Azər Həsrət: Prezident Əliyevlə görüşə sözardı -

Azər Həsrət: Prezident Əliyevlə görüşə sözardı

 

      “Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir.”
Prezident İlham Əliyevin media təmsilçilərilə 24 noyabr 2013-cü il tarixli görüşündəki çıxışından

Prezident İlham Əliyevin noyabrın 24-də Zuğulbadakı iqamətgahında bir qrup jurnalisti qəbul etməsi Azərbaycanda doğrudan da yeni bir gündəm yaratdı. Görüş və onun təfərrüatları haqqında mediada ayrıntılı bilgi verildiyi üçün bunun üzərində dayanmaq istəməzdim. Amma çox istərdim ki, görüşlə bağlı təəssüratlarımı paylaşım. Hər halda Prezidentlə görüşün rəsmi tərəfilə bərabər ən adi insani tərəfləri də ayrıca qiymətləndirilməlidir.

Diqqətimi çəkən ilk məqam Prezidentin onsuz da sıx olan gündəliyinə baxmayaraq bu görüşü uyğun görməsi, özü də istirahət edəcəyi halda bazar gününə salması oldu. O da bizim hər birimiz kimi bazar günü istirahət etmə haqqına sahibdir. Amma özünün də dediyi kimi “Prezidentin iş rejimi normalaşdırılmır” və o, bayram-bazar demədən işləyir.

Digər məqam bu oldu ki, Prezident bu qəbulda həddən ziyadə təvazökar, sadə və açıq fikirli bir insan təsiri bağışladı. Düzdür, onun bu keyfiyyətlərini mediadan izlədiyimiz fəaliyyətlərində də fərq edirik. Ancaq üzbəüz görüşüb də bu halı müşahidə etməyin başqa yeri var.

Ölkə başçısı “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin 2013-cü il üçün “Jurnalistlərin dostu” mükafatını qəbul etdikdən sonra etdiyi çıxışda bizim məhz onun dilindən eşitmək istədiyimiz bir çox məsələlərə toxundu. Özü də tam açıq, sərbəst və görüşdə iştirak edən ağsaqqalımız Şirməmməd Hüseynovun sözüylə desək, “şparqalkasız” çıxış etməsi diqqətimi çəkdi.

Onun çıxışındakı ardıcıllıq, özünə əminlik və məhz Azərbaycanın dövlət müstəqilliyinə bağlılıq diqqət çəkməyə bilməzdi. Prezident Əliyev öz çıxışında Azərbaycanda medianın durumu, dövlət-media münasibətləri ilə bərabər ümumi strateji maraqlar ətrafında da fikirlərini paylaşmaqla bu ölkənin müstəqil siyasətindən yana olan bizləri bir daha əmin etmiş oldu.

Eyni zamanda o, Azərbaycanın milli-mənəvi dəyərlərinə bağlılığını öz fikirlərilə təkrar təsdiqləmiş oldu. Demək ki, cənab Prezident hər zaman bu dəyərlərin keşiyində durmaqda israrlıdır. Zatən bizim ondan gözləntimiz də budur.

İstər ilk, istərsə də yekun çıxışında Azərbaycanın bir dövlət olaraq tarixinə sahiblənmək, tarixi şəxsiyyətlərimizə dəyər verməyi qeyd etməsi də diqqətdən qaçmadı. Özəlliklə də Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucularından olan Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski haqqında danışması, Azərbaycan Respublikasının məhz bu şəxslərin qurduğu dövlətin varisi olmasına diqqət çəkməsi yenə də bizi sevindirəcək məqamlardandır.

Nəzərə almaq lazımdır ki, siyasi opponentlər durmadan Prezident İlham Əliyevi və bütövlükdə onun hakimiyyətini Xalq Cümhuriyyətinə, onun qurucularına ögey münasibətdə qınayır. Daha bir qınaq isə guya Prezident Əliyevin Azərbaycan Respublikasının 2-ci müstəqilliyinə aparan milli azadlıq mücadiləsini inkar etməsilə bağlıdır. Lakin Prezidentin çıxışında açıq mətnlə Xalq Cümhuriyyətilə bərabər 1980-ci illərin sonunda başlayıb müstəqilliyə gətirib çıxarmış xalq hərəkatına da yer verildi və bu da göstərdi ki, İlham Əliyev heç nəyi nəinki inkar etmir, əksinə, Azərbaycan tarixinin bu hissəsinə də yetərincə dəyər verir.

İfadə azadlığından yana olan birisi kimi bir məqamı ayrıca qeyd etmək istərdim. Prezident özünün ilk çıxışını bitirdikdən sonra masa arxasında əyləşənlərə üzünü tutub, “buyurun, kimin fikri varsa, dinləyək” deməklə hər kəslə söhbətə hazır olduğunu göstərdi. Çünki oraya toplaşanlar tək bir kəsimi – hakimiyyət mediasını təmsil etmirdi. “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” kimi birbaşa hakimiyyətə bağlı olan qəzetlərdən tutmuş “Yeni Müsavat”, “Bizim yol” kimi özünün radikal mövqeyi ilə seçilən qəzetlərə kimi görüşdə təmsil edilirdi. Hələ nəzərə almaq lazımdır ki, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu eyni zamanda Prezidentə qarşı kəskin mövqeyi ilə seçilən Müsavat Partiyasının təmsilçisidir. Ancaq cənab Prezident bunu da adi hal kimi qəbul edərək Rauf bəyə də çıxış üçün şərait yaratdı. Yəni siyasi mövqeyinə görə kimsəyə ayrıseçkilik edilmədi.

Yeri gəlmişkən, Rauf Arifoğlunun çıxışında qaldırdığı məsələlərlə bağlı Prezident Əliyevin qeydlər götürməsi, yekun çıxışında həmin və digər məsələlərə ayrıca münasibət bildirməsi də diqqətimizdən yayınmadı.

Və sonda Prezidentin görüşə qatılanlarla tək-tək görüşərək hal-əhval tutması, zarafatlaşması, səmimi münasibət qurması bir daha göstərdi ki, o, ölkənin ən ali vəzifəsini daşısa da sadə, təvazökar, səmimi və açıq bir şəxsiyyətdir.

Ümumilikdə isə belə bir qənaətə gəldim ki, Prezident Əliyev medianın üzləşdiyi problemlərdən yetərincə xəbərdardır, həmin problemlərin həll edilməsi üçün dövlətin bütün imkanlarını səfərbər etməyə hazırdır və media azadlığını əngəlləmək istəyənlərə qarşı dözümsüzdür.

O, həm də hər kəslə, hər mövzuda açıq söhbət etməyə hazırdır. Çünki bundan çəkinməsi üçün bir səbəb yoxdur.

 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !