ADU-da Çin Ay təqviminə görə Yeni il bayram tədbiri keçirildi -

ADU-da Çin Ay təqviminə görə Yeni il bayram tədbiri keçirildi

Yanvarın 28-də Azərbaycan Dillər Universitetində (ADU) “Çin adət-ənənələri: tarixi və bu günü” ədəbi-bədii tədbirlər silsiləsindən Çin Ay təqviminə görə Yeni il bayram tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Çin təqviminə əsasən Çində At işarəsinin himayəçiliyi altında keçirilən Yeni il bayramının qeyd olunma ənənələrindən danışdı.

Eyni zamanda, o, Azərbaycanın ənənəvi qədim Qarabağ “Çovqan” at oyunlarının 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının simvolik əhəmiyyət daşıdığını və Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin qorunması və onun dünya ictimaiyyətinə tanıdılması sahəsində gördüyü işləri xüsusi qeyd etdi.
Öz çıxışında Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Li Yonghui Çində ailələrin Yeni ili qeyd etmə ənənəsi haqqında məlumat verərək qədim Çin mədəniyyətinin təbliğatı mərkəzinə çevrilən Azərbaycan Dillər Universitetində Çin ənənələri ilə bağlı tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov ADU-da Çin dilinin tədrisinin əhəmiyyətini qeyd etdi və Çinin müasir siyasi, iqtisadi və mədəni həyatına həsr olunmuş tədbirlərin həyata keçirilməsində göstərdikləri yardıma və fəal iştirakına görə Çin diplomatlarına təşəkkürünü bildirdi.
Tədbirdə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri ayrı-ayrı Çin sülalərinə məxsus bayram-mərasim geyimləri və onların bədii özünəməxsusluğu, ənənəvi Çin qadın geyimlərinin növləri, qədim Çin mədəniyyətində rənglər və ornamentlərin simvollarının fəlsəfəsindən danışdılar. Tədbir çərçivəsində fakültənin Çinşünaslıq ixtisasında təhsil alan tələbələrinin kalliqrafik applikasiya dizaynı ilə hazırladıqları qadın geyimləri kolleksiyasının yer aldığı “Dəbli hieroqlif” adlı moda nümayişi oldu.

Tədbirin sonunda ÇXR-nın Azərbaycandakı səfirliyinin əməkdaşlarının ifasında qədim Çin simli alətində Çin mahnısı səsləndirildi və xalq rəqsləri nümayiş olundu. Tədbirdə ənənəvi Yeni il şirlərinin rəqsləri təqdim olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !