Azər Həsrət : - Gücümüz var və savaşmalıyıq!

Azər Həsrət : Gücümüz var və savaşmalıyıq!

 Son günlərin atəşkəs pozuntuları bir yandan şəhid verməyimizə səbəb olursa, digər yandan da artıq dünyanın unutmaqda olduğu Ermənistan-Azərbaycan münaqişəsini gündəmə gətirmək baxımından faydalıdır. Şəxsən dəfələrlə şahidi olmuşam ki, hətta Azərbaycan qədər özümüzə doğma bildiyimiz Türkiyədə belə bəzən insanlar sakitliyi nəzərdə tutaraq bu münaqişənin bitdiyini dilə gətiriblər. Adamlara izah edəndə ki, Azərbaycan torpaqları hələ də işğal altındadır, təəccüb də ediblər. Çünki münaqişə haqqında Türkiyə mediası ümumiyyətlə susqunluq göstərir. Azərbaycandan söz düşəndə isə daha çox ölkənin iqtisadi imkanları, neft və qaz kəmərləri, milyardlarla ifadə edilən maliyyə yatırımları, hər gün bir az daha sürətlə inkişaf edən bir ölkə göz önünə gəlir. Bunun yanında getdikcə çökməkdə olan kasıb bir Ermənistan dövlətindən də söz edilir. Məntiqlə Azərbaycan bu imkanlarıyla Ermənistanı çoxdan ayağının altına almış olmalıydı. Ancaq hələ ki, almayıb...

Qərb mediası və ictimai rəyi isə təbii ki, bizimlə o qədər də maraqlanmır. Daha doğrusu, Ermənistanla olan münaqişəylə maraqlanmır. Çünki onları bir qayda olaraq Azərbaycanın NATO-dakı, Avropa Birliyi kimi qurumlardakı rolu, neft, qaz boruları maraqlandırır. Bir də ölkəmizə basqılar üçün hazır səbəblər ürətən beynəlxalq insan haqları qurumları var ki, bəzən də fantastik iddialarla Azərbaycanın üzərinə gəlirlər. Yəni dünyanın, əslində, bizimlə, bizim Ermənistanla münasibətlərimizlə heç işi də yoxdur. Sadəcə olaraq bu məsələ haqqında danışılanda münaqişənin sülh yoluyla çözülməsi üçün növbətçi bəyanatlar verirlər. Bu da qəbul edilmiş adi qaydadır. Sabah savaş qızışarsa o dövlətlərin heç biri gəlib Azərbaycana qarşı savaşda iştirak edən deyil.

Savaşda heç Ermənistanı vassalı kimi himayə edən Rusiya da iştirak edən deyil. Bəzən deyirlər ki, Ermənistanla savaş başlarsa Rusiya onun arxasında duracaq. Şəxsən mən düşünürəm ki, indiki halda Rusiya bu qədər böyük riskə getməyəcək. Çünki burada məsələ sadəcə Azərbaycan-Ermənistan məsələsi deyil. Bu həm də Türk dünyasının məsələsidir ki, bunun da bir hissəsi hələ də Rusiyanın işğalı altındadır. Bəli, məhz işğalı altında. Və Türk dünyasının həmin işğal altındakı bir parçası Rusiyanın özünə qarşı çevrilmək üçün zatən bəhanə gözləməkdədir. Bunu biz anlayırıqsa, Rusiya bizdən də öncə anlayır. Bir də islam adına Rusiyaya qarşı çıxmaqda olan kəsim var ki, onlar da Ermənistan məsələsindən həvəslənərək bu imperiyaya qarşı intensivləşə bilərlər. Ona görə də Rusiyanın hazırda 20-25 il öncə olduğu kimi Ermənistanın tərəfini açıq şəkildə tutması, öz ordu bölmələrini onun sərəncamına verməsi ağlabatan deyil.

Demək istədiyim budur ki, hazırda bütün şərtlər Azərbaycanın xeyrinədir. Üstəlik, ölkəmizin iqtisadi imkanları, əhalinin döyüş ruhunun yüksək olması da bizim bir an öncə atəşkəsi durmadan pozan Ermənistana qarşı hərbi əməliyyatlara başlamağımıza əsas verir. Zatən qarşılaşdırılacaq rəqəmlər də hər şeyin bizim xeyrimizə olduğunu deyir. 2014-cü il üçün Azərbaycanın təkcə hərbi büdcəsi 3,8 milyard dollardırsa, Ermənistanın ümumi dövlət büdcəsi cəmi 2,8 milyard dollardır. Şərhə ehtiyac varmı? Yaxud da Azərbaycan əhalisinin sayı hazırda 9,5 milyondursa, Ermənistanda bu rəqəm 2,5 milyon civarındadır. Hələ mən əlimizdəki silah-sursatı, zirehli texnika və hava qüvvətlərini demirəm. Bütün qarşılaşdırmalar bizim Ermənistandan bir neçə dəfə güclü durumda olduğumuzu göstərir. Deməli, savaşmaq üçün hər şeyimiz, gücümüz var və savaşmalıyıq!

Hə, bir də son günlərin olayları Türk dünyasının hər tərəfində yaxşı mənada əks-səda doğurur. Orta Asiya, Türkiyə və hətta Balkanlardan belə dostlarımız əlaqə saxlayaraq könüllü şəkildə Azərbaycan ordusuna qoşulmaq istədiklərini deyirlər. Və şübhə etmirəm ki, bunu söz xatirinə demirlər. Çünki bunun örnəyini daha öncə də görmüşdük.

 Azer Hasret

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !