ADU-da ADU-nun professor-müəllim heyətinin 1948-2010-cu illərdə nəşr olunmuş əsərlərinin biblioqrafiyası adlı kitabın təqdimatı keçirildi -

ADU-da “ADU-nun professor-müəllim heyətinin 1948-2010-cu illərdə nəşr olunmuş əsərlərinin biblioqrafiyası” adlı kitabın təqdimatı keçirildi

Dekabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “ADU-nun professor-müəllim heyətinin 1948-2010-cu illərdə nəşr olunmuş əsərlərinin biblioqrafiyası” adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov universitetin həyatında əlamətdar bir hadisənin şahidi olduqlarını iştirakçıların diqqətinə çatdırdı. İki dildə - Azərbaycan və rus dillərində nəşr olunun kitabın ərsəyə gəlməsində xidməti olan şəxslərə təşəkkürünü bildirən rektor Səməd Seyidov əsərin nəşr olunmasını universitetin elmə verdiyi qiymətdən irəli gəldiyini bildirdi. Rektor elmi fəaliyyətin böyük zəhmət tələb etdiyini və yaradıcılıq prosesinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi. ADU rəhbəri bildirdi ki, əsərləri bir yerə toplayaraq biblioqrafiya hazırlamaq nə qədər çətin olsa da bir o qədər də şərəfli və əhəmiyyətli bir işdir. Universitetin kitabxanasının əməkdaşlarının Elmi hissə ilə birlikdə bu məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəldiyini deyən rektor S. Seyidov fundamental biblioqrafik göstəricinin yüksək səviyyədə hazırlandığını vurğuladı. O, bildirdi ki, böyük zəhmət tələb edən elmi göstəricinin tərtibi ali məktəblər arasında ilk təşəbbüs olduğundan qiymətli bir əsərdir. Səməd Seyidov əsərin dilçilik elminin inkişafında mühüm təsir göstərəcək sanballı elmi bir əsər kimi meydana çıxdığını da diqqətə çatdırdı.
Rektor biblioqrafiyanın gələcəkdə digər dillərdə nəşr olunacağına, eləcə də elektron versiyasının da hazırlanacağına əminliyini ifadə etdi.
Biblioqrafiyanın elmi redaktorlarından biri olan Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev isə çıxışında bu işə 1985-ci ildən başlanıldığını və geniş elmi araşdırmalar aparılaraq əhəmiyyətli bir əsər kimi meyadana gəlməsindən söz açdı. Ə. Əliyev bildirdi ki, bu prosesə bir müddət subyektiv səbəblərdən fasilə verilsə də, 2000-ci ildən Səməd Seyidovun universitetə rektor təyin olduqdan sonra yenidən kitabın hazırlanması istiqamətində fəaliyyətə başlanıldı. O, əsərin ərsəyə gəlməsində kitabxanada çalışan işçilərin böyük zəhmətinin olduğunu da sözlərinə əlavə etdi.
Kitabın elmi redaktoru, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov biblioqrafiyanın əhəmiyyətindən danışdı. Elmi redaktor kitabda ali təhsil müəssisəsi yarandığı ildən son illərə kimi universitetdə çalışan və elmi əsərlər yazan professor-müəllim heyətinin əsərlərinin yer aldığını qeyd etdi.
Kitabın tərtibçilərindən olan, ADU kitabxanasının əməkdaşı Səkinə Qasımova çıxış edərək biblioqrafiyanın əhəmiyyətli bir əsər kimi meydana çıxdığını və bu işə dəstək olan rektor Səməd Seyidova minnətdarlığını bildirdi.
Müasir fransız dili kafedrasının müdiri, professor Bilal İsmayılov, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Tələbə Elmi Cəmiyyətinin sədr müavini Vahid Ərəbov da çıxışlarında bibloqrafiyanın mühüm əhəmiyyətə malik olan bir əsər olduğunu bildirdilər.
Qeyd edək ki, kitab bu il “Mütərcim” nəşriyyatında iki dildə - Azərbaycan və rus dillərində çap olunub. Kitabın elmi redaktorları ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov və Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyevdir.
Tərtibatçıları isə Səkinə Qasımova, Şükufə Məmmədova, Zümrüd Qasımova, Firuzə Şıxıyeva, Zalxa Cəfərova və Ziyadə Atakişiyevadır. Kompüter tərtibatçısı Sədaqət Yusifovadır.
Kitaba ön sözü ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yazıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !