ADU-da Parazitar xəstəliklər və onun profilaktikası mövzusunda tədbir keçirildi -

ADU-da “Parazitar xəstəliklər və onun profilaktikası” mövzusunda tədbir keçirildi

Noyabrın 22-də Azərbaycan Dillər Universitetində “Parazitar xəstəliklər və onun profilaktikası” mövzusunda tədbir keçirildi. Tədbir Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının təşəbbüsü və kafedranın baş müəllimi Nahidə Məmmədovanın təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov, kafedranın müəllimləri, Pedaqoji və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak edirdi. “Parazitar xəstəliklər və onun profilaktikası” mövzusunda keçirilən tədbir müəllim və tələbələr arasında maarifləndirmə məqsədi daşıyırdı.
Tədbiri giriş sözü ilə açan Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova kafedranın daim aktual mövzulardan bəhs edən silsilə tədbirlər keçirdiyini söylədi. O, bu kimi tədbirlərin insanlara düzgün yol göstərmək, narkomaniya, içki aludəçiliyi və bir sıra digər pis vərdişlərdən uzaq olmaq üçün maarifləndirmə məqsədinə qulluq etdiyini dedi. Xoşbəxt həyatın insanın sağlamlığı ilə birbaşa əlaqədar olduğunu diqqətə çatdıran S. Zamanova hər kəsə sağlam həyat arzuladı.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov çıxışında “Gənclər bizim gələcəyimizdir” sözlərini əsas tutaraq sağlam gənclərin yetişmədiyi təqdirdə sağlam gələcək haqqında düşünməyin əhəmiyyətsiz olduğunu bildirdi. Daha sonra parazitar xəstəliklər, onların yaranma səbəbləri və qarşısını almaq üçün lazım olan profilaktik tədbirlərdən bəhs etdi. Bir sıra yoluxucu xəstəliklərin xüsusiyyətlərindən danışan S. Məmmədov “Malyariya” xəstəliyi haqqında ətraflı məlumat verdi. O, bu xəstəliyin yaranması, əlamətləri və simptomları, Malyariya paraziti, xəstəliyin geri qayıtması, diaqnozu və müalicəsinin necə aparıldığı barədə geniş bəhs etdi. O, xəstə olduqda insanın həyat eşqinin də söndüyünü bildirdi və bu səbəbdən də hər kəsin öz sağlamlığının qeydinə qalmasının zəruri olduğunu vurğuladı.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !