkə də. Amma bir şeyi də unutmaq lazım deyil: hər halda bu xəbəri Müdafiə Nazirliyimiz verib axı. Təbii ki, kimin çoban, sərsəri, kimin də diversant-bələdçi olduğunu onlar bizdən yaxşı müəyyən edə bilər, deyilmi? Elə isə bəzi şəxslər ermənidən çox ermənilik edərək özünə nə əl qatıb? Nəyi sübut etmək istəyirsiniz siz? Ermənistan rəsmi təbliğatının mövqeyilə üst-üstə düşən mövqeyinizi nəylə izah edərdiniz? Şəxsən mənim üçün bu sualların cavabları çox maraqlı olardı.

İndi də gələk belə bir erməninin diversant və bələdçi olması ehtimalına. Bu Facebook “qəhrəmanları”ndan fərqli olaraq mən düşünürəm ki, həmin o “qoca və xəstə” erməni bələdçi rolu üçün ən uyğun şəxsdir. Niyə? Ona görə ki, o tutulanda Ermənistan rəsmi təbliğatı adamı “qoca və xəstə” kimi qələmə verə bilsin deyə. Bu qədər sadə yəni.

Bəs niyə bu adamı bələdçi olaraq seçiblər? Bunun da cavabı sadədir. Aşağıda izah edirəm.

Bu “qoca və xəstə” erməni Azərbaycana yaxın bir yerdə yaşayır. Deməli, ən azı Sovet dövründə sərhədlərimiz açıqkən onun hansısa dağ yollarıyla, gözdən uzaq cığırlarla Azərbaycana gəlib-getmişliyi olub yəqin ki. Yəni adamın yaşını nəzərə alsaq bizim bilmədiyimiz gözdən uzaq cığırları, dəlikləri tanıma ehtimalı çox yüksəkdir. Təbii ki, Ermənistan diversant qrupuna məhz belə bir bələdçi seçməliydi. İrəvandan, Gümrüdən, bilməm daha hardan gəlmiş 18-20 yaşlı gənclər, əlbəttə ki, heç vaxt görmədikləri bir ərazidə o “qoca və xəstə” erməni qədər istiqamət seçə bilməzlər. Üstəlik, tutulanda da adamı bir sərsəri kimi qələmə vermək üçün hər şeyi var. Bütün bunlar normal, savaşlarda sınanmış üsullardır və təbii ki, hərbidən az-çox anlayışı olan istənilən şəxs bu durumu anında deşifrə edə bilər. Elə bizim Müdafiə Nazirliyimiz də zaman itirmədən məsələnin məğzini müəyyən edib və ictimaiyyətə məlumat verib.

Ancaq “ermənidən çox ermənilik” edənlərimiz belə bir iddiada bulunur ki, adam tökülür, ondan bələdçi, diversant olmaz. Sanki düşmən üzərimizə diversant göndərəndə ütülü-kraxmallı köynəkdə, qalstukda birini göndərməliymiş! Nə deyəsən bu təfəkkürə?!

Bütün bu yanaşmaları təsadüf hesab etmirəm. Çünki Zakir Həsənov müdafiə naziri təyin ediləndən sonra ordumuzda diqqət çəkən gəlişmələr yaşanmaqdadır. Üstəlik, ictimai rəy də orduyla bağlı ümidlənməkdədir. Əsgərin nüfuzu, hörməti yüksəlir. Bu da öz növbəsində ordunun özündə ruh yüksəkliyinə, inama səbəb olur. Əvvəllər sıradan bir ölü kimi dəfn edilən şəhidlərimizə də münasibət dəyişib. Artıq şəhidlərimiz layiq olduqları şərəflə, dəyərlə torpağa tapşırılır. Az-çox əsgərdən, ordudan anlayanlar bütün bunların nə demək olduğunu bilirlər. Belə bir durum varkən öz içimizdəki ermənilər Ermənistan rəsmi təbliğatıyla səs-səsə verib Azərbaycan əsgərini, ordusunu gözdən salırlar! Bunlar deşifrə edilməli, hamısının kimliyi üzə çıxarılmalıdır! Orduyla bağlı xəbərlərin, şərhlərin tək qaynağı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olmalıdır! Kimsənin ağlına və ağzına gələn fikirləri tirajlaması doğru deyildir! Çünki belə yanaşma orduda da, ümumiyyətlə ictimai rəydə də çaşqınlığa, ruh düşkünlüyünə səbəb ola bilər! Elə Ermənistan da bunu istəmirmi? İstəyir! Düşünməliyik, deyilmi? 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !