Bəxtiyar SADIQOV : CƏSARƏTLİ SİYASƏT -

Bəxtiyar SADIQOV : CƏSARƏTLİ SİYASƏT

Siyasətin tərifi çoxdur. Mahiyyəti isə təxminən eynidir: siyasət hər hansı bir qrupun, partiyanın, dövlətin ardıcıl və məqsədyönlü şəkildə yeritdiyi xəttdir.Siyasət məqsəd və vəzifədən ibarət olur. Məqsəd strateji hədəf, vəzifə isə ona çatmaq yollarıdır. Eyni məqsədə müxtəlif yollarla, üsul və vasitələrlə çatmaq mümkündür. Əsil siyasətçilər ən qısa və optimal yolları tapıb həyata keçirməkdə bir-birlərindən fərqlənirlər. Təbii ki, daha səmərəli şəkildə və qısa müddətdə məqsədə çatan siyasətçilər, xalqının və dövlətinin maraqlarını daha yaxşı, dolğun təmin edənlər bacarıqlı və uzaqgörən siyasətçi, dövlət xadimləri sayılırlar.

Yalnız real gücə və imkanlara əsaslanan siyasət insanları məqsədə çatdırır.

Bütövlükdə siyasət ağıllı, düşünülmüş, uzaqgörən, irəlicədən bütün məqamlar nəzərə alınmış olanda gözlənilən səmərəni verir.

Cəsarətli siyasət isə bambaşqadır!

Burada ağıl da, uzaqgörənlik də, dəqiq hesablamalar da olur. Amma bütün bunların mayasında özünəinamla yanaşı iqtisadi imkan və siyasi bəsirət də dayanır!

Siyasətin cəsarəti onu yeridənin müdrükliyindən və əminliyindən, tutduğu xəttin doğru-düzgünlüyinə, sarsılmaz inamından, məxsus olduğu xalq tərəfindən birmənalı şəkildə dəstəklənməsinə arxalanmağından qaynaqlanır.

Biz ulu öndər Heydər Əliyevin dəfələrlə cəsarətli siyasətinin, başqa sözlə siyasətdə cəsarətli addımlarının şahidi olmuşuq.

...Cəllad Qorbaçov nüfuzuna və xarizmasına böyük qısqanclıqla yanaşdığı Heydər Əliyevi xəyanətkar şəkildə Siyasi Bürodan uzaqlaşdırdıqdan sonra müstəqillik niyyətinə düşən Azərbaycan xalqına "qulaqburması" vermək və digər "müttəfiq qardaşların" gözünü qorxutmaq üçün 20 Yanvar faciəsini törətdi. Əksəriyyəti ermənilərdən ibarət olan sovet ordusunun cəza dəstələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridildi, dinc, əliyalın əhali gülləbaran edildi. Paytaxtın küçələri ilə hərəkət edən zirehli texnika insanları və avtomobilləri tırtılları ilə tapdalayaraq keçir, gözünü qan tutmuş "Qızıl Ordu" əsgərləri küçədəki insanları hədəfə çevirərək atəş açırdılar.

İnformasiya blokadasına salınan Azərbaycan qan gölündə boğulur, haqlı olduğu halda haqsız çıxarılır, dünyaya "vəhşi", "qəddar" obrazda təqdim edilirdi. Özünün və ailə üzvlərinin həyatı təhlükədə olduğu belə bir məqamda ulu öndər Heydər Əliyev çox böyük insan və siyasətçi cəsarəti göstərdi! Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək qırmızı imperiyanın bu qəddar siyasətini ifşa edən bəyanat verdi! Bu bəyanat aydın səmada şimşək kimi çaxdı, informasiya kanalları vasitəsilə bir anda dünyaya yayıldı!

...Heydər Əliyev Bakıda ona böyük təxribat və sui-qəsd hazırlandığını bilsə də, yenə Moskvadan geriyə döndü. Bakıda qalıb yaşamasına imkan verilməyəndə çox çətin və ağır dövrünü yaşayan Naxçıvana getdi. Burada da həyatına qəsd cəhdləri oldu. Amma yenə geri çəkilmədi. Öz nüfuzu və əlaqələri hesabına blokadada boğulan Naxçıvanı xilas etdi, erməni işğalından qorudu!

...Azərbaycan məhvolma həddinə çatdırılanda xalq sadiq və sınanmış oğlunu yenidən ölkə rəhbərliyinə, müstəqilliyi qorumağa dəvət etdi. Ulu öndər qoşunsuz, silah-sursatsız və təkbaşına Bakıya qayıtdı. Həyatına qarşı olan təhlükələrə baxmayaraq AXC-Müsavat cütlüyünün iqtidarına qarşı qiyam qaldırmış silahlı dəstələrin rəhbərləri ilə görüşdü, qiyamçı 109-cu briqadanın Gəncədə dislokasiya olunmuş hissəsinə getdi, vətəndaş müharibəsinin qığılcımlarını alovlanmağa qoymadı. Qısa bir müddətdə qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsinə, əhalidəki külli miqdarda silah-sursatın yığılmasına nail oldu. Həm də bütün bunları silahın yox, zəkasının gücü ilə etdi!

...1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri də bu cəsur insanı qorxutmadı. Belə vəziyyətdə Azərbaycana əvvəllər başçılıq edənlər təyyarəyə minib Bakını tərk etdikləri halda Heydər Əliyev əsil sərkərdə və dövlət rəhbəri kimi sonadək öz postunda qalaraq antumilli qüvvələrin hakimiyyəti ələ keçirmələrinə imkan vermədi.

...1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına maneçilik törətmək üçün Azərbaycanın iki ictimai-siyasi xadimi qətlə yetirildi, Heydər Əliyevin keçəcəyi yoldakı körpünü partlatmaq, xarici səfərdən qayıdarkən təyyarəsini raketlə vurmaq üçün cəhdlər göstərildi, xaricdən killer gətirilərək ona qarşı sui-qəsd təşkil edildi. Hər dəfə Tanrı onu qoruyub saxladı! Şəxsi sücaəti və cəsarəti sayəsində ulu öndər Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayaraq əbədiliyə çevirdi.

Dövr, zaman müəyyən qədər dəyişsə də, Azərbaycan müstəqil dövlət kimi möhkəmlənərək Cənubi Qafqazın ən güclü və modern ölkəsinə çevrilsə də, yenə müəyyən təhlükələr, məkrli, xəyanətkar planlar qalmaqdadır!

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin də dəfələrlə cəsarətli, orijinal gediş və addımlarının şahidi olmuşuq.

...İlk belə sınaq ulu öndər Heydər Əliyev bizi cismən tərk etdikdən sonra keçirilən prezident seçkilərinin növbəti günlərində baş verdi. Əslində 2003-cü ilin 15-16 oktyabr hadisələri çox böyük imtahan idi. Azərbaycan bu sınaqdan çıxa bilməsəydi yenidən xaos və anarxiya dövrünə qaytarıla bilərdi. İlham Əliyev çox böyük təmkin və iradə nümayiş etdirərək antimilli qüvvələri, onların ölkə daxilindəki və xaricdəki havadarlarını ustalıqla yerlərində oturtdu! Həm də hamını başa saldı ki, artıq Azərbaycanla təzyiq və zor dilində danışmağın vaxtı keçib!

...2007-ci ildə Rusiya Azərbaycana ixrac etdiyi təbii qazın qiymətini qəflətən və xeyli miqdarda qaldırdı. Qarşıda şaxtalı qış göründüyündən vəziyyət ürəkaçan deyildi. Cənab İlham Əliyev qeyri-standart və cəsarətli addım atdı: bütövlükdə Rusiyadan təbii qaz alınması dayandırıldı! Əvəzində Bakı-Novorossiysk boru kəməri ilə ixrac edilən neftdən mazut istehsal edilərək ölkədəki istilik elektrik stansiyaları təbii qazdan mazutla işləyən rejimə keçirildi. Beləliklə, yaranmış gərgin vəziyyət aradan qaldırıldı!

...Azərbaycanın təşəbbüsçüsü olduğu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə əngəl törətməyə çalışanlar ona maliyyə dəstəyi göstərmədilər, dünyanın bu işlə məşğul olan imkanlı bankları müxtəlif bəhanələrlə vəsait ayırmaqdan boyun qaçırdılar. Cənab İlham Əliyevdən növbəti cəsarətli addım: Azərbaycan özünün və Gürcüstanın əvəzinə bu transmilli layihəni maliyyələşdirməyə başladı! Artıq gələn il işə düşəcək Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq istəyən ölkələrin sayı durmadan artır.

...Dünya Nabukko, Cənub və Şimal qaz axını layihələri barədə uzun sürən müzakirə və mübahisələr apardığı bir vaxtda İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Türkiyə Avropaya qaz ixracını yaxşılaşdıracaq TANAP kəmərinin çəkilməsi, maliyyə xərclərinin isə öz hesablarına ödənilməsi haqda saziş imzaladılar. Bir qədər keçmiş TAP layihəsi də Azərbaycanın dəstəyi ilə həyata vəsiqə qazandı.

Siyasətdə də çox zaman cəsurlar qələbə çalırlar!

Oktyabrın 18-də Azərbaycan xalqının həyatında çox mühüm hadisə baş verdi. Növbəti beş ildə də müstəqil Azərbaycana rəhbərlik edəcək möhtərəm İlham Əliyevin andiçmə mərasimi keçirildi. Dövlət başçısının andiçmə mərasimindəki nitqinin bir məqamı diqqəti xüsusilə cəlb edir. "Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir". Fikrin davamı olaraq onu da qeyd edək ki, xalq bu siyasəti həm də cəsarətli siyasət olduğuna görə sevir!

Siyasətə cəsarətliliyi fövqəltəbii qüvvələr vermirlər! Belə cəsarət iki möhkəm təməl üzərində yarana bilər. Bunlardan birincisi həqiqi dövlət müstəqilliyidir! Başqalarının qoltuğuna qısılanlar, forpost dövlətlər heç zaman nəinki cəsarətli, hətta müstəqil siyasət belə yürüdə bilmirlər!

İkinci vacib şərt isə iqtisadi müstəqillik, möhkəm və etibarlı iqtisadiyyatın mövcudluğudur. İanə və yardıma möhtac qalanlar, kiməsə əl açıb kömək istəyənlər heç zaman müstəqil yaşayıb, müstəqil siyasət yürüdə bilməzlər.

Azərbaycan heç bir problem qarşısında aciz qalmır, bütün çatışmazlıqlar aradan qaldırılır. Bu da şübhəsiz ki, məhz uğurlu siyasətin nəticəsidir. Prezidentin təbirincə desək, "İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması - bu amillər bizi problemlərdən qoruya bildi".

Real və cəsarətli siyasətin prinsipləri aydın və konkret olur.

Belə siyasət:

- xalqın iradəsinə əsaslanır;

- milli maraqlar üzərində qurulur;

- müstəqilliyin qorunmasına və möhkəmləndirilməsinə xidmət edir;

- yalnız öz dövlətinin maraqlarına uyğun formalaşdırılır.

Cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində bu məqamlara çox gözəl aydınlıq gətirdi: "İqtisadi müsəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir".

Azərbaycan cəsarətli siyasət yürüdərkən nə istəyir?

Sual bəlkə də qəribə səsləndi. Amma aydınlıq gətirilməsinə dəyər. Azərbaycanın nə istədiyini bu ölkədə yaşayan hər bir şüurlu vətəndaş gözəl bilir! Biz torpaqlarımızın işğaldan azad olunmasını, ikili standartların ləğv edilməsini, iqtisadiyyatımızın daha da möhkəmlənməsini, inkişaf etmiş ölkələr sırasına qoşularaq bütöv Azərbaycanda xoşbəxt və firavan yaşamağımızı istəyirik!

Azərbaycanın heç kimə qarşı iddiası (ərazi və s.), kimsədən təmənnası (maddi anlamda) yoxdur!

Biz heç kəsi hədələmirik! Hələlik sülh yolunu tuturuq!

Fəaliyyətimizin əsasında isə dostlarımızın sayının artırılması durur!

Prezidentimiz bu fikir və niyyətləri andiçmə mərasimində açıqladı:

"Bizim xarici siyasətimizlə bağlı bütün təşəbbüslər əməkdaşlıq, dostluq üzərində qurulubdur. Bir-birinin işinə qarışmamaq, bir-birinə hörmət etmək, bu, həm beynəlxalq hüquq normalarına uyğundur, eyni zamanda normal insani davranışa da uyğun olan siyasətdir".

"Əməkdaşlıq etdiyimiz təşkilatlarla münasibətləri bundan sonra da ancaq bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq və qarşılıqlı hörmət əsasında quracağıq. Çalışacağıq ki, dünyada dostlarımızın sayı çoxalsın və bu məqsədlərə nail olmaq üçün iqtisadi amillərdən də istifadə etməliyik".

Azərbaycan müstəqilliyin ilk illərindəki ölkə deyil!

Heç on il bundan əvvəlki Azərbaycan da deyil!

İqtisadiyyatı 3 dəfə yüksəlmiş, iqtisadi sahədə keçid dövrünü başa vurmuş, dövlət büdcəsi 25 milyard dolları keçmiş, valyuta ehtiyatı 50 milyard dollara çatmışdır. BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan Cənubu Qafqazın ən güclü dövləti, dünyada nüfuz sahibidir.

Haqsızlıqlara cəsarətlə etiraz edir, mövqelərini qətiyyət və prinsipiallıqla qoruya bilir!

Azərbaycan xalqı öz liderinə, demokratık prinsiplər əsasında, açıq və şəffaf şəkildə seçdiyi Prezidentinə inanır, güvənir və etibar edir.

Dövlət başçısı isə daim öz xalqının maraq və mənafeyini yüksək səviyyədə, bütün məqamlarda müdafiə etməyi və qorumağı bacarır. Çünki, cənab İlham Əliyevin dediyi kimi: "Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək".

 

Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !