ADU-da Tələbələrin təhülükəsizliyi diqqət mərkəzində -

ADU-da “Tələbələrin təhülükəsizliyi diqqət mərkəzində”

Noyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Tələbələrin təhülükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktiki konfrans keçirildi. Tədbir Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə üç ildir ki, qurulan əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə məqsədli tədbir fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılayır, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasına və ya artıq baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında insanları məlumatlandırır.
Nəzəri və praktiki olmaqla iki hissədən ibarət olan konfransda çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev ADU-nun rektoru, professor Səməd Seyidov, professor-müəllim heyəti və tələbələrin adından qonaqları salamladı. O, respublika miqyasında həyata keçirilən bu tədbirin ADU-da keçirilməsinin universitetə verilən qiymətin nəticəsi olduğunu bildirdi. Prorektor Fövqəladə Hallar Nazirliyinin bu tədbiri ərsəyə gətirməsi üçün möhtəşəm şəkildə hazırlaşdıqlarını söylədi. Ə. Əliyev nazirliyin ali təhsil müəssisələrində bu cür maarrifləndirici tədbirlərin keçirməsini təqdir etdi.
Bakı Regional Mərkəzi rəisinin müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov öz növbəsində universitet rəhbərliyi başda olmaqla, bu tədbirin keçirilməsində köməklik göstərmiş hər kəsə təşəkkürünü bildirdi. Fövqəladə halların gətirdiyi zərərlərdən bəhs edən polkovnik fövqəladə hallar zamanı insan tələfatının və dəyə biləcək maddi itkilərin miqyasının minimuma endirilməsi üçün məlumatlı olmaq və bu cür hallarda hərəkət qaydalarını bilməyin çox vacib olduğunu söylədi. Fövqəladə hallara daim hazırlıqlı olmaq üçün maarifləndirmə tədbirlərinin müstəsna rolu olduğunu qeyd edən C. Məmmədov Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Odlar Yurdu Universitetində müxtəlif səpkili elmi-praktik konfranslar və təlim kurslarının baş tutduğunu vurğuladı.
Daha sonra çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov ADU-nun mövcud yaxşı ənənəsinə, yeni ideyalarına və aktiv tələbələrinə görə hər zaman seçilən bir ali təhsil ocağı olduğunu bildirdi. O, insanların fövqəladə halların baş verməsindən siğortalanmadıqlarını və bu nöqteyi-nəzərdən bu növ maarifləndirici tədbirlərin böyük əhəmiyyətə malik olduğnu söylədi.
Konfransın nəzəri hissəsində Operativ məlumat şöbəsinin rəisi, idarə rəisinin müavini, polkovnik - leytenant Vaqif Teymurov “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları”, Statistika sektorunun baş məsləhətçisi Fərid Məmmədhüseynov “Fövqəladə halların təsnifatı”, Operativ məlumat şöbəsinin baş zabiti, baş leytenant Pərviz Əliyev və ADU-nun Pedaqoji fakültəsinin tələbəsi Aytac Qalibqızı “Kollektiv mühafizə qurğuları”, Təşkilati səfərbərlik bölməsinin baş zabiti, baş leytenant Toğrul Vəliyev və ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Zümrüd İsmayılova “Təbii fövqəladə hallar zamanı nə etməli”, Mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti, baş leytenant Rauf Məmmədov və ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Elnurə Ağayeva “Yanğın - partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, Operativ məlumat şöbəsinin zabiti, daxili xidmət baş leytenantı Elşən Zeynalov, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Aysel Paşalı və Pedaqoji fakültənin tələbəsi Röya Məmmədova “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, Radiasiya, bioloji və kimyəvi təhlükəsizlik sektorununbaş məsləhətçisi Pərvin Ələkbərova və ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Cavidan Qasımlı “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli” və Dövlət sularda xilasetmə xidmətinin təbliğat və təşviqat sektorunun müdiri Mənsur Piriyev “Su hövzələrində xilasetmə qaydaları” mövzularında təqdimatla çıxış etdilər. Fövqəladə Hallar Nazirliyinin struktur qurumları və təbii hallara daxil olan zəlzələ hadisəsini özündə əks etdirən videoçarxlar nümayiş olundu.
ADU-nun Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Məzmurə Zeynallı “Sarı gəlin” və Pedaqoji fakültənin tələbəsi Çoşqun Dadaşov “Azərbaycan” mahnılarını ifa etdikdən sonra konfrans praktik hissə ilə davam etdi.
Konfransın praktik hissəsində Bakı Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin şəxsi heyəti “Xilasetmə texnikası və avadanlıqlarının təyinatı və istifadə qaydaları”, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları “Xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqların təyinatı və iş prinsipləri”, Mülki Müdafiə qoşunlarının əməkdaşları “Fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri”, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları “Yanğınsöndürmə vasitələrinin təyinatı və istifadə qaydaları”, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları “Sularda xilasetmə vasitələrinin təyinatı və istifadə qaydaları”, FHN Tibb xidmətinin və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları “Fövqəladə hallar zamanı ilkin tibbi yardım” və Bakı Regional MərkəzininXüsusi xilasetmə xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin, əməkdaşları “Axtarış-xilasetmə əməliyyatları üzrə nümunəvi praktik təqdimatlar” mövzusunda fövqəladə hallarla bağlı bilikləri Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin texniki avadanlıqlarından istifadə edərək əyani olaraq nümayiş etdirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !