Tanınmış aparıcı Azərbaycan Dillər Universitetində Açıq dərs keçib -

Tanınmış aparıcı Azərbaycan Dillər Universitetində “Açıq dərs” keçib

Dekabrın 19-da tanınmış xəbər aparıcısı, “Lider” Televiziyasında “Səda” İnformasiya Xidmətində aparıcı və analitik qrup rəhbərinin müavini Günay Yelmarqızı Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinə açıq dərs keçib. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin dəvəti ilə “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və ADU-nun Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Jurnalistika ixtisasının I kursunda təhsil alan tələbələrə tədris etdiyi “Jurnalist etikası” fənni üzrə dərsdə qonaq olan Günay Yelmarqızı tələbələrə açıq dərs keçib.
Günay Yelmarqızı tələbələrə öz jurnalist fəaliyyəti haqda məlumat verərək jurnalistika sahəsinə “525-ci qəzet”dən başladığını deyib. Daha sonra televiziyada müxbir, redaktor-aparıcı, aparıcı və nəhayət, hazırda “Lider” Televiziyasında “Səda” İnformasiya Xidmətində aparıcı və analitik qrup rəhbərinin müavini kimi çalışdığını bildirib. O, televiziya aparıcılarının, ümumilikdə, jurnalistlərin peşə etikası normaları haqda tələbələrlə fikirlərini bölüşüb. O, öz şəxsi televiziya təcrübəsindən danışaraq. xüsusilə xəbər aparıcılarının efir mədəniyyəti, dil üslubu, xəbərin efirə verilməsi zamanı canlı yayımda qarşılaşdıqları bəzi texniki məsələlərə də toxunub. Günay Yelmarqızı jurnalistlərin peşəkarlığının vacib və əhəmiyyətli olduğunu bildirməklə yanaşı, bunun təcrübə ilə zənginləşdiyini də vurğulayıb. Uzun müddət həm qəzetdə, həm də televiziya kanallarında çalışan Günay Yelmarqızı istər yazılı mətbuat, istərsə də TV jurnalistlərinin səmimi və təvazökar keyfiyyətlərə malik olmasının zəruriliyini bildirib. Xəbər aparıcısının öz auditoriyası ilə hər zaman səmimi ünsiyyətə can atmasının və dil, danışıq normalarına riayət etməsinin mühüm olduğunu nəzərə çatdırıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !