ADU-da 20 yanvar şəhidlərinin xatirəsi anıldı -

ADU-da 20 yanvar şəhidlərinin xatirəsi anıldı

Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) 20 yanvar faciəsinin 24-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Universitetin tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyin qarşısında keçirilən tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, Milli Məclisin deputatı , professor Səməd Seyidov 1990-cı il 20 yanvar hadisələrindən 24 il keçdiyini bildirərək bu tarixin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirdi.
Hadisələri canlı yaşadıqlarını söyləyən ADU rektoru tədbirdə iştirak edən tələbələrin böyük əksəriyyətinin həmin hadisələr haqqında kitablardan, arxivlərdən öyrəndiklərini nəzərə çatdırdı. Rektor S. Seyidov ADU-nun tələbəsi olmuş 20 yanvar şəhidi Ülvi Bünyadzadənin adına yaradılmış açıq muzeyin önündə toplaşan gəncliyi onun kimi cəsur, vətənpərvər görmək istədiyini dedi. Ülvi Bünyadzadənin bundan sonra da, onilliklər, yüzilliklər boyu universitetdə əbədi iz qoyduğunu və bu şərəfli, qısa ömür yolu ilə Azərbaycan tarixinə yazıldığını bildirdi. S. Seyidov dedi ki, bəzən 20 yanvar hadisələrini “Qara gün, faciə” adlandırırlar: “Əgər 24 il əvvəl bu hadisələr hüzn günü, faciə kimi dəyərləndirilirdisə, bu gün o hadisələri xatırlayanda bu faciəni millətin ən yüksək zirvəsi kimi anırıq”.
24 il bundan əvvəl Azərbaycan xalqının xalqlar içərisində ən yüksək mərhələyə çatdığını qeyd edən S. Seyidov xalqın 20 yanvar tarixini şərəf tarixinə çevirdiyini xatırlatdı: “Müstəqilliyi əldə etmək çətin, qorumaq ondan da çətindir. Müstəqilliyi qorumağın da ən əsas şərtlərindən biri tarixi yaddaşı qorumaqdır. Tarixi yaddaşı olmayan millət, öz qəhrəmanlarını xatırlamayan millət, gənclərini öz qəhrəmanları ilə formalaşdırmayan millət dünyada yaşamaq haqqını qazana bilməz”.


Rektor Səməd Seyidov 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini sözlərinə əlavə etdi.
20 Yanvar hadisələri barəsində danışan ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının müdiri, professor Fikrət Cahangirov bildirdi ki, Azərbaycan xalqı müstəqilliyi igid övladlarının qanı bahasına qazandı.
Hadisələrin canı şahidi olmuş Müasir Alman dili kafedrasının dosenti Çərkəz Qurbanlı 20 yanvar faciəsi haqqında danışmağın həm asan, həm də çətin olduğunu qeyd etdi. Hadisələrin bilavasitə iştirakçısı olsa da, qismətinə şəhidlik yazılmadığını bildirən Ç. Qurbanlı şahidi olduğu anlardan danışdı.
İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov 20 Yanvarın ciddi şəkildə düşünülmüş, ətraflı planlaşdırılmış hadisə kimi xarakterizə etdi. O, həmin gün yaşananlar barəsində tədbir iştirakçılarına məlumat verdi.
Anım tədbirində Pedaqoji fakültənin II kurs tələbəsi Nərgiz Məmmədova “Şəhidlər” şeirini söylədi.
Qeyd edək ki, tədbirdən əvvəl universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını, o cümlədən universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin məzarını ziyarət ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !