ADU Argentinanın La Plata Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı -

ADU Argentinanın La Plata Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı

Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 31 oktyabr-1 noyabr 2013-cü il tarixində Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Argentinanın La Plata Milli Dövlət Universitetinin və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru professor Noberto Konsani və Beynəlxalq Münasibətlər İnstitutunun departament koordinatoru, professor Paulo Bottanı qəbul etdi.
Rektor, professor Səməd Seyidov III Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışaraq onun əhəmiyyəti, burada dünyanın müxtəlif ölkələrindən, Nobel mükafatı laureatlarının, tanınmış elm adamlarının, ictimai xadimlərin iştirak etdiyini dedi. ADU haqda məlumat verən rektor Argentina və ADU əlaqələrinə toxunaraq bu sahədə əlaqələrin yaradılmasına görə Argentinanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinə təşəkkür etdi. O, Argentinada Azərbaycan kafedrasının fəaliyyətinin vacib əhəmiyyət daşıdığını bildirdi. Rektor professor Səməd Seyidov ADU-da tələbələrin ispan dilinə böyük maraq göstərdiyini dedi. O, tələbələrin bu dili öyrənməklə ispandilli ölkələri yaxından tanıdıqlarını, bu ölkələrin mədəniyyət və tarixini də mənimsədiklərini sözlərinə əlavə etdi. Rektor universitetdə İspan dili mərkəzinin də fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırdı. O, bu baxımdan ADU-nun Regionşünaslıq kafedrasının nəzdində Argentina kafedrasının açılmasının məqsədəuyğun olduğunu vurğuladı.
Qonaqlar səmimi qəbula görə təşəkkür etdilər ADU-da ispan dilinin tədrisi yüksək qiymətləndirildi. Bildirildi ki, imzalanacaq əməkdaşlıq müqaviləsinin yeni əlaqələrin yaranmasına və inkişafına təkan verəcəkdir. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkili, universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov və Argentinanın La Plata Milli Dövlət Universitetinin və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru professor Noberto Konsani əməkdaşlıq müqaviləsini imzaladılar. Müqaviləyə əsasən, təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın qurulması və ADU-da Argentina kafedrasının açılması razılaşdırıldı.
Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Riva, səfirliyin konsulu Qabriel Xorquero, Argentinanın Milli Xarici Xidmət İnstitutunun direktoru Xuan Valle Raleigh, Argentina Səfirliyinin Mədəniyyət işləri üzrə nümayəndəsi Tutu Yunusova iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !