Azər Həsrət: Zərurətdən doğan açıqlamalarım -

Azər Həsrət: Zərurətdən doğan açıqlamalarım

Bəzən hadisələr çox sürətlə inkişaf etdiyindən və zaman azlığından vaxtında mövqeyimi ifadə edə bilmirəm. Bu isə haqlı suallara səbəb olur. Yəni dostlarımız, bizi tanıyanlar sual edir ki, niyə filan məsələylə bağlı mövqeyini açıqlamırsan? Yaxud da jurnalistlər ayrı-ayrı məsələlərə münasibətimi öyrənir. Mən də düşündüyümü dilə gətirir və bəzən görürəm ki, jurnalistə dediyim tam olaraq dərc edilməyib. Yəni kontekstdən çıxarılan fikirlərim yanlış anlaşılmaya səbəb olur. Ona görə də qərara gəlmişəm ki, bundan sonra jurnalistlərin məndən münasibət öyrəndiyi məsələlərlə bağlı əlavə yazı-açıqlama yazım.

Beləliklə, bu həftə ərzində məndən sual etdilər ki, Müsavat Partiyası qadınlar təşkilatına yeni seçilən sədr Ellada Məmmədliyə münasibətiniz necədir? Daha doğrusu, onun 2003-cü ildə bir xanım jurnalisti döydüyünü xatırladıb, belə bir şəxsin demokratiyadan danışmasına münasibətimi öyrənmək istədilər. Cavabım bu oldu ki, Ellada xanımı şəxsən yaxından tanımıram. Qeyd olunan hadisəni də xatırlamıram. Amma istənilən halda jurnalistin döyülməsini yolverilməz hesab edirəm. İstər müxalifət partiyasında, istərsə də hakimiyyətdə olsun, əgər kimsə jurnalistlərə qarşı dözümsüz yanaşarsa, bunu qınayaram və belə adamların demokratiya iddialarına şübhəylə yanaşaram.

Daha bir açıqlamanı dostumuz Anar Məmmədliylə bağlı verməli oldum. Sual qısa idi. Soruşulurdu ki, ABŞ-ın Anarla bağlı tələb irəli sürməsinə necə baxıram? Bunun cavabına keçməzdən öncə qeyd edim ki, Anar şəxsən mənim dəyər verdiyim gənc fəallardan biridir. Tanışlığımız uzun illərə dayanır. Birlikdə olduğumuz təşkilatlar da olub. Hətta 2004-cü il Ukrayna seçki müşahidə missiyasına da məni o göndərib. Ki, buna görə də ondan çox razıyam. Amma sonrakı illərdə fəaliyyət istiqamətlərimiz ayrıldığı üçün Anarla yollarımız kəsişməyib. Açığı, onun fəaliyyətini ayrıntılı bir şəkildə izləmək imkanım da olmayıb. Ancaq indi həbs edilməsinə də çox üzgünəm. İstəməzdim ki, dostumuz gənc ömrünü həbslərdə keçirsin. Onu həbs edənlər qanunsuz maliyyə məsələləri haqqında rəsmi açıqlama yayıblar. Anarın ətrafı isə iddia edir ki, bu, quramadır. Şəxsən mən düşünürəm ki, hüquq mühafizə orqanlarının Anarla bağlı araşdırmalarına dözümlü yanaşmaq lazımdır. Əgər doğrudan da ortada suç təşkil edəcək hal yoxdursa, bu zatən üzə çıxacaq. Yox, əgər suç durumu varsa, üzrlü sayın, əziz qardaşım olsa belə cəzasını çəkməlidir. Qaldı ki, ABŞ-ın bu məsələdə Azərbaycan dövlətinə tələb irəli sürməsinə, mən başqa dövlətlərin bizimlə hədə tonunda danışmasına dözümlü yanaşa bilmərəm. Yanlışımızla, doğrumuzla, öz işimizi özümüz bilərik. ABŞ və ya onun orbitində fırlanan hansısa dövlət bizim başımıza jandarma kəsilməyib. Getsinlər, öz işlərilə məşğul olsunlar.

Bir də son iki gündə Qarabağ qazisi Zaur Həsənovun əhvalatına münasibət bildirmə zərurəti yaranıb. Bu olay tükürpədicidir. Adam Vətən torpaqları uğrunda can qoyub, bu gün onun kimi oğlanların üzərimizdə haqqı çox böyükdür. İndi onun bir parça çörək qazandığı yeri əlindən alıblar, az qala hər şeyini itirəcək duruma gətiriblər. Təbii ki, belə bir durumda olan insan son çıxış yolu kimi özünə qəsdi seçə bilərdi. Kaş ki, bu yolu seçməsəydi. Amma seçib və çox dəhşətli bir sonuc var ortada. Adamın ölüm-qalım məsələsi həll edilir.

İndi bu Zaur bəyin özünə qəsdinə səbəb olan Səttar Mehbalıyevin Həmkar İttifaqları Konfederasiyasına nə deyəsən? İddia edirlər ki, hər şey qanun çərçivəsində baş verib. Şəxsən mən inanmıram ki, olaylar qanun çərçivəsində baş versəydi bu adam canına qıyardı. Ona görə də məsələni dağa-daşa sürmək yox, bu problemi həll edərək digər Qarabağ qazilərinin də (elə başqa şəxslərin də) ikidə bir üzləşdiyi məmur özbaşınalıqlarını, torpaq alverini dayandırmaq lazımdır! Məgər görmürükmü ki, Bakının hər tərəfində torpaqlar sağa-sola satılır? Məgər görmürükmü ki, hətta yolların hərəkət hissəsi belə hansısa rüşvətxor və acgöz məmurun şərəfsiz alver predmetinə çevrilir? Ona görə də, Səttar Mehbalıyev heç də bəhanə gətirməsin ki, qanun çərçivəsində davranıb. Bu şəhərdə hər qarış torpaq satılırsa, o qazinin də haqqına girməmək olardı.

Bir də tez-tez suallara cavab verməli olduğum bir məsələ var: “Xəzər” TV-də təqdim etdiyim “Tərs bucaq” verilişi. Bəzən mənə irad tuturlar ki, ABŞ-da, Avropada baş verən hadisələrə münasibət bildirirsiniz, niyə Azərbaycandan yan keçirsiniz? İzah etməyə məcburam ki, “Tərs bucaq”ın missiyası məhz belə seçilib. Yəni mən ora dəvət ediləndə təklif olunub ki, xaricdə baş verən, ancaq BBC, CNN və bu kimi nəhəng dünya mediyasının görməzlikdən gəldiyi hadisələr haqqında bilgi və şərh verim. Dəyərli oxucularım (və tamaşaçılarım) yəqin ki, diqqət etsələr görəcəklər ki, mən “Tərs bucaq”da elə hadisələr haqqında danışıram ki, onları dünya mediyası işıqlandırmır, yaxud da birtərəfli işıqlandırır. Bizim də məqsədimiz budur ki, həmin hadisələri Azərbaycan tamaşaçısına çatdırmaqla göstərək ki, bizdən demokratiya, insan haqları tələb edənlərin özlərindən də bunu tələb etmək lazımdır. Yəni sual qoyuruq ki, necə olur bənzər hadisə ABŞ-da baş verəndə insan haqları təşkilatları susur, ancaq Azərbaycan kimi ölkələrdə ən adi bir hadisə olan kimi az qala bütün dünya üzərimizə gəlir? Belə bir sualı verməkdə haqlı deyilmiyik? Məncə, haqlıyıq. Hə, bir də onu açıqlamağa məcburam ki, mən Azərbaycandakı problemləri heç də gözardı etmirəm. Təbii ki, bizdə də problemlər var, sadəcə onların həllinin yurd dışında axtarılmasının əleyhinəyəm. Çünki bizim problemlərimizi həll edəcəyinə vəd verənlər sonra elə alver edirlər ki, nəticədə itirən Azərbaycan dövləti olur... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !