ADU-da Doktorantların və gənc tədqiqatçıların konfransı keçirilir -

ADU-da Doktorantların və gənc tədqiqatçıların konfransı keçirilir

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı öz işinə başladı. Konfrans iştirakçıları öncə ADU-da Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək gül dəstələri düzdülər və ulu öndərə öz ehtiramlarını bildirdilər. İki gün davam edəcək konfransın açılış mərasimində Təhsil nazirinin müavini Ceyhun Bayramov, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı və digər ali məktəblərin nümayəndələri iştirak edirdi.
Konfrans Dövlət Himninin səslənməsi ilə başladı. Konfrans iştirakçılarını salamlayan Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan müstəqillik qazandıqdan sonra doktorant və gənc tədqiqtaçıların sayca 18-ci konfransının keçirildiyini bildirdi. İlk dəfə olaraq konfransın materiallarının əvvəlcədən dərc edildiyini deyən C. Bayramov tədbirə ev sahibliyi edən ADU-nun rektoru Səməd Seyidova yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığını bildirdi. Təhsil nazirinin müavini Azərbaycanda gənclərin elmə və təhsilə yiyələnməsində geniş imkanların mövcud olduğunu diqqətə çatdırdı. Dövlət tərəfindən elmə və təhsilə göstərilən qayğıdan danışan C. Bayramov qeyd etdi ki, yüksək ixtisaslı kadrların yetişməsi Azərbaycan elminin əsas məqsədlərindəndir.
Nazir müavini C. Bayramov elmin və təhsilin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin bir sıra sərəncamlar imzaladığını da diqqətə çatdırdı. O, bildirdi ki, Təhsil strategiyasının qəbulu da təhsilin səviyyəsinin daha da yükəlməsində mühüm əhəmiyyətə malikdir. C. Bayramov vurğuladı ki, ali təhsil müəssisələrində elmin inkişafı istiqamətində də mühüm işlər həyata keçirilir.
C. Bayramov Azərbaycanda 400-ə yaxın elmi jurnalın nəşr olunduğunu nəzərə çatdırdı. C. Bayramov gənc alimlərin əsərlərinin bir sıra beynəlxalq səviyyəli elmi jurnallarda nəşr olunduğunu da sözlərinə əlavə etdi. C. Bayramov Azərbaycanda 30041 nəfərin elm-pedaqoji fəaliyyətlə məşğul olduğunu da dedi. Nazir müavini bildirdi ki, ötən il ali təhsil müəssisələrində çalışan 30 yaşa qədər 9506 elmi pedaqoji işçinin arasında elmlər doktoru olmayıb, fəlsəfə doktoru isə cəmi 46 nəfər təşkil edib.
Nazir müavini çıxışında Azərbaycanda təhsilin doktorantura pilləsində bir sıra mütərəqqi islahatların aparıldığını və bunun da Avropa təhsil məkanına inteqrasiyaya xidmət etdiyini qeyd etdi.
C. Bayramov bidirdi ki, doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdiyi nəticələri müzakirə etmək, onların elmi yaradıcılığını stimullaşdırmaq konfransın əsas məqsədlərindən biridir.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq plenar iclasın işinə uğurlar arzuladı. Rektor Səməd Seyidov Azərbaycanda elmə yüksək qiymət verildiyini bildirdi və qeyd etdi ki, elmə həvəs və maraq çox böyükdür.
Rəhbərlik etdiyi universitein fəaliyyətindən söz açan rektor S. Seyidov ADU-da 20-ə yaxın əcnəbi dilin tədris olunduğunu və universitetdə 6000 tələbənin təhsil aldığını konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Universitetin beynəlxalq əlaqələrindən söz açan ADU-nun rektoru Avropanın aparıcı ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq edildiyini vurğuladı. O, bildirdi ki, ADU son 4 ildə Avropa Bilriyinin Tempus proqramı çərçivəsində iki layihənin qalibi olub və 2 milyon 600 min avronu Azərbaycana gətirib. Rektor bu layihələr çərçivəsində Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin və digər universitetlərin 450-ə yaxın əməkdaşının Avropanının aparıcı ali təhsil müəssisələrində təcrübə keçdiklərini vurğuladı.
Səməd Seyidov çıxışında dedi: “Azərbaycan Dillər Universiteti dünyanın Azərbaycana, Azərbaycanı dünyaya tanıdan universitetdir.”
BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı çıxış edərək Azərbaycanda elmə və təhsilə göstərilən dövlət qayğısından söz açdılar və konfransın yüksək səviyyədə təşkilinə görə ADU rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Sonra ADU-nun doktorantı Nərminə Zərgərova “Akademik yazının tədrisinə innovativ yanaşma” və BDU-nun doktorantı Ramin Əlizadə “Müstəqil Azərbaycanda elmin və təhsilin renesans dövrü” mövzularında məruzələrlə çıxış etdilər.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişi və strukturu haqqında məlumat verdi.
Bununla da konfransın plenar iclası öz işini yekunlaşdırdı.
Qeyd edək konfransa 28 ali məktəbdən 425 məruzə daxil olub. Doktorant və gənc tədqiatçılar “Riyaziyyat”, “Fizika”, “Kimya, kimya-texnologiya”, “Bilologiya və kənd təsərrüfatı”, “Tibb”, “Geologiya, coğrafiya və ekologiya”, “Mexanika və maşınqayırma”, “Energetika və neft-qaz”, “Avtomatika və informatika”, “Tarix”, “İqtisadiyyat”, “Fəlsəfə, sosiologiya, politologiya”, “Azərbaycan fililogiyası”, “Xarici ölkələrin filologiyası”, “Hüquq və beynəlxalq münasibətlər”, “Pedaqogika və psixologiya”, “Memarlıq və inşaat”, “Mədəniyyətşünaslıq” və “Musiqişünaslıq” bölmələrində məruzələrlə çıxışlar edəcəklər, fikir mübadiləsi aparılacaq.
Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı dekabrın 20-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməsilə başa çatdıracaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !