Gənc yazar Pərvin Nurəliyeva ADU tələbələri ilə görüşdü -

Gənc yazar Pərvin Nurəliyeva ADU tələbələri ilə görüşdü

Noyabrın 27-də Azərbaycan Dillər Universitetində gənc yazar Pərvin Nurəliyeva ilə tələbələr arasında görüş keçirildi. Görüş Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Sevinc Kazımovanın təşəbbüsü ilə baş tutdu. Görüşdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, kafedranın müəllimləri və Filologiya və Jurnalistika fakültəsinin 240 (a), 240 (b) qrup tələbələri iştirak edirdi.
Universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının yazarlarla daim silsilə tədbirlər keçirdiyini dedi. O, tədbirdə qonaq olan Pərvin Nurəliyevanın gənc olmasına baxmayaraq, xeyli mükafatlar, uğurlar əldə etdiyini söylədi. Hazırki gəncliyin çox irəli getdiyini, çox uğurlara sahib olduqlarından danışan prorektor elmə yiyələnməyin çətin olduğunu və bunun üçün zəhmət çəkməyin labüdlüyünü vurğuladı. Prorektor Dünyamin Yunusov Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında Azərbaycan Dillər Universitetinin hər zaman öndə gedən universitet olduğunu bildirdi.
Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova çıxış edərək bu tədbirin açıq dərs mahiyyətinə malik olduğunu dedi. O, bu kimi tədbirlərin gələcəkdə daha geniş şəkildə, daha çox tələbələri cəlb etməklə keçirilməsini arzuladı. Gənc yazarın əsərləri ilə maraqlanan dekan P. Nurəliyevanın “Balerina” povesti haqqında onu maraqlandıran suallarla müəllifə müraciət etdi.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva gənc yazarın fəaliyyət göstərdiyi “525-ci qəzet”dən söz açdı. Bu qəzetin bir çox ziyalıların tribunası olduğunu deyən F. Səfiyeva qəzetin hər şənbə dərc olunan saylarında ədəbiyyata geniş yer verildiyini söylədi. O, tələbələrə hekayələr, məqalələr yazıb “525-ci qəzet”ə dərc olunması üçün müraciət edə biləcəklərini xatırlardı. Fəridə Səfiyeva bugünkü görüşdən tələbələrin çox dəyərli nəticələr çıxarmalı olduqlarını bildirdi. O, bugünkü gənclərlə fəxr etdiyini və hər zaman gənc nəslə dəstək olub onlara yol açmağın zəruri olduğunu söylədi.
Bir çox əsərlərin müəllifi, gənc yazar Pərvin Nurəliyeva tələbələrə özü haqqında geniş məlumat verdi. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin məzunu olan yazar təhsil aldığı illəri, pedaqoji fəaliyyəti, “525-ci qəzet”dəki layihələri, öz əsərləri, onların mövzuları, yazarlıq həvəsinin necə yaranması haqda ətraflı danışdı. O “525-ci qəzet”də “Pərvinin həmsöhbəti”, “Dahilərin qadınları”, “Yüz gözəl sevgi şeiri” kimi layihələrindən də söz açdı. “Milli Kitab”, “Qızıl Kəlmə” və “Beynəlxalq Rəsul Rza” mükafatlarının qalibi olduğunu deyən gənc yazar gənclərin zəhmət çəkdikləri, çalışqanlıq göstərdikləri halda hər zaman uğur əldə edəcəyindən əminliyini dilə gətirdi.
Daha sona universitetin Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Ülkər Salamova “525-ci qəzet”in fəaliyyətindən bəhs edən təqdimatla çıxış etdi.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !