Azər Həsrət: Birinci Xanımın adı ətrafında demaqogiya -

Azər Həsrət: Birinci Xanımın adı ətrafında demaqogiya

 Birinci yazıda da qeyd etdiyim kimi, artıq seçki ilə bağlı qərarımı qətiləşdirmişdim. Özüm üçün nə edəcəyim, necə edəcəyim və niyə edəcəyim mövzusunda qaranlıq heç nə qalmamışdı. Ancaq bəzi dostlarımız hələ də düşünürdülər ki, nəsə olacaq. Hətta onlar iddia edirdilər ki, hakimiyyət öz içindən çat verəcək və çökəcək.

Belə söhbətlərin fonunda ölkənin Birinci Xanımı Mehriban Əliyevanın adının Prezidentliyə namizəd kimi hallandırılması əməlli-başlı gündəm mövzusu olmuşdu. Açığı, bu günə kimi də bilmirəm ki, bu, hakimiyyətin özünün bir yanıldıcı gedişi idi, yaxud müxalifət texnoloqları hakimiyyətin içində tərəddüd yaratmaq üçün ortaya atmışdı. Lakin onu deyə bilərəm ki, bu məsələ uzun müddət gündəmi işğal edə bildi. Hətta o həddə qədər ki, Prezident İlham Əliyevin özüylə bərabər Mehriban Əliyevanın da namizəd olacağı iddia edildi. Sonra isə İlham Əliyevin öz namizədliyini onun xeyrinə geri götürəcəyi deyilirdi.

İddialar arasında lap biabırçısı isə ondan ibarət idi ki, Mehriban Əliyeva ilə İlham Əliyev arasında namizədlik dartışması gedirmiş.

Bütün deyilənlərə əhəmiyyət vermirdim. Dostlara da izah etməyə çalışırdım ki, belə bir hal qətiyyən mümkün ola bilməz. Çünki Mehriban Əliyeva özünün üstün göstəricilərinə rəğmən bir Şərq qadınıdır və heç vaxt sap-sağlam, enerjili və təcrübəli həyat yoldaşının yerinə göz dikəcək birisi deyil.

Digər tərəfdən də, onun İlham Əliyevi prezident kürsüsündə əvəz etməsi zatən heç nəyi dəyişmir və ölkədə yenə də eyni hakimiyyət davam edəcək. Belə olan halda müxalifətdə olub Birinci Xanımın namizədliyi ətrafında demaqogiya ilə məşğul olanları anlamaq, təbii ki, asan deyildi. Çünki etirazçı kəsim onlardan ağlabatan və İlham Əliyev kimi təcrübəli, güclü və dünyada qəbul edilən bir namizədin qarşısına çıxarıla biləcək yeni sima tələb edirdi. Onlarsa hələ də hakimiyyətin içindəki qarşıdurmalara, guya ehtimal edilən hakim ailə içi çatlara baş qatırdılar.

Mümkündür ki, Birinci Xanımın namizədliyi məsələsini hakimiyyət özü ortaya atmış olsun. Bu yolla ictimai rəyin başını qatıb əsas etirazçı kəsimi məşğul etməklə öz işini görmək üçün. Əgər belədirsə, bu gedişi düşünənlərə “əhsən” demək lazımdır. Çünki arzu olunan nəticə əldə edildi. Müxalifətin əsas dayağı olan qəzetlər və internet saytları bu məsələyə həddən artıq diqqət ayırdılar. Halbuki müxalifət üçün başqa və daha vacib məsələlərə diqqət ayrılmalı idi.

Başqa bir variant da budur ki, Birinci Xanımın prezidentliyə namizədliyini müxalifət uydurmuş ola bilərdi. Burada məqsəd əlbəttə ki, hakim komanda və hətta hakim ailə içində dərin çatların olması görüntüsü yaratmaq ola bilərdi. Ancaq deyim ki, çox uğursuz və elə ilk gündən müxalifətin özünün əleyhinə işləyən bir gediş oldu bu. Çünki müxaliflər güclənmək yerinə başlarını bu cür perspektivsiz müzakirələrə qatdılar və... uduzdular.

Birinci Xanımın namizədliyi məsələsi müxaliflərin başını o qədər qatmışdı ki, özlərinin namizədilə bağlı qəti qərar vermək yerinə hətta namizədlərin irəli sürülmə müddəti bitənə qədər buna zaman və enerji xərclədilər. Ancaq bizim dediyimiz və bizim proqnozumuz özünü doğrultdu: hakimiyyətin namizədi tək və qəti oldu – İlham Əliyev!

Bu isə onu göstərdi ki, burnundan uzağı görə bilməyən siyasi müxaliflər bu dəfə də lazımsız müzakirələrə zaman ayırıb enerji xərclədilər. Qatar isə həmişəki kimi öz yolunu gedirdi.

Bu demaqogiyaların fonunda Birinci Xanımın təmkinini də qeyd etmədən keçə bilmərik. O, bütün bu müzakirələri görməzlikdən gələrək öz işiylə məşğul oldu. Yəni hər zamankı kimi xeyriyyəçilik, rəhbərlik etdiyi strukturların işi, Milli Məclis və beynəlxalq qurumlarda fəaliyyətini davam etdirdi. Bununla bir daha göstərdi ki, biriləri kimi boş və mənasız müzakirələrə zaman ayırmır, gerçəkdən faydalı işlərlə məşğul olur.

Nəticə isə bu oldu ki, istənilən halda Birinci Xanımın prezidentliyə namizədliyi ətrafında müzakirələr müxalifətin əleyhinə, hakimiyyətin lehinə işlədi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !