ADU tələbəsinin Tələbədən tələbəyə layihəsi çərçivəsində fərdi rəsm sərgisi açıldı -

ADU tələbəsinin“Tələbədən tələbəyə” layihəsi çərçivəsində fərdi rəsm sərgisi açıldı

Noyabrın 4-də Azərbaycan Dillər Universitetində “Tələbədən tələbəyə” layihəsi çərçivəsində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun göstərişi ilə universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının I kursunda təhsil alan Ayan Kərimovanın fərdi rəsm sərgisinin nümayişi keçirildi.
Sərgidə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov nümayiş olunan rəsm nümunələri ilə tanış oldu. O, A. Kərimovaya bu istiqamətdə gələcək fəaliyyətində uğurlar arzuladı.
Sərgidə, eyni zamanda ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış etdi. Prorektor bu yaxınlarda layihənin birinci mərhələsində tələbə Ayan Kərimovanın qazandığı uğurlardan bəhs olunan təqdimatın keçirildiyini xatırladaraq ona müvəffəqiyyət arzuladı. ADU-nun tələbələri arasında çoxlu istedadların olduğunu qeyd edən Ə. Əliyev universitet rəhbərliyinin hər zaman tələbələrin bacarıqlarını üzər çıxarmaq istiqamətində onlara dəstək olduğunu söylədi.
Sərgi ADU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının dəstəyi ilə baş tutdu. Belə ki, Ayan Kərimovanın Ginmnaziya fondunda saxlanılan 63 rəsm əsəri sərgidə nümayiş olundu. Sərgidə, o cümlədən tələbənin yerli və beynəlxalq treyninqlər, inşa müsabiqələri, rəssamlıq, dizayn sənəti, Ümummilli lider Heydər Əliyevə həsr olunmuş müxtəlif layihələr, ekologiya, sağlamlıq, musiqi, eyni zamanda uşaq rəsm festivalları, yarışlar və olimpiadalarda aktiv fəaliyyətinə görə əldə etdiyi diplomlar, sertifikatlar, medallar, təşəkkürlər və fəxri fərmanları nümayiş olundu.
Qeyd edək ki, sərgi 05.11.2013 –cü il saat 16:00-dək davam edəcək.
Qeyd edək ki, xüsusi istedada malik olan Ayan Kərimova 1995-ci ildə Bakıda anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında alıb. Burada Ayan öz həmyaşıdlarından bacarığı, qabiliyyəti ilə fərqlənib. O təhsil aldığı Gimnaziyada əsas rəssamlıq sənətini seçib. Bundan başqa, o qrafika, miniatür, moda - dizayn təsvir etməyi bacarır. Bu bacarıqları Ayanı böyük uğurlara qovuşdurub. O, bir çox rəsm və inşa yarışmalarının qalibidir. İlk dəfə 2010-ci ildə İranda keçrilən I Beynəlxalq Uşaq və Gənclər festivalında əldə etdiyi uğur onu daha da ruhlandırıb. Azərbaycan Rəssamlar İttifaqı tərəfindən keçirilən əksər sərgilərdə I yerə layiq görülüb. UNİCEF tərəfindən keçrilən “Uşaqlar naminə AİDS-ə qarşı” Respublika plakat müsabiqəsində də eyni nəticəni göstərib. Bundan başqa, British Council tərəfindən ingilis dilində keçrilən ”Mənim sevimli kitabım” inşa musabiqəsində III yerə layiq görülüb. Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş Bakı şəhəri üzrə “Heydər Əliyevin şah əsəri—mustəqil Azərbaycan” rəsm müsabiqəsində birincilik də onun qisməti olub. Qızıl Aypara Cəmiyyəti tərəfindən keçrilən müsabiqədə tərifnamə ilə təltif edilən Ayan “ANSPRESS”in təşkil etdiyi “Mənim vətənim” müsabiqəsində də I yerə layiq görülüb. Bakı Elektrik Şəbəkəsinin keçirdiyi “Müasir və işıqlı Bakı” adlı rəsm müsabiqəsində isə o, II yeri tutub.
Ayan, xüsusilə bir sıra beynəlxalq müsabiqələrin qalibidir. İran, Yaponiya, Türkmənistan, Türkiyə, Misir, Polşa, İordaniya, Norveç və Ukraynada keçirilən daimi müsabiqələrin qalibi olub. İordaniyada “Milli dəyərlər” mövzusunda təşkil olunmuş rəsm müsabiqəsində gümüş medalla təltif olunub. Ayanın çəkdiyi rəsmlər hal-hazırda xarici ölkələrdə sərgilənməkdədir. Onun bir əl işi ABŞ-da “EXON” neft şirkətində saxlanılır.
Həmçinin A.Kərimova 2010 və 2011-ci illərdə “Gələcək nəsillərlə üz -üzə” Futuroloqlar Cəmiyyətinin Meksika ilə birgə layihəsi olan “15 Qlobal çağırışlar” elmi-fəlsəfi esse müsabiqəsinin qalibidir. Ayan 2 il ardıcıl olaraq iştirak etdiyi müsabiqənin birinci dərəcəli diplomuna və hədiyyələrinə layiq görülüb. Birinci il “Demokratiyanın yayılması”, ikinci il isə “Qərar vermək bacarığı” çağırışı üzrə qalib olub. Bundan başqa, Meksika-Azərbaycan futuroloqlarının konfransının iştirakçısı hüququnu qazanıb. O, İncəsənət Gimnaziyasının “Kiçik Elmi Akademiyası”-nın opponenti, vitse-prezidenti və prezidenti kimi fəaliyyət göstərib. Bu layihə çərçivəsində 3 il Ayanın Elmi bülletenlərdə “Ədəbi irsimiz musiqinin gözü ilə”, “Səttarın sirli rənglər dünyası” və “Ana – müqəddəslik zirvəsi” başlığı altında məqalələri işıq üzü görüb. “Heydər Əliyev uşaqların gözü ilə” Respublika inşa müsabiqəsinin də mükafatçısıdır. O, mütəmadi olaraq rəqs yarışlarında da fəal iştirak edir və Ayan ADU-nun “Dalğa” rəqs qrupunun üzvüdür.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !