Azərbaycanın İrandakı Səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümünü anma mərasimi təşkil edilmişdir -

Azərbaycanın İrandakı Səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümünü anma mərasimi təşkil edilmişdir

2014-cü il yanvarın 20-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümünü anma mərasimi təşkil edilmişdir.

Mərasimdə İranın dövlət və hökumət üzvləri, Tehrandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, İranda təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak etmişlər.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov mərasimdə çıxış edərək, 20 Yanvar faciəsinin başvermə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat vermişdir. Səfir bildirmişdir ki, bu cinayətin törədilməsində məqsəd Azərbaycan xalqının mübarizə əzmini qırmaq olmuşdur. Lakin hərbi təcavüzün ağır fəsadlarına baxmayaraq, Azərbaycan xalqı amansız düşmənə boyun əyməmiş, mübarizə əzmini daha da gücləndirmişdir. Həmçinin səfir vurğulamışdır ki, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq təfəkkürünün təkmilləşdirilməsində xüsusi yeri vardır.

Səfir Cavanşir Axundov o zaman Moskvada güclü nəzarət və təzyiq altında olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hadisədən dərhal sonra öz həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, orada dünyanın nüfuzlu kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirərək baş verən hadisəni şiddətlə qınaması, cinayətkarların cəzalandırılması tələbi ilə çıxış etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması və onları Azərbaycanın səsinə səs verməyə çağırması barədə iştirakçılara məlumat vermişdir.

Mərasimdə o zaman Bakıda İİR Səfirliyində çalışmış, hazırda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 3-cü idarəsinin rəis müavini Bağban Kondori, İİR Ekologiya Nazirliyinin müşaviri, Dünya Dinlər Araşdırma Mərkəzinin üzvü Əli Əşrəf Moctəhed Şəbüstəri, Tehran Universitetində fars ədəbiyyatı üzrə doktorantı Mamadu Seydi Lamine faciə ilə bağlı öz fikirlərini bölüşmüşlər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən kitab, jurnal, buklet və qəzetlərdən ibarət guşə ilə tanış olmuşlar.

Tədbirlə bağlı İran KİV-də məqalələr dərc edilmişdir: 

http://mehrnews.com/detail/Photo/2217987#ad-image-11

http://mehrnews.com/detail/News/2218002
http://www.tehrantimes.com/politics/113557-black-saturday-commemorated-at-azerbaijan-embassy-in-tehran

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !