İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və ADU tələbələri arasında görüş keçirildi -

İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və ADU tələbələri arasında görüş keçirildi

Noyabrın 19-da Demokratik Partiya Fraskiyasının üzvü Ferrari Roemavinin rəhbərlik etdiyi İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Azərbaycan Dillər Universitetində oldular. Nümayəndə heyəti və Universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasının I kurs tələbələri arasında görüş keçirildi. Tədbirdə universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto, Ümumi dilçilik kafedrasının professoru, İndoneziya dili üzrə mütəxəsssis Həbib Zərbəliyev, İndoneziya Araşdırmalar Mərkəzinin müdiri Laura Zərbəliyeva və tələbələr iştirak edirdi.
Tədbirdə çıxış edən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev qonaqları salamladı. ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən söz açan dekan tələbələrin mütəmadi olaraq İndoneziyaya göndərildiklərini və oradan yüksək təəssüratlarla geri döndüklərini bildirdi. O, tələbələrin İndoneziya dili və mədəniyyətinə böyük maraq göstərdiklərini söylədi. Universitetdə keçirilən görüşlərdən bəhs edən A. Nağıyev bu kimi görüşlərin tələbələrin ölkəyə və dilə olan marağının artmasında və bu istiqamətdə yüksək biliklərə yiyələnməsində müsbət təsir göstərdiyini vurğuladı.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto çıxışında tələbələrin İndoneziya dilinə göstərdikləri maraq və bu dili öyrənməkdə etdikləri cəhdlərdən fəxr hissi duyduqlarını bildirdi. O, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətinin ölkələrarası əlaqələrin inkişafında böyük rol oynadığını bildirdi. Səfir Dostluq qrupuna İndoneziya Araşdırmalar Mərkəzinin kitabxanasına İndoneziyadan kitabların gətirilməsi haqda təklif irəli sürdü.
Görüşdə Dostluq Qrupunun üzvləri İndoneziya dili, mədəniyyəti, tarixi, siyasəti haqqında məlumat verdilər. Sual-cavab xarakteri daşıyan görüşdə qonaqlar tələbələrin İndoneziya dilinə maraq göstərdiklərini və bu dili yüksək səviyyədə mənimsədiklərini vurğuladılar.
Sonda səfir ADU-nun İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin Azərbaycan Diplomatik Akademiyasında keçirilən III Ənənəvi Beynəlxalq Festivalda nümayiş etdirdikləri İndoneziya rəqsinə görə qazandıqları diplomu Mərkəzin müdiri Laura Zərbəliyevaya təqdim etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !