ADU-da karyera günü və iş yarmarkası keçirilir -

ADU-da karyera günü və iş yarmarkası keçirilir

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin və ADU-nun İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzinin təşkilatçılığı ilə karyera günü və iş yarmarkası keçirilir. Yarmarkada dövlət qurumları, eləcə də özəl sektoru təmsil edən təşkilatlar iştirak edir.
Karyera günü və iş yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçiləri tapmaq, həmçinin gəncləri işlə təmin etməyə kömək etmək məqsədi daşıyır.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin nümayəndəsi Aynur Piriyeva təmsil etdiyi birliyin fəaliyyət istiqamətləri və həyata keçirdikləri tədbirlər haqqında geniş məlumat verdi.
ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva isə çıxışında belə yarmarkaların keçirilməsinin gənclərin karyera qurmasında və gələcək fəaliyyətlərində önəmini qeyd etdi.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev universitet rəhbərliyi adından müəssisə və şirkət nümayəndələrini salamlayaraq onlara uğurlar arzuladı. Prorektor çıxışında ADU-nun məzunlarının bir sıra dövlət orqanlarında, eləcə də diplomatik korpuslarda çalışdığını və bu kimi tədbirlərin gənclərin karyera quruculuğunda vacibliyini vurğuladı.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev də yarmarkanın əhəmiyyətindən danışdı.
ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stefen Qays ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin fəaliyyətini təqdir etdi və səfirlyin bu təşkilatla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, tədbir və proqramlar vasitəsilə ABŞ-la Azərbaycan arasındakı ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiklərini diqqətə çatdırdı.
Karyera günü və iş yarmarkası sonuncu kurs bakalavr və magistratura tələbələrinə və işsiz gənclərə açıqdır. Onlara əmək bazarında lazım olan bacarıqlar öyrədiləcək, həmçinin də öz karyera hədəflərini təyin etməyə köməklik ediləcək.
İştirakçılar müxtəlif şirkətlərin nümayəndələri ilə danışa biləcək, İnsan Resursları (HR) menecerləri ilə məsləhətləşmək və Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar və işəgötürmə prosedurları haqqında informasiya almaq şansı qazanacaqlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !