20 Yanvar hadisələri zamanı əlil olmuş vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə edilib -

20 Yanvar hadisələri zamanı əlil olmuş vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə edilib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Fonddan AzərTAc-a bildirmişlər ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra fondun sədri Elman Mehdiyev çıxış etmişdir.
Bildirmişdir ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar hadisələri Azərbaycan xalqının təkcə faciə günü yox, həm də müstəqillik uğrunda aparılan mübarizənin yüksəliş zirvəsidir.
E.Mehdiyev həmin dövrdə baş verən tarixi prosesləri xatırladaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.
DSMF-in sədri bildirmişdir ki, ulu öndərin vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımız xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması istiqamətində əsasını qoyduğu dövlət siyasəti möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərə toxunan E.Mehdiyev vurğulamışdır ki, bu faciənin qurbanlarının sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılıb, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi barədə müxtəlif fərman və sərəncamlar verilmişdir.
Daha sonra tədbirdə Xalq artistləri İlham Əsgərov və Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !