ADU-da Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirildi -

ADU-da Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirildi

Dekabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş “Məmməd Araz novator şair idi” mövzusunda Respublika konfransı keçirildi. Konfransda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatı, şair Aqil Abbas və Məmməd Arazın ailə üzvləri, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, ziyalılar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov giriş sözü ilə çıxış edərək qonaqları salamladı. Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzaladığını diqqətə çatdıran rektor respublikada silsilə tədbirlərin həyata keçirildiyini qeyd etdi. Rektor Səməd Seyidov M. Araz poeziyasının Azərbaycan ədəbiyyatında xüsusi və özünəməxsus yeri olduğunu söylədi. O, qeyd etdi ki, şairin azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu böyükdür. ADU rektoru vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığının Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini qeyd etdi. Səməd Seyidov bildirdi ki, M. Arazın 80 illik yubileyi münasibətilə universitetin dəstəyi ilə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev “Məmməd Araz - 80 biblioqrafik göstərici” adlı kitab yazıb. O, bu kitabın şairin yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirdi.

Milli Məclisin deputatı, şair Aqil Abbas isə çıxışında universitetin rəhbərliyinə belə bir tədbirin təşkilinə görə minnətdarlığını bildirdi və Məmməd Araz haqqında yazılan biblioqrafiyanın şairin yubileyinə ən böyük hədiyyə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
“Azərbaycan” jurnalının baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli şairin fəlsəfi düşüncələrindən bəhs etdi. O, M. Arazın yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikasından söhbət açdı.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Nurlanə Qasımlı “Məmməd Araz novator şair idi” mövzusunda məruzə ilə çıxış etdi. N. Qasımlı məruzəsində şairin Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən danışdı və onun yenilikçi bir şair olduğunu vurğuladı.
Xalq şairinin həyat yoldaşı Gülxanım Fətəliqızı çıxış edərək xatirələrindən danışdı. O, tədbirin təşkilində əməyi keçən şəxslərə təşəkkür etdi.
Konfrans ADU tələbələrinin hazırladığı bədii hissə ilə yekunlaşdı. Bədii hissədə şairin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olundu, şeirləri səsləndirildi, əsərlərindən parçalar təqdim olundu.
Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam əsasında Azərbaycan Dillər Universiteti tərəfindən çap olunmuşdur. Bibloqrafiyada M. Arazın 1952-ci ildən 2013-cü ilə qədər çapdan çıxmış şeirləri, poemaları, məqalələri, müsahibələri, haqqında yazılmış əsərlər, dünya xalqlarının dillərinə tərcümə olunmuş əsərləri, eləcə də başqa dillərdən tərcümə etdiyi qiymətli poeziya inciləri haqqında məlumatlar öz əksini tapıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi haqqında 27 sentyabr 2013-cü il tarixli Sərəncam imzalamışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !