ADU-da Heydər Əliyev və Azərbaycan-Çin münasibətləri mövzusunda tədbir keçirildi -

ADU-da “Heydər Əliyev və Azərbaycan-Çin münasibətləri” mövzusunda tədbir keçirildi

Dekabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyət mərkəzinin və “İrəli” ictimai birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan-Çin münasibətləri” mövzusunda tədbir keçirildi. “Nərgiz” jurnalının baş redaktoru Ülviyyə Rəhmanovanın da iştirak etdiyi tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov bildirdi ki, dahi liderin Azərbaycan xalqı qarşısında əvəzedilməz xidmətləri var. R. Abbasov qeyd etdi ki, Heydər Əliyevin böyük diplomatik istedadı müstəqil Azərbaycanın xarici əlaqələrinin qurulmasında, o cümlədən Çinlə olan çoxtərəfli münasibətlərin inkişafında da özünü göstərib. Mərkəz direktoru tədbir iştirakçılarına Çin və Azərbaycan dillərində müxtəlif illərdə nəşr olunmuş Heydər Əliyevin Azərbaycan- Çin arasında olan tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərdən bəhs edən kitabları təqdim etdi.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev öz novbəsində qeyd etdi ki, rəhbərlik etdiyi fakültənin nəzdində olan mərkəzlər, o cümlədən Çin dili və mədəniyyət mərkəzi universitetin xarici əlaqələrinin qurulmasında səy göstərir. Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu deyən A. Nağıyev Ümummilli liderin Azərbaycanın xarici əlaqələrinin möhkəmləndirilməsində xidmətlərindən bəhs etdi. A. Nağıyev Heydər Əliyevin Azərbaycan vətəndaşlarını müəyyən məram və məqsəd ətrafında birləşdirən azərbaycançılıq ideologiyasını yaratdığını bildirdi.
Sonra Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri və “İrəli” ictimai birliyinin nümayəndələri Ümummilli liderin fəaliyyətindən, o cümlədən 1994-cü ildə Çin Xalq Respublikasına olan tarixi səfərindən və Heydər Əliyevin iki ölkə arasında olan münasibətlərin daha da dərinləşməsində olan xidmətlərindən söz açdılar. Çıxışlarda Azərbaycan və Çin arasında iqtisadi və mədəni əlaqələrin mövcud vəziyyətindən danışıldı.
Tədbirdə Heydər Əliyevin hökumət rəsmiləri, Çin hökumət nümayəndələri ilə görüşü və onun diplomatik tədbirlərdə çıxışlarını özündə əks etdirən fotoslayd nümayiş olundu.
Sonda “İrəli” ictimai birliyinin nümayəndələrinə Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi tövhələrdən bəhs edən “İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı 2003-2013-cü illər” adlı kitab hədiyyə edildi.
Xatırladaq ki, kitab Çin və Azərbaycan dilində Çin dili və mədəniyyət mərkəzi tərəfindən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi altında hazırlanıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !