Bəxtiyar SADIQOV : - FƏRARİ VƏ DÖNÜK JURNALİSTLƏR «MÜKAFATLANDIRILIRLAR»

Bəxtiyar SADIQOV : FƏRARİ VƏ DÖNÜK JURNALİSTLƏR «MÜKAFATLANDIRILIRLAR»

 Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik.

 

İlham ƏLİYEV

 

 

Bu gün Azərbaycanda qəzet açmaq, jurnalistlik fəaliyyəti ilə məşğul olmaq çox asandır!

Bu gün istənilən xarici ölkəyə getmək, əcnəbi universitetlərdə təhsil almaq asanlıqla mümkündür!

Bu gün keçmiş dövrə nisbətən daha varlı və firavan, gen-bol yaşamaq imkanı daha genişdir!

Bunun üçün iş qurmaq, pul qazanmağı bacarmaq, zəhmət çəkib ağıl işlətmək lazımdır.

Hər şeyi dövlətdən ummağın, bütün uğursuzluqlarda dövləti günahlandırmağın, hətta həyatın alınmayanda dövləti, cəmiyyəti təqsirkar saymağın vaxtı çoxdan keçib!

Sosializm cəmiyyətində dövlət hər şeyi öz boynuna götürmüşdü.

Kapitalizmdə isə kim necə bacarır, həyatını necə qurub nə qədər qazanırsa, elə də yaşayır!

Sovet təfəkküründən, süni şəkildə, dövlətin gücü ilə insanların "bərabərləşdirilərək" hamının yaxşı yaşadılması psixologiyasından qurtarmaq lazımdır!

İnsanlar fiziki və ya əqli əməklə məşğul olurlar, bunların növləri isə xeyli çoxdur. Kimin qabiliyyət və bacarığı, istedadı hansına çatırsa, onu da seçir!

Çörəyini qələmlə qazanmaq isə həm çətindir, həm də xüsusi istedad tələb etdiyindən hər insana nəsib olmayandır!

Ölkəmiz sərbəst bazar iqtisadiyyatı münasibətlərinə keçəndən, mətbuat və söz azadlığı bərqərar olunandan sonra jurnalistika sahəsinə meyil edənlərin sayı dəfələrlə artıb! Müstəqil qəzetlərdə, informasiya agentliklərində, elektron mediada ixtisası olan da, olmayan da çoxsaylı insan çalışır.

Onların sırasında istedadlıları da var, bu sahəyə şöhrət, qazanc dalınca gələn qabiliyyətsizləri də!

Çoxu da özündən razı, hətta bəzən müştəbehdir!

Amma kimin özü haqqında nə düşünməsindən asılı olmayaraq oxucu hansı KİV-i və hansı jurnalisti sevib oxumasını özü müəyyən edir!

Burada zor və ya "tanışlıq" keçmir!

Odur ki, hər bir qələm əhli uğurunun da, uğursuzluğunun da səbəbini ilk növbədə özündə axtarmalı, özündən razı, yaxud narazı qalmalıdır!

Daha təqsiri dövlətdə, başqalarında axtarmalı deyil!

Hər sahənin özünəməxsus fərarisi də olur!

Ən ağır fərarilik orduda sayılır!

Vətəni dar gündə qoyub qaçmaq, onun müdafiəsindən imtina etmək həm də xəyanət sayılır!

Bəzən insanlar müxtəlif səbəblər üzündən Vətəni tərk etməli olurlar.

Təhsil almaq üçün, sevgisinin ardınca, yaxud bir parça çörək qazanmaqdan ötrü xaricə üz tutanlar çox olur. Belələrinin bir qismi ömürlük qəriblikdə qalır.

Qürbətdə yaşamaq tale yazısıdır, qismətdir!

Həm də qeyri-adilik sayılmır, normaldır!

Anormalı odur ki, xaricə gedəndən sonra Vətənini, doğmalarını, yaxınlarını və dostlarını unudasan, dilini, adət-ənənəni yaddan çıxarasan!

Xaricdə yaşayaraq dövlətinin və xalqının maraqlarına qarşı çıxmaq isə əsl rəzalətdir!

Bu, əsgər fərariliyinə bənzəyən xəyanətdir!

Doğrudur, bəzən belə dönükləri mükafatlandıranlar tapılır!

Amma heç bir mükafat tənə, qınaq, nifrət damğasını ört-basdır edə bilməz!

Müstəqillik dövründə Avropada Azərbaycandan getmiş "fərari və dönük jurnalistlər dəstəsi" yaranıb. Tərkibinə hər iki cinsdən olan müxtəlif yaşlı və düşüncə tərzinə malik insanlar daxildir.

Təhsil ardınca gedib geri qayıtmayan, özünə qüzəran quraraq ömür sürən, yaxud başqa səbəbdən özlərinə yeni vətən tapanlarla işimiz yoxdur! Tale və yaşayış yeri seçimləri özlərinindir!

Antiazərbaycançı şəbəkəyə qoşulub dönük çıxan fərarilərin məsələsi isə bambaşqadır!

Əslində, onlar "mükafatlanmaq", şəxsi güzəranlarını yaxşılaşdırmaq naminə belə addım atırlar. "Mükafat" isə siyasi sığınacaq, yaşamaq üçün mənzil, maddi yardım, ərzaq təminatıdır. Artıq qazanmaq istəyənlər isə "əlavə işlər" görməlidirlər.

"Mükafat" hərisliyi bəzilərini "artıq işlərə" sövq edir.

Bu barədə danışmazdan əvvəl "fərariliyin" mexanizminə diqqət yetirək.

Adətən Avropaya getmək, o "mükafatlar"dan almaq niyyətinə düşənlər irəlicədən "hazırlıq işləri" görürlər (vaxtilə "Yeni Müsavat", "Azadlıq" və digər qəzetlərdə çalışanlar, habelə hüquq müdafiəçisi, bloqqer kimi "fəaliyyət" göstərənlər bu yolu keçiblər). Ən rahatı "jurnalist" vəsiqəsinə yiyələnməkdir. Bunun üçün xüsusi təhsil tələb olunmur. Hansı "üsullasa" redaksiyaların birində işə düzələrək müxbir vəsiqəsi "almaq" çox asandır. Sonra ayrı-ayrı dövlət məmurları, insanlar haqqında şər-böhtan xarakterli, bəzən təhqiredici yazılar yazılmalıdır. Məqsəd məhkəməyə verilməkdir. Hətta məhkəmədə uduzaraq cəzalandırılmaqdır (lap cüzi məbləğdə cərimə də olsa). Bu, sonrakı "uduş" üçün "uğurlu" addım sayılır.

Ən "yağlı" faktlardan biri icazəsiz kütləvi aksiyalarda iştirak edərək asayişi pozmaq, polisə "müqavimət göstərərək" cərimə edilmək, yaxud bir neçə günlüyə həbs olunmaqdır. Buna nail olmaq üçün "riskə gedənlər", polisi qarşıdurmaya təhrik edənlər, hətta müxtəlif söz və hərəkətlərlə təbdən çıxarmağı bacaran "istedadlar" da vardır.

Xaricdəkiləri "demokratiya uğrunda mübariz" olduğuna inandırmaqdan ötrü ən yaxşı "sənəd" qəzetlərdə dərc olunmuş fotoşəkillər və yazılardır. Mitinqdə yaxası açıq formada polislərin əhatəsində şəkli olmaq, ya da dövlət əleyhinə məqaləsi çap olunmaq Avropadakı bəzi qurumlarda "hörmətli" sayılır.

Əvvəllər gedənlərin bir qismi belə sənədlərə sahib olmaqdan ötrü redaksiyalardakı bəzi adamları "ələ alırdılar". Sonradan bunu başa düşən redaktorlar məsələyə diqqəti artırdılar. Amma qəzetlərə ayıq nəzərlərlə baxdıqda, kimlərin Avropaya getməyə "hazırlıq gördüklərini" müəyyən etmək elə də çətin deyil!

Bir-iki illiyə məhkum olunmaq isə "kozır" fakt sayılır. Doğrudur, bu, bir qədər çətin məsələdir. Çünki Azərbaycanda heç kəsi əqidəsinə görə həbs etmirlər. Başqa cinayət törədəndə isə bunu Avropa "demokratiya uğrunda mübarizə" kimi qəbul etməyə bilər! "Diribaşlar" çıxış yolunu tapıblar. Jurnalist vəsiqəsi "aldıqdan" sonra cinayət törədərək məhkum olunurlar. Sonra "hüquq müdafiəçiləri" ilə "dil taparaq" jurnalist vəsiqəsinə istinad etməklə adlarını "siyasi məhbus" siyahısına yazdırır, şəkillərini "Azadlıq" qəzetinin "vinetka"sına saldırırlar. Beləliklə, "avam" avropalıları aldada bilirlər.

Son dövrlərdə ən çox işlədilən "üsullar"dan biri ermənilərə məxsus internet saytlarına müsahibə verərək Azərbaycanda demokratiyanın yoxluğunu iddia etmək, yaxud təzyiq və təqiblərə məruz qaldığı barədə əcnəbi KİV-də yazı dərcinə nail olmaqdır.

Bəs, arzuladığı Avropada yaşamaq "imkanı qazananlar" orada nə edirlər?

* Əvvəla, vətəndaşlıq və ya siyasi sığınacaq almaqdan ötrü nəzərdə tutulan yaşayış yerlərində tüfeyli həyat sürməyə (yəni, işləməyərək müvafiq strukturun verdiyi yardım-sədəqə hesabına yaşamağa) başlayırlar;

* Sonrası kurslara gedərək (yenə də havayı) dil öyrənməyə girişirlər;

* Özlərini "tərbiyəli və intizamlı" apar

mağa (başqa sözlə, evdən çölə çıxmamağa) çalışaraq qoyulmuş məhdudiyyətlərə əməl edirlər ki, birdən onlara acıqları tutaraq geriyə qaytarmasınlar;

* Azərbaycan əleyhinə keçirilən tədbirlərdə iştirak edərək "dissident", "demokratiya uğrunda mübariz" "adları"nı təsdiq etdirməyə can atırlar;

* Sığınacaq alanda (ömürlük vətəndən uzaqda yaşamaq hüququ, əslində, cəzası) isə özlərini hədsiz dərəcədə xoşbəxt hesab edirlər!

Adətən uğursuzlar özgə yerdə uğur axtararlar!

Özünü təsdiq edib tanıtmışlar yad yerlərə gedərək hər şeyə təzədən başlamazlar!

Heç kim nağdı isti və kasıb komasını qoyub qürbətdə nisyə soyuq saray axtarışına çıxmaz!

Bunları sözgəlişi deyirik.

Hazırda xaricdə yurd salan keçmiş azərbaycanlı jurnalistlərin heç biri nə Soljenitsindir, nə də Saxarov!

Buradakı həmkarları ilə müqayisədə ortabab, hətta ondan da aşağı qələm sahibi sayılırdılar.

Əslində, uğursuz olublar! Çünki özlərini daha yüksəkdə (istedad və bacarıqları buna imkan verməsə də) görmək istəsələr də, görə bilməyiblər. Səbəbini isə özlərində yox, cəmiyyətdə axtarıblar. Amma nədənsə bu "istedad" xaricdə də parlamayıb! Nə bir alababat kitabları çıxıb, nə haradasa azdan-çoxdan tanınmış qəzetlərdə, radiolarda işə götürülüblər, nə də keçmiş vətənlərində "boğulan" istedadları demokratik Avropada yüksək qiymətləndirilib!

Tarix təkcə qəhrəmanlar və vətənpərvərlər yox, hərdən fərarilər və dönüklər də "yetişdirir".

Baxır kim necə xatırlanır.

Onları bir-bir yada salaq.

"Azadlıq" qəzetinin qiyabi redaktoru Qənimət Zahid, az qala özünü Mirzə Ələkbər Sabirə tay bilən Sakit Zahidov, daha çox nehrəmlilərlə münaqişəyə görə yadda qalan Elbəyi Həsənli, özünü döydürməklə gündəmə gələn Aqil Xəlil, böhtan və təhqir dolu yazıları ilə "fərqlənən" Fikrət Hüseynli, antimilli yazıların müəllifi Emil Milli, Əli Əkbər, nəhayət, qəflətən onlara qoşulan Günel Mövlud və Murad Köhnəqala... (Yaddan çıxanlar bizdən inciməsinlər, çünki xalqın yadından çoxdan çıxıblar)!

Azərbaycan idmançısı Olimpiya, dünya və Avropa birinciliklərində iştirak edərək dövlətinin bayrağını qaldırır, dönük-fərarilər isə Azərbaycanın Qarabağ dərdi Avropanın beynəlxalq qurumlarında müzakirəyə hazırlananda Brüsseldə doğulduqları vətənin əleyhinə piket keçirərək "insan hüquqlarının pozulduğunu" göstərən şüar və plakatlar nümayiş etdirirlər.

* Ancaq belə piketlərdə öz peşəsi ilə məşğul olmaq hüququ pozulan 100-dən çox məcburi köçkün jurnalistini xatırlatmırlar;

* Bir milyondan çox qaçqın və məcburi köçkünün doğma el-obalarına qayıtmalarına kömək göstərilməsini tələb etmirlər;

Əsl azərbaycanlı Vətənin bütün günlərində - ağlı-qaralı, şirinli-acılı günlərində Vətəndə olmalıdır, Vətəndən kənara gedəndə isə diaspor hərəkatında iştirak etməlidir!

Əsl azərbaycanlı Vətəninin inkişafına, demokratiyanın Vətənində təntənəsinə nail olmalıdır!

Əsl azərbaycanlı qarnını və şəxsi rifahını doğmalarından, el-obasından, övlad köməyinə ehtiyacı olan Vətənindən üstün tutmalı deyil!

Buradakı dönüklüyünü yeni "vətənində" xəyanətkar əməlləri ilə davam etdirməli deyil!

Şəxsi narazılıq və şəxsi uğursuzluq vətənə dönük çıxmağa, mülki fərariliyə əsas vermir!

Bu olsa-olsa bəhanədir!

Bu gün dünya Azərbaycan vətəndaşının üzünə açıqdır!

Kim nə vaxt, haraya istəsə gedə bilir!

Kim hansı ölkənin vətəndaşlığını istəsə qəbul edir!

Daha sovet dövründə olduğu kimi belə hərəkətlərə görə insanları xəyanətdə ittiham edən, ələ keçən kimi həbsxanaya salan yoxdur!

Hər şey insanın istəyi, mövqeyi və vicdanı ilə bağlıdır!

Bəli, fərari-dönüklər dünyanın inkişaf etmiş ölkələrinə köçərək yağ-bal içində yaşayırlar!

Özləri bilərlər, seçimlərində müstəqildirlər.

Mükafatları "demokratik dövlətdə" yaşamaq, "yüksək əməkhaqqı" almaq, getdikləri dövlətin mərhəmətindən "bəhrələnmək"dir.

Cəzaları isə...

Heç kəs buna görə onları geriyə qaytarıb cəzalandırmır!

Hətta turist kimi keçmiş vətənlərinə dönsələr belə, həbsxanaya atılmayacaqlar!

Amma cəzasız da deyillər!

Bu cəzanı isə özləri özlərinə veriblər.

Vətənsiz qalmaq cəzası!

Daim qürbətdə yaşamaq cəzası!

Doğmalardan və dostlardan (əgər varsa) kənarda yaşamaq cəzası!

Fərari və dönük adını daşımaq cəzası!

Yad diyarda yad torpağa gömülmək cəzası!

Allah insanı özünün özünə verdiyi cəzadan saxlasın!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !