Polşa səfiri ADU-da Azərbaycan dilində təqdimatla çıxış etdi -

Polşa səfiri ADU-da Azərbaycan dilində təqdimatla çıxış etdi

Noyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda “Şərq Tərəfdaşlığı” mövzusunda təqdimatla çıxış etdi. Təqdimat mərasimində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, həmin fakültənin Britaniyaşünaslıq və Amerikaşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak edirdi.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev çıxış edərək bildirdi ki, bu kimi təqdimatlar gələcəyin diplomatlarının formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
“Şərq Tərəfdaşlığı” mövzusunda təqdimatla çıxış edən Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda Avropa İttifaqının həyata keçirdiyi proqram haqqında Azərbaycan dilində tələbələrə geniş məlumat verdi. O, bildirdi ki, “Şərq Tərəfdaşlığı” proqramı Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. M. Labenda "Şərq tərəfdaşlığı" proqramını Avropa İttifaqının altı qonşu ölkəsinin: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukraynanı əhatə etdiyini tələbələrin diqqətinə çatdırdı.

Səfir proqramın siyasi əməkdaşlıq, insanlararası ünsiyyət səviyyəsində əməkdaşlıq, viza rejiminin yüngülləşdirilməsi, iqtisadi əməkdaşlıq üçün tamamilə yeni şərtlərin meydana gətirilməsi və müəyyən mənada siyasi inteqrasiyanı əhatə etdiyini dedi.
Polşalı diplomat təqdimatda Dörd Şərq Tərəfdaşlığı Plartforması, Altı Flaqman Təşəbbüsündən də söz açdı.
O, çıxışında Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsinin fəaliyyətinə də toxundu. Səfir Erasmus Mundus proqramında 2007-2013 illər ərzində 252 min insanın iştirak etdiyini və bu insanların 28 ölkənin 1000-ə yaxın universitetindən yararlandığını qeyd etdi. Azərbaycana gəldikdə isə, M. Labenda bildirdi ki, 2010-2012-ci illər ərzində bu proqramdan 230-dan yuxarı insan faydalanıb.
Diplomat təqdimatında təmsil etdiyi ölkənin təqaüd proqramları haqqında da məlumat verdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !