ADU-nun rektoru İtaliyanın Bolonya Universitetinin nümayəndəsini -

ADU-nun rektoru İtaliyanın Bolonya Universitetinin nümayəndəsini

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 31 oktyabr-1 noyabr tarixində Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan İtaliyanın Bolonya Universitetinin professoru Massimo Biançini qəbul etdi.
Qonağı ADU-da görməkdən məmnunluğunu bildirən rektor, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışaraq onun Azərbaycan və digər iştirakçı ölkələr üçün əhəmiyyətindən söz açdı və burada dünyanın müxtəlif ölkələrindən tanınmış elm adamlarının iştirak edəcəyini bildirdi. Rəhbərlik etdiyi universitet haqda məlumat verən rektor İtaliya və ADU əlaqələrinə toxunaraq bu sahədə əlaqələrin yaradılmasına hər zaman önəm verildiyini sözlərinə əlavə etdi. İtaliya universitetləri ilə əməkdaşlıqdan söz açan rektor, professor Səməd Seyidov bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. O, universitetdə italiyan dilinin uğurla tədris olunduğunu və bu dilə tələbələrin maraq göstərdiyini vurğuladı. İtaliyanın Peruca, Bolonya, Siyena, Venesiya Universitetləri ilə də əməkdaşlıq edildiyini bildirən professor Səməd Seyidov ADU-nun İtaliya universitetləri ilə əlaqələrinin qarşılıqlı inkişafyönümlü addım olduğunu söylədi.
Qonaq, öz növbəsində səmimi qəbula görə təşəkkür etdi. Massimo Biançi ADU-da italiyan dilinin tədrisini yüksək qiymətləndirdiyini bildirdi. O, dilin tədrisinin təhsil, elm və mədəniyyət sahəsində italyan dilinə maraq göstərən tələbələr üçün uğurlu gələcək istiqamətində zəmin olduğunu vurğuladı.
Görüşdə, eyni zamanda gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, birgə tədbirlərin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, görüşdə, həmçinin Keiti-Peskara Universitetinin professoru Sara Santoro da iştirak edirdi.

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !