Azər Həsrət: Dövlət babamız niyə böyüklük etməsin? -

Azər Həsrət: Dövlət babamız niyə böyüklük etməsin?

Bəli, səsvermə bitdi, sonuclar da rəsmi və ya qeyri-rəsmi elan edildi. Bəlli oldu ki, seçkini Prezident İlham Əliyev 85, əsas müxalif namizəd Cəmil Həsənli isə cəmi 5 faiz səslə başa vurub. Ötən yazımda da qeyd etdiyim kimi, müxaliflər əsl sonucların ciddi şəkildə fərqləndiyini deyərək kütləvi saxtalaşdırmaların olduğunu iddia edirdilər. Və bununla da özlərinə təsəlli verirdilər. Yəni, “baxın, əgər ədalətli seçki olsaydı biz İlham Əliyevi darmadağın edərdik”. Bu fikir 20 ildir bütün seçkilərdən sonra səsləndirilir. Ancaq dəyişən bir şey yox ki, yox.

İqtidar qələbəsini bayram etməkdəykən müxaliflər də son ümid yeri kimi beynəlxalq müşahidəçi missiyalarının ağzına göz dikmişdi. Ancaq onlar da ard-arda İlham Əliyevin qələbəsini etiraf edirdilər. Elə bil hamısı sözləşibmiş kimi, seçkinin şəffaf və sakit keçdiyini, vətəndaşların öz iradələrini ifadə etməsi üçün hər cür şərait yaradıldığını deyirdilər. Yalnız bir qurum qanun pozuntularından danışırdı: ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu. Bu isə narazı müxalifət üçün yeganə və göydəndüşmə tutarqa idi. Amma bir az keçmədi ki, bu qurum da müxalifləri kədərləndirəcək açıqlama ilə çıxış etdi. Qurumun müşahidə missiyasının rəhbəri xanım Tana de Zulueta bəyan etdi ki, müşahidə edilmiş pozuntulara baxmayaraq seçkinin sonucları şübhə altına alına bilməz. Yəni İlham Əliyev qanuni yolla seçilib və bu məsələ müzakirə mövzusu deyil.

Durum bundan ibarət idi. Kütləvi pozuntuyla keçdiyi iddia edilən seçkidən dərhal sonra narazı müxalifət küçələrə çıxmalı idi. Çünki buna, özünün iddia etdiyi kimi, haqqı vardı. Ancaq bu, baş vermədi. Müxaliflər qəzet səhifələrində, ABŞ-ın Azərbaycanın iç işlərinə müdaxilə üçün ayaqda tutduğu “Azadlıq” radiosunun efirində hakimiyyəti asıb-kəsdilər. Cəmi iki mitinq cəhdi oldu. İlk mitinq bir qədər kütləvi alınsa da ikinci mitinq heç onun yarısı qədər də olmadı. Və mübahisə və müzakirələr artıq yavaş-yavaş müxalifət-hakimiyyət müstəvisindən müxalifət-müxalifət müstəvisinə doğru yönəldi və seçkidən cəmi bir ay sonra isə demək olar ki, gündəmdən çıxdı. Təbii ki, adda-budda toplantı və müzakirələri, müxalifətin əsas ruporu olan “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin səhifələrində gedən müzakirələri nəzərə almasaq.

Müxalifət daha bir seçkini tam olaraq uduzdu. Ya zəlzələdən, ya vəlvələdən. Fərq etməz. Gerçək budur ki, Prezident kürsüsündə yenə də İlham Əliyevdir. Komanda da həmin komandadır və dəyişən bir şey, demək olar ki, yoxdur. Yəni çaxçax baş ağrıtsa da dəyirman öz işindədir.

Və ötən yazımda da qeyd etdiyim kimi, müxaliflər bu sonuclara psixoloji olaraq hazır idilər ki, mübarizə müstəvisini dəyişdilər. Yenə də ənənəvi AXCP-Müsavat qarşıdurması alovlanmağa başladı. İflasa uğramış Milli Şura ideyasının yükünü daşımağa məcbur edilmiş Prof. Cəmil Həsənli ortalıqda tək qaldı. Düzdür, elə görüntü verildi ki, Milli Şuranı təşkil edən qurumlar onun arxasındadır. Ancaq keçirdikləri seyrək toplantılara marağın olmaması, Rüstəm İbrahimbəyovun faktiki olaraq öz pozucu rolunu davam etdirməsi bir daha təsdiq etdi ki, bu qurum ətrafında toplaşan müxalif kəsim öncədən əmin olduğu builki məğlubiyyəti yükləmək üçün doğrudan da zamanında tədarük görübmüş. Elə olmasaydı qosqoca professor meydanda yalqız başına çırpınmaz, düşdüyü arzuedilməz durumdan çıxmaq üçün mübarizə görüntüsü yaratmağa məcbur olmazdı.

İndi onu da nəzərə alaq ki, Milli Şura ətrafında mübahisələr faktiki olaraq o qurumu yox edib. İddia edilsə də ki, bu qurum fəaliyyətdədir, fakt odur ki, onun heç bir effektiv işi gözə dəymir. Və dəyməsi də öngörülə bilməz. Buna görə də mübahisələrə son verib ziyanın burasından da geri dönmək olar. Bəs necə?

Prof. Cəmil Həsənli siyasətdən birdəfəlik uzaqlaşaraq yenə də əvvəlki işlərinə qayıtmaqla millətə fayda verməyə davam edə bilər. Bizim bu şəxsin çalışmalarına həqiqətən ehtiyacımız var və onun görə biləcəyi işləri görəcək ikinci bir şəxsimiz yoxdur.

Rüstəm İbrahimbəyov da siyasətdən birdəfəlik əl çəkərək yaxşı bacardığı kino işilə məşğul olmalıdır. Onun bütün siyasi ambisiya və hərəkətlərini unutdurmaq üçün ata biləcəyi bir addım var. Yazılarımın birində də qeyd etdiyim kimi, Rüstəm müəllim Azərbaycanın çox ehtiyac duyduğu Qarabağ mövzusunda Hollivud səviyyəli bir film çəkərək doğrudan da millətə xidmət edə bilər.

Hakimiyyətin üzərinə düşən vəzifə isə bundan ibarət olardı ki, hər iki şəxsin siyasi oyunlardakı iştirakını unudub onların yaxşı bacardıqları işlərinə geri dönmələri üçün şərait yaratsın. Bəli, bu gün nə Cəmil Həsənlini, nə də Rüstəm İbrahimbəyovu itirməyə dəyməz. Onların hər ikisi bilərəkdən və ya bilməyərəkdən siyasi oyunlara cəlb edilmələrinə baxmayaraq Azərbaycana lazımdır. Təbii ki, heç birini prezident kürsüsündə təsəvvür edə bilmirəm. Ancaq bu vaxtadək məşğul olduqları elm və sənət sahəsində hər ikisi nəhəng fiqurlardır. Elə isə dövlət babamız niyə onlara qarşı böyüklük etməsin? Etsin və umu-küsünü, inciklikləri unudub öz övladlarına qucaq açsın. Elə bu övladlar da daşı ətəklərindən töküb dövlətə sığınsınlar ki, mənasız siyasi qovğalara alət olmuş insanlarımız da rahat nəfəs ala bilsin.

1-ci yazı: Seçkidən iki il öncə
2-ci yazı: Birinci Xanımın adı ətrafında demaqogiya
3-cü yazı: Milli Şuranı niyə milli saya bilmədim
4-cü yazı: Bir professorun tam olaraq xərclənməsi
5-ci yazı: Sakit keçən səsvermə və kütləvi “pozuntular”nlar ki, mənasız siyasi qovğalara alət olmuş insanlarımız da rahat nəfəs ala bilsin.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !