ADU-da 18 oktyabr-Azərbaycan Dövlət Müstəqilliyi günü münasibətilə dəyirmi masa keçirildi -

ADU-da “18 oktyabr-Azərbaycan Dövlət Müstəqilliyi günü” münasibətilə dəyirmi masa keçirildi

 Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində “18 oktyabr-Azərbaycan Dövlət Müstəqilliyi günü” münasibətilə dəyirmi masa keçirildi. Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kaferasının müdiri, dosent Ədalət Abdıyeva və tələbə-müəllim heyəti iştirak edirdi.

Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev giriş sözü ilə çıxış edərək Azərbaycan Dövlət Müstəqilliyi gününün böyük əhəmiyyətli bayram olduğunu söylədi. O, ölkənin müstəqilliyini çətinliklərlə, vuruşa-vuruşa, qanlar tökə-tökə əldə etdiyini xatırlatdı. Universitetin tələbəsi olmuş, 20 yanvar şəhidi Ülvi Bünyadzadənin qəhrəmanlıqlarından bəhs edən prorektor tələbələrin Azərbaycanın müstəqilliyini qorumaq yolunda qəhrəmanlıqlar göstərdiklərini dedi. O, vətənpərvərliyin özünü qorumaq deyil, vətən uğrunda ölümə getmək olduğunu bildirdi.
Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müəllimi Ramil Quliyev bu günün tarixi haqqında məruzə ilə çıxış etdi. O, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsinin başlandığını və bu gün də uğurla davam etdirildiyini bildirdi.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Fatimə Güləmirli Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasından bəhs etdi. O, Azərbaycan Respublikasının müstəqilliyini həmin ildə ilk olaraq Türkiyə Cumhuriyyətinin, sonra Ruminya və digər dövlətlərin tanıdığını qeyd etdi. F. Güləmirli Azərbaycanın 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunmasının beynəlxalq aləmdə ən mühüm uğurlardan biri olduğunu vurğuladı.
Daha sonra ADU-nun YAP Gənclər birliyinin sədri, Pedaqoji fakültənin tələbəsi Ziba Nəcəfova dövlətimizin müstəqilliyinin xalqın əzmkarlığı və Ümummilli lider Heydər Əliyevin xilaskarlığı sayəsində qazanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Z. Nəcəfova vətənin müstəqilliyinin qoruyub saxlamağın gənc nəslin öhdəsinə düşdüyünü bildirdi. O, müstəqil ölkənin ən uğurlu universitetinin azad tələbəsi olduğundan xoşbəxtlik hissi keçirdiyini də dilə gətirdi.
Pedaqoji fakültənin tələbəsi İsgəndər Hüseynzadə də öz növbəsində bu günün tarixi haqqında qısa məlumat verdi.
Dəyirmi masa müzakirələrlə davam etdi.

 

 

 

 

 

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !