Milli Təhlükəsizlik Nazirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anma tədbirləri keçirilmişdir -

Milli Təhlükəsizlik Nazirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anma tədbirləri keçirilmişdir

General-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, Vətənimizin azadlığı naminə və torpaqlarımızın qorunmasında rəşadət və şücaət nümunələri göstərmiş milli təhlükəsizlik orqanlarının şəhid əməkdaşlarının xatirəsi də ehtiramla yad olunmuş, məzarları üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulmuşdur.
Anma mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Akademiyanın foyesində 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Mərasim açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.
Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdikləri cinayətlərdən danışmışdır.
Bildirilmişdir ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrini öz tarixinin həm faciə, həm də qəhrəmanlıq səhifəsi olaraq yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa bağlılığını, azadlıq eşqini şəhidlərinin müqəddəs qanı ilə bütün dünyaya nümayiş etdirdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız özünün ümdə arzusuna çatdı, milli azadlığına qovuşaraq dövlətçiliyini yenidən bərpa etməyə nail oldu.
General-mayor İ.Allahverdiyev bildirmişdir ki, Azərbaycan xalqı məhz o günlərdə böyük və acı bir həqiqəti – xalqın önündə həqiqi liderin olmamasının faciəli nəticələrini gördü. Belə bir lider – zamanın ağır sınaqlarından çıxmış ümummilli lider Heydər Əliyev isə o vaxt Azərbaycandan, Bakıdan uzaqda – Moskvada xüsusi nəzarət altında yaşayırdı. Lakin bu maneələrə baxmayaraq, bütün varlığı ilə Vətəninə və millətinə bağlı olan böyük vətənpərvər Heydər Əliyev xalqının səsinə birinci səs verdi.
Ümummilli Liderimiz özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra - 1990-cı il yanvarın 21-də bütün ağır məqamlarda – istər ailə və istərsə də Vətən üçün ən çətin və məsuliyyətli anlarda daim atasının, Azərbaycanın güvənc yeri Heydər Əliyevin yanında olan İlham Əliyev ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Əsl vətənpərvər, dahi şəxsiyyət Heydər Əliyev imperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirdi, faciəni törədənlərin cəzalandırılmasını tələb etdi.
General-mayor İ.Allahverdiyev məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardım və kömək üçün imzaladığı sərəncamların Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş insanların xatirəsinə böyük ehtiramın əyani göstəricisi olduğunu bildirmişdir.
İ.Allahverdiyev demişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmiz böyük uğurlara imza atmışdır. Dövlətimizin başçısı müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşır.
Gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Bu gün Azərbaycan gənclərinin qarşısında duran vəzifələr bəllidir. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı gənc öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməli, səfərbər və əsl vətənpərvər olmalıdır. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.
Tədbirdə çıxış edən akademiyanın dinləyicisi, baş leytenant F.Babayev, kursantlar K.Məmmədov və İ.Əliyev qanlı 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşmüş, Azərbaycanın müstəqilliyi, dövlətimizin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və sözsüz yerinə yetirməyə hazır olduqlarını bildirmişlər.
Mərasimin sonunda “Dolu” bədii filmi nümayiş etdirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !