Azər Həsrət: Radikallar üçün əsəbi siyasət yazısı! -

Azər Həsrət: “Radikallar” üçün əsəbi siyasət yazısı!

Siyasət elə bir şeydir ki, deyirlər, sən onunla məşğul olmasan, o səninlə məşğul olacaq. Mən də bunu sınaqdan çıxarmağa çalışdım. Doğrudan da eləymiş. Çünki yazdığım, dediyim hər sözə kimsə mütləq bənd olur, zor-xoş məni siyasi polemikalara sürükləyir və siyasi mövqeyimi təkrarlamağa məcbur oluram. Zatən gizli bir mövqeyim də yoxdur. Çünki heç bir zaman konkret siyasi partiyanın üzvü və ya tərəfdarı olmadım, olmaq haqqında düşünmürəm də. Sadəcə seçki dövrlərində öz mövqeyimi müəyyənləşdirərək siyasətin önündə gedənlərdən birini, bir neçəsini dəstəklədiyimi açıq şəkildə ifadə edirəm. Yəni ən azından fəal vətəndaş mövqeyimi açıqlayıram.

2003-cü ildə də belə etmişdim. Prezidentliyə namizəd İsa Qəmbəri dəstəkləmişdim. Sadəcə bəyanat verməklə qalmamış, mitinqlərə qatılmış, Sumqayıtdakı böyük mitinqdə çıxış etmiş, oktyabrın 16-da “Azadlıq” meydanında yaxşıca da döyülmüşdüm. Bu o vaxt baş vermişdi ki, indi məni yerdən yerə vuranlar evlərində gizlənib çölə çıxmağa qorxurdular.

Sonra Ukrayna narıncı inqilabı baş verdi. Mən də orda uzun müddtli müşahidəçi kimi Çerkassı vilayətinin koordinatoru oldum. Düz iki ay yarım seçkiləri müşahidə etdim. Həm də təcrübə topladım. İnqilab təcrübəsi. Ki, bu təcrübəni sonradan Azərbaycanda tətbiq edəcəkdim. Yəni ən azından elə düşünürdüm.

2005-ci il parlament seçkisi ərəfəsində artıq 3-cü dəfə deputatlığa namizəd olmaq iddiasına düşdüm. Bütün göstəricilərim buna imkan verirdi. Hətta fəaliyyətdə olan deputatların belə həsəd aparacağı geniş xarici əlaqələrim, xarizmam, yetərincə tanınmağım, kütlə ilə işləmə bacarıqlarım, yeni texnologiyalar və xarici dillər sahəsində üstünlüklərim, nitqim və qətiyyətli mövqeyim qatılacağım təqdirdə seçkini udacağıma təminat verirdi. Üstəlik bir də siyasi dəstək almaq pis olmazdı. Özümə o qədər güvənirdim ki, bəyanat verərək hətta baş katibi olduğum Azərbaycan Jurnalistlər Konfederasiyası, İdarə Heyətinin üzvü olduğum Azərbaycan Mətbuat Şurasından belə uzaqlaşdım. Arqumentim də bu oldu ki, mən jurnalistikanı siyasətə qatmaq istəmirəm. Qatmadım da.

Namizədlik məsələmi elan etdikdən sonra bu haqda AXCP sədri Əli Kərimliylə söhbət etdim. Ona 34 saylı Xətai II Seçki Dairəsinə iddialı olduğumu dedim və mümkün olsa mənə dəstək verməsini xahiş etdim. Həm də AXCP olaraq deyil, artıq konturları cızılmış “Azadlıq” bloku kimi. Sağ olsun, Əli bəy bildirdi ki, məni dəstəkləmək onlar üçün də xoş olardı. Lakin bu məsələnin Müsavat Partiyasıyla da müzakirəsinə gərək var. Səbəb də bu idi ki, həmin dairədən müsavatçı və indi də dəyər verdiyim Nəsib Nəsibli iddialı idi. O zaman Əli bəyə dedim ki, əgər Nəsib bəy başqa dairədən namizəd ola bilərsə, işimizi buna görə quraq. Ola bilməzsə, əvəzində “Azadlıq” bloku məni 56 saylı Xaçmaz Kənd Seçki Dairəsində dəstəkləsin. Yox, əgər Müsavat Partiyası buna da razı olmazsa, o zaman mən blokun namizədi kimi deyil, müstəqil namizəd kimi 34-cü dairədə hərəkətə keçəcəm. Və buna görə də təbii ki, nə AXCP, nə də Əli Kərimli məsuliyyət daşımayacaq. Bu yanaşmam Əli bəyin çox xoşuna gəldi və o qeyd etdi ki, sən hər zamankı kimi fədakarlıq edirsən.

Sonrakı günlərdə Əli bəy məsələni “Azadlıq” blokunda müzakirə edərək mənə xəbər verdi ki, Müsavat mənim xeyrimə 56 saylı dairədən öz namizədini geri çəkməyə hazırdır. Yəni mən 34-cü dairədə Nəsib bəyin xeyrinə geri çəkilirəm, bütün resurslarımı da onun öhdəsinə verirəm, Müsavat da 56-cı dairədən özünün bütün arsenalını mənim ixtiyarıma buraxır. Özümə güvəndiyim üçün bu seçənəyi qəbul etdim və Xaçmaza yollandım. Oradakı müsavatçılar mənə dedilər ki, bu dəyişiklik qəfil oldusa da əllərindən gələni edəcəklər.

Bugünkü kimi yadımdadır ki, Müsavat Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Ramazan Əliyev başda olmaqla yerli fəallarla ilk görüşümdə bir şərtim oldu: mən öndə olmadıqca kimsə bir addım atmasın! (Məni söyənlərin tapındığı liderlərdən fərqli olaraq mən həmişə özüm öndə oluram.) Dostlar bunu sevinclə qəbul etdilər. Onlara izah etdim ki, döyülməli, söyülməli, tutulmalı, öldürülməli adam varsa, o da mənəm. Mən olmadıqca kimsə özbaşına artıq hərəkətə yol verməməlidir. Ümumiyyətlə, məni ortalıqda görməsəniz heç bir addım belə atmayın.

Müsavatçı dostlarla kəsdiyim şərtə onlar da, mən də sonadək əməl etdik. Bütün görüşlərin, hərəkətlərin önündə özüm oldum, arxamda da onlar. Bir addım geri atmadım, ən qətiyyətli hərəkətlərimlə ad çıxardım. Seçki kampaniyası dövründə şimal zonasında ən çox səs gətirən, hər kəsin dilində əzbər olan bir hərəkətlənməyə nail olduq. Artıq heç kimdə şübhə yox idi ki, mən seçkini mütləq udacağam. Baxmayaraq ki, Yeni Azərbaycan Partiyasının rəsmi siyahısında ağır toplardan sayılan Nizami Xudiyevlə rəqib idim, onun yeniləcəyi heç kimdə şübhə doğurmurdu. Kampaniya çərçivəsində düz 83 görüş keçirdik. Hər kəndə, hər məhəlləyə qədər getdik. Polis, bələdiyyə, icranın heç biri bizim qarşımızı kəsə bilmirdi artıq. Özü də rəy yaratmışdıq ki, inqilab edirik. Radikal və qətiyyətli çıxış və davranışlarımız da bu fikrin oturuşmasında öz sözünü deyirdi. İnqilabı da “Azadlıq” bloku olaraq edəcəkdik. Yəni biz buna inanmışdıq. Bir qədər gəncliyimiz, çılğınlığımız belə davranmağımıza səbəb olurdu. Lakin səsverməyə bir həftə qalmış artıq bəlli oldu ki, ölkədə inqilabi situasiya yoxdur. Daha doğrusu, bunu yaratmağa hazırlaşan “Azadlıq” bloku nəinki inqilab edəcək, ümumiyyətlə xalqı yerindən oynadacaq gücə malik deyil. ABŞ-ı təmsil edən bir təşkilatın nümayəndəsilə görüşümüzdə bu fikri o mənə dedi özü də. O qeyd etdi ki, sənin dairəndə olduğu kimi kampaniyanı ölkənin ən çox 5 dairəsində müşahidə etmişik...

Səsvermə bitdi, qalib olub qələbəni əldən verdim, Bakıya döndüm. İndi bütün bunları da ona görə yazıram ki, Xaçmaz müsavatçılarının həmin seçkidə mənə verdiyi dəstəyi ikidəbir başıma vuranlar anlasın ki, bunun əvəzinə mən də onların partiyadaşı Nəsib Nəsibliyə güzəştə getmişəm. Hətta onun bizim həyətdəki görüşündə də çıxış etmişdim və sonradan Nəsib bəyi tapa bilməyən seçicilər də sözlərini demək üçün mənim qapıma dayanırdılar...

Onu da qeyd edim ki, müsavatçıların dəstəyini başıma qaxınc edənlər mənə doğrudan da dəstək verənlər deyil, ümumiyyətlə nə dairəmə, nə də kampaniyama daxli olmayanlardır.

Bu yazdıqlarım bəzi adamlar üçün izahat olsun dedim. Anlasalar, anlarlar. Anlamasalar, mənim edə biləcəyim bir şey yox zatən.

Və indi gəlirəm bu yazını yazdıran səbəbə. Sosial şəbəkələr çıxandan sonra, obrazlı desək, “at izi it izinə qarışıb”. Əlində bir smartfon, bir kompüter olan hər kəs şəbəkədə fəallıq edir, başını hətta öz çapını aşan adamların başına da qoşur. Biz də buna təmkinli yanaşırıq. Çünki hər kəsin fikirlərinə sayğılı davranmaq təməl kültürümüzdən qaynaqlanır. Ancaq təəssüflər olsun ki, bəzən küçə uşağı səviyyəsində olanlarla üzləşməli oluruq. Bu gəda-güda (oxuculardan üzr istəyirəm) ailə tərbiyəsi görməmiş olmalı ki, ən adi tənqidlə təhqiri bir-birindən ayıra bilmir, səni də dartıb öz səviyyəsizliyinə endirmək üçün dəridən-qabıqdan çıxırlar. Ən sevdikləri söz də budur ki, “sən satılmısan”. Və ardınca da küçə söyüşləri. Səbəb? Niyə bizi deyil, örnək üçün, İlham Əliyevi dəstəkləyirsən? Və ardından da “2005-ci ildə müsavatçıların səninçün etdikləri gözündən gəlsin”. Bu küçə adamlarına mədəni şəkildə nəyisə izah edə də bilmirsən. Çünki səviyyə fərqi var. Özü də həddən artıq ciddi fərqdir.

İndi mən bu sürüyə (bütün oxuculardan üzr istəyirəm ki, başqa uyğun ifadə tapa bilmədim) necə izah edim ki, ermənilər tərəfə keçməmişəm, dövlətimə, millətimə, ölkəmə, vətənimə xəyanət etməmişəm və ölümünə bütün bunlara sadiqəm? Əgər mən nə vaxtsa İsa Qəmbəri dəstəkləmişəmsə, ömrümün sonuna qədər onu dəstəkləmək öhdəliyimmi var? Bu nə məntiqsizlik, bu nə qaragüruh yanaşmasıdır? Məgər mən sizin partiyanızın üzvüyəmmi ki, bugünkü siyasi mövqeyimi sərbəst şəkildə müəyyən etməyimə satqınlıq adı verirsiniz? Bəlkə satqın siz özünüzsünüz, adınızı mənə qoyursunuz? Bir özünüzə diqqətlə baxın, görün kimin ardınca sürünürsünüz? Bir tərəfdə qərbin, bir tərəfdə də şimalın uzatdığı kökəyə aldanan, havalanan axı mən deyiləm, sizlərsiniz? Mən axı heç bir ölkənin yardımıyla bu ölkədə hakimiyyətə gəlmə iddiasına düşmədim, düşmərəm də. Ancaq siz əlinizi nə Amerikanın, nə Avropanın, nə Rusiyanın, nə də İranın ətəyindən çəkmirsiniz! Bunlardan hansı sizə əl uzatsa, özünüzü təslim etməyə hazırsınız! Bu nə prinsipsizlik, bu nə mövqesizlikdir belə? Bir-birinə zidd, düşmən rejimlərin hamısıyla eyni zamanda necə işbirliyinə hazır ola bilirsiniz? Bəlkə satqınlıq dediyiniz elə budur, sadəcə o adı özünüzə deyil, mənim kimi müstəqil mövqeyi olanlara yapışdırmağa çalışırsınız?

Mənim prinsiplərim var, mövqeyim də qətidir. Əgər bu gün Prezident İlham Əliyev həmin prinsiplərə uyğun bir liderdirsə, mən onun arxasındayam. Özü də sonadək!

Və sonda müxalifət partiyalarının liderlərinə səslənmək istərdim: vallah, billah, bu tərbiyəsiz adamlardan sizə arxa-dayaq olan deyil. Özünüzə intellekti, tərbiyəsi, əxlaqı yerində olanlardan dəstək qazanın. Şəxsən tanımasam, bilməsəm deməzdim. İstər Müsavat, istərsə də AXCP və başqa müxalifət partiyalarında ətəyində həqiqətən namaz qılınacaq, dürüst və şərəfli insanlar yetərincədir. Necə olur ki, bu adamlar da həmin o sürü təfəkkürlü adamlarla eyni təşkilatda təmsil oluna bilirlər? Təmizlənmək lazımdır, bəylər, təmizlənmək! Mübahisə, müzakirə, sərt tənqid iddianız varsa, buyurun, hər zaman buna açığam. Ancaq tərbiyəsizlik edib də söyüş söyəcəksəniz, cavabınızı mən deyil, qanun verəcək! Necə ki, artıq bu əxlaqsızlardan birinin işiylə şanlı polisimiz məşğul olur!

Lap sonda isə bir məsələni qeyd edim: məni bu cür söyən “radikal müxalitəçilər”dən bir neçəsini deşifrə etmişəm artıq. Bəlkə də inanılmaz bir şeydir, bu adamlara maaşı bu hakimiyyətin ən bərk gedən oliqarxları verir! Özü də onlardan bəzilərinə bunu şəxsən çatdırmışam və o susan, bu susan, daha mənə sataşmırlar! Bax, belə! “Radikal müxalifətçi” dediklərimiz də bunlardır! Mənimlə onların arasındakı fərq də budur. Mən göründüyüm kimiyəm, onlar isə göründükləri kimi deyillər. Ona görə də hərlənib-fırlanıb mənə sataşırlar. Yəni, gəl, sən də bizim kimi ol. Gedin, bala, mənim əxlaqım belə şeyə yol verməz, sizdən fərqli olaraq! Çünki həmişə bir sifətim oldu, olacaq da!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !