ADU-da Ümummilli lider Heydər Əliyevin büstünün açılışı keçirildi -

ADU-da Ümummilli lider Heydər Əliyevin büstünün açılışı keçirildi

Oktyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin büstünün və ADU-nun tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin açıq muzeyinin açılış mərasimi keçirildi.
Universitetin foyesində qoyulan və müasir ornamentdə hazırlanmış büstün açılış mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova və Nəsimi rayon İcra hakimiyyətinmin başçısı Nəsib Məhəməliyev iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək rəhbərlik etdiyi ali təhsil ocağında əlamətdar bir günün yaşandığını bildirdi. Universitetin tarixinə ekskurs edən S. Seyidov ali təhsil müəssisəsinin müstəqil fəaliyyətinin 1973-cü ildən başlandığını qeyd etdi. ADU rəhbəri vurğuladı ki, məhz həmin ildə Heydər Əliyevin sərəncamı ilə təhsil ocağı Xarici Dillər İnstitutu kimi fəaliyyətə başladı. ADU rektoru universitetdə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə hörmət ruhunda, peşəkar mütəxəssis və vətənpərvər vətəndaş kimi tərbiyə olunması istiqamətində ardıcıl, məqsədyönlü işlər həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ümummilli liderin Azərbaycanın hərtərəfli inkişafında xidmətlərinə toxunan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. S. Seyidov rəhbərlik etdiyi universitetin Azərbaycanın xarici siyasətinin formalaşmasında və yüksək səviyyəli peşəkar kadrların yetişməsində mühüm rol oynadığını vurğuladı. ADU rəhbəri universitetdə 20-ə yaxın əcnəbi dilin tədris olunduğunu və ali məktəbdə 6000-ə yaxın tələbənin təhsil aldığını söylədi.
ADU-nun tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin atası Yusif Bünyadzadə oğlunun uşaqlıqdan Vətənə olan sevgisindən söz açdı. Azərbaycanın qəhrəman oğullar yetişdirdiyini deyən Yusif Bünyadzadə Ülvi ilə fəxr etdiyini dedi. O, oğlunun xatirəsinin əziz tutulduğuna görə universitetin rektoru, professor Səməd Seyidova və tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdi.
Sonra çıxış edənlər Nəsimi rayon İcra Hakimiyyətini başçısı Nəsib Məhəməliyev, Milli Məclisin deputatları Rəbiyyət Aslanova və Məlahət Həsənova Azərbaycanın ən yeni tarixində Heydər Əliyevin xidmətləri barədə söhbət açdılar, ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində, təhsilin inkişafında və ölkəmizin kadr potensialının yaradılmasında rolunu vurğuladılar. Qeyd olundu ki, Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edən Ümummilli lider Heydər Əliyev siyasəti tarixi dövrün yeni mərhələsində dövlət başçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Vurğulandı ki, Heydər Əliyev strategiyası Azərbaycanın iqtisadi və siyasi uğurlarına, elmdə, təhsildə də böyük nailiyyətlər qazanılmasına geniş imkanlar açdı.
Tədbirdə Yeni Azərbaycan Partiyasınını üzvlüyünə qəbul olmuş tələbələrə partiya vəsiqəsi təqdim olundu.
Sonra universitetin foyesində Ümummilli lider Heydər Əliyevin büstünün açılışı oldu. Dahi rəhbərin büstünün örtüyü götürüldükdən sonra önünə əklil qoyuldu və ehtiram bildirildi.
Sonda Ülvi Bünyadzadənin açıq muzeyinin açılış rəmzini bildirən qırmızı lent kəsildi. Qonaqlar gül dəstələri qoyduqdan sonra muzeylə tanış oldular. Açıq muzeydə şəhidin andı, şəxsi əşyaları, müəllifi olduğu kitablar, həmçinin onun haqqında yazılan kitablar, 21 illik ömrünün müxtəlif dövrlərini əks etdirən fotoları yer alıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !