20 Yanvar faciəsinə gedən yol -

20 Yanvar faciəsinə gedən yol

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" ("Zərbə") adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "Alfa" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sonradan isə məlum oldu ki, Bakıya hücum çəkib qırğın törədən hərbi hissələrin şəxsi heyəti arasında cinayətkarlar və ermənilər də olub. Beləliklə, sovet qoşunlarının təcavüzü nəticəsində təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 800 nəfərdən çox adam yaralandı. Vəhşiləşmiş hərbçilər tərəfindən 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, o cümlədən təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Ölkənin baş meydanındakı tribunadan SSRİ rəhbərliyini hədələyənlər və xalq hərəkatına rəhbərlik etdiklərini bildirənlər, özlərini "liderlər" adlandıranlar isə faciə zamanı xalqla birgə olmadılar. Bu isə onların bir daha hakimiyyətə gəlmək üçün oyunlar oynadığını və bu məqsədlə xalqı qırğına verməyə hazır olduqlarını göstərirdi.

 

Faciəyə etiraz səsini birinci ucaldan ümummilli lider Heydər Əliyev oldu

 

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız ertəsi gün şəhər hərbi komendantı Dubinyakın radio ilə çıxışında və vertolyotlardan səpilən vərəqələrdə bildirildi. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.

Ən acınacaqlı hal isə o idi ki, respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir tədbir görmədi, cinayətin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışdı. Moskvanın qabağında həmişə mütilik göstərən, faciə törənən gecə isə qorxusundan tələm-tələsik respublikadan qaçan Ə.Vəzirov, həmin günlərdə əli xalqın qanına boyansa da, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən A.Mütəllibov bu dəhşətli faciənin izlərini nəyin bahasına olursa-olsun ört-basdır etməyə, xalqın haqq səsini fövqəladə rejim tətbiq etməklə boğmağa çalışırdı.

O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu ilk və mütəmadi olaraq yaran Heydər Əliyevin haqq səsi və dəyişməz mövqeyi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi:

"Əziz həmvətənlərim, xanımlar və cənablar!

Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm. Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün ikiillik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

Bunlar üçün, ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Vəzirov müqəssirdir. Yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır?

Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi.

Ancaq iş təkcə bununla bitmir. İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət, heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər.

Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir? Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov, xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".

Heydər Əliyev bu bəyanatı verməklə ittifaq rəhbərlərinin kəskin təzyiq və təsirlərinə məruz qalacağını gözləri önünə gətirsə də, özünəməxsus qətiyyət və cəsarət nümayiş etdirdi. Həyatının hər an təhlükədə olmasına baxmayaraq qətiyyətlə dünyaya faciənin hüquqi-demokratik prinsiplərə zidd olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün SSRİ və Azərbaycan SSR rəhbərliyi tərəfindən həyata keçirildiyini bəyan etdi.

Elə həmin gün Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda deyilirdi: "Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram".

 

İlk hüquqi-siyasi qiymət

 

Heydər Əliyev 1990-cı ildə Naxçıvana gəldi və həmin ilin payızında keçirilən seçkilərdə Naxçıvan və Azərbaycan parlamentinə deputat seçildi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi onu ciddi narahat edirdi. 1990-cı ilin noyabr ayında ulu öndərin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə prinsipial qiymət verilməsi məsələsi yenidən gündəliyə gəldi. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının noyabrın 21-də keçirilən iclası yadda qaldı. Heydər Əliyev xalq deputatı kimi "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etdi.

Elə həmin sessiyadakı çıxışında xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmasından narahatlıqla danışan ulu öndər Heydər Əliyev ürək yanğısı və qətiyyətlə deyirdi: "Başımıza böyük bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu faciəli hadisəyə qiymət verilməyib... Bu qədər qanunsuzluğa, demokratiyanın pozulmasına dözmək olmaz. Bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın ali hakimiyyət orqanından tələb etməliyik ki, bu məsələyə baxsın və günahkarlar cəzalandırılsın".

Heydər Əliyevin xalqın milli faciəsi ilə bağlı qaldırdığı taleyüklü məsələ xalq deputatları tərəfindən qətiyyətlə müdafiə olunurdu. Ali Məclisin birinci sessiyasında "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul edildi.

Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarından:

"Yanvar faciələrinin səbəbkarlarının - istər ittifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərinin bugünədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır:

1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsinə, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmamasına, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.

Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi qeyd edilsin.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli matəm günü kimi qeyd edilsin".

Göründüyü kimi, qərarda 20 Yanvar hadisələri Azərbaycanın suveren hüquqlarına, dinc əhaliyə, heç bir müqavimət göstərməyən günahsız adamlara, Azərbaycan xalqına qarşı açıq təcavüz kimi qiymətləndirilir. Həmçinin Azərbaycanın o vaxtkı rəhbərliyinin cinayətkar fəaliyyəti bir daha qeyd olunaraq deyilir ki, qanlı Yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq, faktiki olaraq faciədən ötən müddət ərzində heç bir tədbir görülməmişdir. Qəribə idi ki, respublika Ali Sovetinin Yanvar hadisələrini təhqiq etməli olan komissiyası da öz işi ilə məşğul olmamışdır. Respublika rəhbərliyinin bu etinasızlığı haqlı olaraq xalqda hiddət və etiraz doğururdu.

Sovet hakimiyyətinin süqutundan, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışmış siyasətbazlar xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar.

Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti bu və ya digər dərəcədə onların da üzərinə düşürdü. Düzdür, həmin dövrdə müxtəlif siyasi platformalardan çıxış edən ayrı-ayrı siyasi partiyalar 20 Yanvar faciəsi ilə bağlı bütün günahları Moskvanın üzərinə atmağa cəhd göstərmişdilər. Amma ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışına qədər nə A.Mütəllibov, nə də AXC-Müsavat iqtidarı tərəfindən faciəyə siyasi qiymət verilməsi üçün heç bir iş görülmədi.

Ulu öndər Heydər Əliyev isə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə və digər istiqamətlərdə də davam etdirir, böyükdən kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışında deyirdi: "1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir".

Ulu öndər Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubunda yazırdı: "Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi... Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil".

Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında çıxışında isə Heydər Əliyev deyirdi: "20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur".

 

Milli Şura tərəfindən qəbul edilmiş qərar xalqa xəyanət idi

 

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi qarşıya qoyulmuş günün tələbi idi. Ulu öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarlarının araşdırılması ilə də məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələr var imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən yararlanmaq istəyirmişlər. Ulu öndər Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu sənəddə yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Respublika səviyyəsində 20 Yanvar faciəsinə tam siyasi- hüquqi qiymətin verilməməsini ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli Şura tərəfindən qəbul edilmiş səti və başdansovdu qərarın xalqa xəyanət olduğunu bəyan etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi yenə də deyirəm, xəyanətdir".

1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər sənəddə qeyd olundu. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.

 

Şəhidlərin xatirəsi həmişə uca tutulacaq

 

Təəssüf ki, zamanın və şəraitin doğurduğu səbəblərdən 20 Yanvar faciəsini törədənlər hüquqi müstəvidə layiq olduqları cəzanı almadılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi: "XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar".

"20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş insanlara "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Bakının ən uca nöqtəsində yerləşən Şəhidlər xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: "Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

 

20 Yanvar hadisəsinin araşdırılması istiqamətində ilk elmi-analitik yanaşma

 

20 Yanvar qırğını barədə indiyədək çox yazılıb. Onlarca məqalə, kitab, illüstrasiya materialları dərc olunub. Lakin faciəyə elmi-analitik yanaşma ilk dəfə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri" əsərində öz əksini tapmışdır. Həmin əsərdə qanlı faciə bir neçə aspektdən - dini, milli, Qafqaz amilləri və geosiyasi aspektlərdən, Dağlıq Qarabağ problemi kontekstindən araşdırılmış, qanlı Yanvarın ibrət dərsləri təhlil edilmişdir.

Akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri" kitabı 20 Yanvar qırğınının tarixinin doğru-düzgün işıqlandırılması sahəsində çox mühüm elmi hadisədir. Bu əsər 20 Yanvar faciəsinin tarixşünaslığına qiymətli bir töhfədir. Akademik Ramiz Mehdiyevin əsərinin bu vaxtadək 20 Yanvar barədə yazılanlardan ən mühüm fərqi, həm də başlıca məziyyəti burasındadır ki, müəllif ilk dəfə olaraq 20 Yanvarı dərin tarixi-elmi planda və ümumdünya tarixi kontekstində qələmə alıb. Görkəmli alim 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciənin tarixi və sosial-siyasi köklərini araşdırıb üzə çıxarır, ona çox geniş məkanda və uzun zaman kəsiyində nəzər salır, mühüm ümumiləşdirmələr aparır, 20 Yanvara gələn tarixi yolu addım-addım izləyir, təhlil edir və bu faciə ilə əlaqədar olan hadisələri, prosesləri elmi araşdırma süzgəcindən keçirir. Dünyanın geniş oxucu kütlələrinə təqdim olunan bu əsərin ən uğurlu cəhəti onun obyektivliyində, elmiliyindədir. Müəllif bu dəhşətli cinayəti araşdırarkən emosionallıqdan uzaqda durmağı bacarmış, baş verən hadisənin tarixi köklərini və gedişini öz oxucularına soyuqqanlılıqla, vicdanlı bir alim mövqeyindən təqdim etməyi bacarmışdır.

Akademik Ramiz Mehdiyev 20 Yanvar hadisələrinin səbəbləri barədə yazır: "Yanvar faciəsinin bir çox səbəbləri var, onun kökləri tarixin dərinliklərinə gedib çıxır. Yenidənqurma onların inkişafını ancaq sürətləndirdi, labüd faciənin son mərhələsini yaxınlaşdırdı. Bəs bu səbəblər ümumən hansılardır? Əvvəla, mərkəzin sovet imperiyasını, kommunist sistemini nəyin bahasına olursa-olsun, qoruyub saxlamaq cəhdi; ikincisi, milli respublikalarda hakimiyyəti və oyuncaq rejimləri möhkəmlətmək cəhdi; üçüncüsü, SSRİ rəhbərlərinin Azərbaycan xalqı barəsində qərəzli siyasəti, yenidənqurma haqqında demaqoqcasına şüarlar altında sərhədləri dəyişdirmək və xüsusən Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdi; dördüncüsü, keçmiş mərkəzin mənəvi, siyasi, maliyyə və hərbi-iqtisadi yardımına əsaslanan erməni separatizmi və Ermənistanın təcavüzü; beşincisi, Azərbaycan rəhbərlərinin xəyanətkar fəaliyyəti; altıncısı, ayağa qalxmış xalqa rəhbərliyi məsuliyyətsizcəsinə öz əllərinə alanların naşılığı və siyasətbazlığı".

Akademik Ramiz Mehdiyev əsərdə haqlı olaraq belə bir məsələ qoyur ki, nə üçün sovet ordusunun Tbilisidə (1989) və Vilnüsdə (1991) həyata keçirdiyi cəza əməliyyatlarından fərqli olaraq, Bakıda bu qədər genişmiqyaslı və qəddarcasına qırğın törədildi? Özü də bu qırğınların cəlladı M.Qorbaçov gürcü və Litva xalqlarından üzr istədiyi halda Azərbaycan xalqından nə üçün üzr istəmədi? Müəllif bunu başlıca olaraq üç amillə əlaqələndirir: dini amil; Qafqaz amili; türk amili.

20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazıldı. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Azərbaycan xalqı həmin gün azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etdi. Bu faciə kimin kim olduğunu da üzə çıxardı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan" 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !