ADU-da ADU gəncləri QİÇS-ə dur deyir adlı tədbir -

ADU-da “ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir

Dekabrın 4-də Azərbaycan Dillər Universitetində “1dekabr-Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr edilmiş “ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirildi. Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü ilə baş tutan tədbir maarifləndirmə məqsədi daşıyır. Tədbirdə Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, rektorun müşaviri Vazeh Əsgərov, Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov, Regionar Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova, kafedranın müəllimləri və tələbələr iştirak edirdi.
Tədbirdə universitetin tələbələrindən “QİÇS haqqında nə bilirsiniz?” sualı ilə müraciət olunmuş videoçarx nümayiş olundu.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov artıq 25 ildir ki, dünyada 1 dekabr tarixinin “Ümumdünya QİÇS-lə mübarizə günü” kimi qeyd olunduğunu bildirdi. Respublikada bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini söyləyən T. Məhərrəmov bu xəstəliyin tarixi haqqında qısa məlumat verərək 1987-ci ildə Azərbaycanda ilk dəfə bu xəstəliyə yoluxma hallarının qeydə alındığını dedi. O, Azərbaycan vətəndaşları arasında isə 1992-ci ildə bu xəstəliyin aşkar olunduğunu sözlərinə əlavə etdi. Ekspert Azərbaycanın bu sahədə vəziyyəti gərgin olmayan ölkələr sırasında olduğunu diqqətə çatdırdı. O, Azərbaycanda İİV infeksiyası üzrə əsas epidemioloji göstəricilər (1987-2012), İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının cinsi mənsubiyyəti (1992-2012), İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının yoluxma yolları üzrə tərkibi (1992-2012), İİV infeksiyasının əhalinin hər 10 000 nəfərinə yayılma göstəricisi yüksək olan regionlar, İİV infeksiyasından ölən Azərbaycan vətəndaşları, Azərbaycanda İİV infeksiyası epidemiyasının tendensiyaları, UNAİDS-in İİV/QİÇS-lə bağlı “Sıfıra çatdırmaq” siyasəti, Azərbaycanda İİV infeksiyası üzərində nəzarət sistemini tənzimləyən əsas normativ-hüquqi sənədlər, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının infeksion narkotik istifadəçiləri, “İnsanın İmmun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu, Könüllü Məsləhət və Müayinə (KMM) imkanlarının genişləndirilməsi, İİV/QİÇS-lə bağlı risk qrupları ilə aparılan işlər, Ümumi əhali və riskli davranışlı qruplar arasında sanitar-maarifləndirmə işi məsələləri haqqında geniş məlumat verdi.
Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayeva QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da geniş yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirdi. S. Musayeva bu infeksiya, ondan qorunma yolları, profilaktikası haqqında insanların, xüsusən də gənclərin geniş məlumata malik olmalarının vacibliyindən söz açdı.
Kafedranın baş müəllimi Sədaqət Musayevanın və Pedaqoji fakültənin 327-ci qrup tələbəsi Səltənət Həsənovanın təşkil etdiyi QİÇS-lə mübarizənin simvolu olan qırmızı və qara rəngli geyimlərdə rəqsi (flaşmob) nümayiş etdirən tələbələr “Biz ADU gəncləri QİÇS-i tanıyırıq və QİÇS-ə “Yox” deyirik” və digər yazılı plakatlarla rəqslərini yekunlaşdırdılar.
Regionar Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova bu tədbirin keçirilməsində əməyi keçmiş hər kəsə öz minnətdarlığını bildirdi. O, hazırki dövrün gündəmində olan bu aktual problem haqqında bu cür maarifləndirici tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğuladı. M. Qafarova tələbələrin məlumat toplayaraq bu xəstəliyə yoluxmuş insanlardan uzaq durmaq yox, onlara dəstək olmağın düzgün addım olduğunu dərk edəcəklərini bildirdi.
Rektorun müşaviri Vazeh Əsgərov da öz növbəsində bu növ tədbirlərin universitetdə ardıcıl olaraq keçirildiyini vurğuladı və noyabrın 26-da Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən təqdimatla keçirilən QİÇS-lə bağlı tədbiri xatırlatdı. O, bu səpkidə olan tədbirlərə böyük önəm verilməli olduğunu bildirdi.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək bildirdi ki, kafedranın hər zaman bu növ tədbirlər təşkil etməklə gəncləri pis vərdişlər və xəstəliklərdən uzaq durmağa səsləyir və onlardan qorunmağın yolları haqqında maarifləndirmə işləri aparır.
Sonda tələbələr QİÇS-lə mübarizədə qalibiyyət simvolu olaraq tədbiri rəqslə bitirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !