ADU-da universitetin Regionşünaslıq ixtisasının 15 və Regionşünaslıq kafedrasının fəaliyyətinin 5 illik yubileyi münasibətilə tədbir keçirildi -

ADU-da universitetin Regionşünaslıq ixtisasının 15 və Regionşünaslıq kafedrasının fəaliyyətinin 5 illik yubileyi münasibətilə tədbir keçirildi

Dekabrın 18-də Azərbaycan Dillər Universitetində universitetin Regionşünaslıq ixtisasının 15 illik və Regionşünaslıq kafedrasının fəaliyyətinin 5 illik yubileyi münasibətilə tədbir keçirildi.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev açılış nitqiylə çıxış edərək əlamətdar hadisənin qeyd olunması üçün toplanıldığını söylədi. O, fakültənin 2001-ci ildə ADU-nun rektoru, professor Səməd Seyidovun 83 saylı əmrinə əsasən yaradıldığını bildirdi. Dekan keçən dövr ərzində kafedranın böyük inkişaf yolu keçdiyini dedi.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov təbrik nitqi ilə çıxış etdi. 15 il ərzində yalnız universitetin deyil, Azərbaycanın dəyişdiyini söyləyən rektor Səməd Seyidov Azərbaycanın real, güclü, dünyada özünəməxsus və əhəmiyyətli dərəcədə formalaşdığını bildirdi. Regionşünaslıq kafedrasının fəaliyyətinə toxunan rektor Səməd Seyidov 15 il müddətinə kafedranın uğurları nəticəsində Azərbaycan gənclərinin yeni və çox vacib peşəyə yiyələndiklərini söylədi. Rektor Səməd Seyidov universitetin aparıcı kafedralarından olan Regionşünaslıq kafedrasının fəaliyyətinin artıq universitet və respublika səviyyəsində deyil, beynəlxalq səviyyədə öz yerini tapdığını dedi. Kafedranın “universitetin pəncərəsi” rolunu oynayaraq dünyada tanınma imkanının, dünya dillərinin və mədəniyyətlərinin ölkə gənclərinə tanıdılmasında məhz bu kafedranın vasitəsilə həyata keçdiyini söylədi. Kafedra müdiri, dosent Sevdagül Əliyevanın fəaliyyətini yüksək qiymətləndirən professor Səməd Seyidov onun Norveç-Azərbaycan layihəsində iki dövlət arasındakı təhsil sahəsindəki əlaqələrində inkişafa töhfə verdiyini bildirdi. Kafedranın fəaliyyətindən razılığını bildirən rektor Səməd Seyidov bu gün münaisbətilə səbəbkarları təbrik etdi, onlara yeni-yeni fikirlərin, layihələrin reallaşdırılması istiqmaətində uğurlar arzuladı.
Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva kafedranın 5 illik fəaliyyəti, görülən işlər, magistratura üzrə kafedranın fənnləri, kafedra əməkdaşları və onların əmək fəaliyyətləri, kafedradan kadr axını, kafedranın elmi və pedaqoji heyəti, kafedranın elmi artımı, elmi nailiyyətlər, beynəlxalq konfransda iştirak, təşkil edilən tədbirlər və kafedra əməkdaşlarının çapdan çıxmış 8 kitabı haqqında məlumatı əks etdirən təqdimatla çıxış etdi.
Kafedranın fəal müəllimləri fəxri fərmanla təltif olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !