Mingəçevirdə Mən fəxr edirəm ki, azərbaycanlıyam layihəsi çərçivəsində konfrans keçirilmişdir -

Mingəçevirdə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində konfrans keçirilmişdir

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilati dəstəyi ilə Mingəçevir Politexnik İnstitutunda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı layihə çərçivəsində konfrans keçirmişdir. AzərTAc xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin oxuması ilə başlamışdır.
Konfransda çıxış edən TUMİB-in sədri Çingiz Bayramov bildirmişdir ki, layihənin əsas məqsədi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində yaşayan yeniyetmə və gənclər arasında vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı geniş informasiya yaymaq və bu sahədə təcrübəni bölüşmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmaq hissləri aşılamaqdır. Qeyd olunmuşdur ki, dünya azərbaycanlılarını birləşdirən məfkurə müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətinin daha da güclü olması üçün gənclərin və yeniyetmələrin ideoloji cəhətdən silahlanması vacibdir.
Konfransda yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən də söhbət açılmışdır. Məlumat verilmişdir ki, layihə çərçivəsində rəsm, şeir və mahnı müsabiqələri, gənc jurnalistlər arasında isə yazı müsabiqəsi keçirilmişdir. Qaliblərə mükafatlar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində təqdim ediləcəkdir.
Daha sonra tədbirdə çıxış edən Jurnalist Araşdırmalar İctimai Birliyinin sədri Seymur Verdizadə, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə gənclərə üz tutaraq demişlər ki, Azərbaycan bu gün dünyada yaşayan 60 milyona yaxın azərbaycanlının Vətənidir. Azərbaycan dövlətinin daha güclü olması naminə gənc nəslin milli ruhda böyüməsinə kömək etmək hər kəsin, xüsusən hər bir ziyalının vətəndaşlıq borcudur.
Konfransda tələbələri maraqlandıran suallara cavab verilmişdir.
Tədbirin sonunda bir qrup fəal gəncə TUMİB-in diplomu təqdim edilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !