ADU-nun 241 tələbəsi dekanın fəxri vərəqəsinə layiq görüldü -

ADU-nun 241 tələbəsi dekanın fəxri vərəqəsinə layiq görüldü

Dekabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev tələbələrlə görüş keçirdi. Görüşdə Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, kafedra müdirləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Şəbəkəyə daxil olan Korrrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, İctimai Münasibətlər və Cəmiyyətin İnkişafı Mərkəzinin rəhbəri Əhməd Abbasbəyli və “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin layihə direktoru Elvin Yusifli iştirak edirdi.
Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev çıxış edərək rəhbərlik etdiyi fakültə haqqında geniş məlumat verdi. Ə. Abdullayev 2600 tələbənin təhsil aldığı fakültənin tərkibində 10 kafedranın fəaliyyət göstərdiyini və 300-ə yaxın professor-müəllim heyətinin çalışdığını diqqətə çatdırdı. Fakültənin son 10 ildə fəaliyyətindən danışan Ə. Abdullayev bildirdi ki, 2003-cü ildə 68 qrup var idisə, hazırda bu qrupların sayı 186-a çatıb. Tələbələrin ötən semesterdə göstərdiyi nəticələrə toxunan dekan ən yaxşıların III və IV kurslarda olduğunu qeyd etdi. Belə ki, III kursda təhsil alan 472 tələbədən 111 nəfəri, IV kursda təhsil alan 412 tələbədən isə 130 nəfəri dekanın fəxri vərəqinə layiq görülüb. O, bildirdi ki, təhsil aldığı 4 il ərzində 403-cü qrup tələbəsi Türkan Əhmədovanın dərsə davamiyyəti yüksək olub və dərs buraxmayıb.
T. Əhmədova nümunəvi tələbə kimi fakültə adından kompyuterlə mükafatlandırıldı.
Fakültə dekanı Ə. Abdullayev çıxışında qış semestri ərəfəsində tələbələrin semester ərzində göstərdiyi nəticələrə də toxundu və imtahanların keçirilməsi qaydalarından danışdı.
O, çıxışında universitetin maddi-texniki bazasının gücləndirildiyini, təhsil səviyyəsinin daha da yüksəldilməsi istiqamətində universitet rəhbərliyi tərəfindən islahatlar aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra söz tələbələrə verildi. Tələbələr çıxışlarında İngilis dilinin qrammatikası, İngilis dilinin fonetikası kafedralarının müəllimlərinin yüksək səviyyədə tədris apardıqlarını vurğuladılar, eyni zamanda problemlərdən söhbət açdılar.
Sonda Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxış edərək Pedaqoji fakültənin fəaliyyətini yüksək qiymətləndirdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı .
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !