Azər Həsrət: Dost kim, düşmən kim? Düşün, qazax! -

Azər Həsrət: Dost kim, düşmən kim? Düşün, qazax!

Onlar qəribə xalqdır. Ən dəhşətli sataşmaları da tez unudurlar. Onlar ən qəddar düşməni belə bağışlayıb ona ən əziz adamları kimi “can” deyə müraciət edə bilərlər. Çünki bu xalq böyükdür, ləyaqətli keçmişə sahibdir və hər cür, hətta ən ağır təhqirləri də bağışlaya bilir. Belə davranış isə doğrudan da böyük xalqlara aid özəllikdir. Və qazax xalqı da belə bir xalqdır!

Onlar ona da “can” deyərək müraciət edərdilər. O, onlar üçün can qədər əziz idi. Çünki xalqı, sadə adamları belə öyrətmişdilər. Bax, gərək böyük adamları sevəsən və onlar haqqında heç vaxt pis düşünməyəsən. Ona görə də sadə qazax onun adını çəkəndə “can” demədən keçə bilmirdi.

O, onlar üçün Mirzəcan idi. Sadəcə Mirzoyan deyil, Mirzəcan. Yəni “mirzə can”. Onları ona hörmət eləməyə öyrətmişdilər. Və onlar da ona hörmət edirdilər. Heç nədən xəbərsiz onlar özlərinin – sadə, açıq, dürüst qazax xalqının qatilinə hörmət edirdilər. Bir neçə onillik ərzində onlar onunla fəxr edirdilər. Hətta bu gün də fəxr edirlər. Rayonlar, şəhərlər, küçələr onun adını daşıyır. Qazaxıstanda ən mərkəzdəki, ən görkəmli yerlər bu adamın adını daşıyır.

Qazaxlar inanır ki, Mirzoyan onları aclıqdan xilas edib. Onlara Sovet vaxtı belə öyrətmişdilər. İndi də hələ ki, kimsə həqiqəti öyrətmir, onlar bu cəfəngiyyata inanmağa davam edirlər. Bax, əgər Mirzəcan olmasaydı, qazax xalqı birdəfəlik yox olub gedərdi. Axı o, Goloşekin aclığından sonra onlara çörək və su verib. Bəli, qazaxlar belə düşünür və inanırlar ki, Mirzoyan onları çörəklə doyurub, onlara su verib; ən azı 2,5 milyon qazaxın həyatına son qoymuş o dəhşətli aclıq illərindən sonra.

Halbuki kimsə qazaxlara deməyib ki, bu “Mirzəcan” qazaxların məhvini davam etdirib. Elə biz də bu haqda danışmaq istərdik. Daha doğrusu, sadəcə bir sənəd təqdim edəcəyik. Bu sənədə görə həmin o Mirzoyan şəxsən təsdiq edir ki, özü də qazax xalqının kökünü kəsməyə davam edib.

Bu yaxınlarda əlimizə Qazaxıstan Kommunist (Bolşevik) Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Levon Mirzoyanın 1 dekabr 1937-ci ildə Ümumittifaq Kommunist (Bolşevik) Partiyasının Mərkəzi Komitəsinə göndərdiyi gizli bir teleqram keçdi. “Tam məxfi” qrifli və “Moskva, ÜK(b)P MK, yoldaş Stalinə” ünvanlı teleqramda belə bir mətn var: “Bizə antisovet elementlərin 1-ci kateqoriya üzrə 8 min və 2-ci kateqoriya üzrə də 8 min nəfərinin repressiya edilməsi üçün icazə verilmişdi. Artıq bu limitlər demək olar ki, tükənib – biz dekabrın 10-nadək fəal antisovet elementləri təmizləyib onlarla birdəfəlik qurtarmalıyıq. Bu üsyançı, dağıdıcı və casus elementlərdən ibarət iki kateqoriya üzrə biz ləğv etdiyimiz təşkilat və qruplardan müəyyən edilmiş həddən 1600 nəfər artıq adamı ələ keçirmişik.
Qalıqların tam olaraq təmizlənməsi üçün biz xahiş edirik ki, bizim əlavə olaraq 1-ci kateqoriya üzrə 600 və 2-ci kateqoriya üzrə 1000 nəfəri repressiya etməyimizə icazə verəsiniz.
Qazaxıstan KP(b) MK katibi Mirzoyan”.

Bax, belə. Və qazax qardaşlarımız bu adamı “Mirzəcan” adlandırırlar. Millətin ən yaxşı oğul və qızlarını repressiyaya məruz qoyan adamı heç “can” hesab etmək olarmı?

Statistikaya görə, yalnız 1937-38-ci illərdə Qazaxıstanda yüz minlərlə günahsız insan repressiyaya məruz qalıb. Onların bir çoxu güllələnib. Və həmin dönəmdə Respublikaya məhz o – Mirzoyan başçılıq edirdi! Və repressiyaya məruz qalanlar arasında qazax elminin, maarifinin və mədəniyyətinin belə görkəmli şəxsləri də vardı: Axmet Baytursınov, Beyimbet Maylin, İlyas Cansuqurov, Mağcan Cumabayev, Muxamedcan Tınışpayev, Mırcakıp Dulatov, Saken Seyfullin, Sancar Asfendiyarov, Sultanbek Xocayev, Turar Rıskulov, Uraz Candosov, Şakərim Kudayberdıyev və yüzlərlə, minlərlə, on minlərlə başqaları! İndi əgər “Mirzəcan”ın yalnız bir teleqramda 16 min repressiya olunanı nəzərdə tutduğunu və üstəlik də daha 1600 nəfərin repressiyası üçün icazə istədiyini diqqətə alsaq, onun Qazaxıstandakı uzun müddətli hakimiyyəti dönəmində - 1933-38-ci illərdə nə qədər insanı məhv etdiyini hesablamaq çətin olmaz. Qəribə və maraqlı olanı isə budur ki, qazax xalqının repressiyaya uğramış bu layiqli övladlarının adları Qazaxıstan şəhərlərinin görkəmli küçə və prospektlərinə... onların qatili Mirzoyanın adı ilə paralel şəkildə verilib! Elə Astana, Almatı və başqa böyük şəhərlərdə hər kəs məhz belə bir səhnənin şahidi ola bilər. Bəzən hətta belə bir hal var ki, Mirzoyan küçəsi (prospekti) deyək ki, elə onun repressiya elədiyi Beyimbet Maylin küçəsi ilə kəsişir! Doğru harda, yanlış harda? Ya Mirzoyan dost və onun repressiyaya məruz qoyduğu qazax övladları düşməndir, yaxud da əksinə. Çünki eyni zamanda o və onlar birlikdə xalqın yaxşı oğulları ola bilməzlər axı, deyilmi?

14 aprel 1993-cü ildə Qazaxıstanda “Kütləvi siyasi repressiya qurbanlarının bəraəti haqqında” qanun qəbul edilib. Artıq Respublikada 350 mindən çox insan bəraət alıb. Və bu iş davam edir. Onları kimin repressiya etməsi heç kimə sirr deyil. İndi bu məqama diqqət yetirməyin vaxtı çatmayıbmı artıq?

Yeri gəlmişkən, erməni əsilli Levon İsayeviç Mirzoyan 1896-cı ilin noyabrında Azərbaycanda, Dağlıq Qarabağın Şuşa şəhərində anadan olub. 1917-ci ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (bolşevik) üzvü olub. 1919-cu ildən isə partiya işinə keçib. 1926-29-cu illərdə Azərbaycan KP(b) MK-nın 1-ci katibi olub. Bundan sonra Perm (Rusiya) Dairə Komitəsinin katibi, ardından da Ural (Rusiya) Vilayət Komitəsinin 2-ci katibi olub. 1933-cü ildə Qazaxıstan Vilayət Komitəsinin rəhbərliyinə gətirilib. 1937-ci ildən isə Qazaxıstan KP(b) MK-nın 1-ci katibi olub. 1938-ci ilin yayında həbs edilib və 1939-cu ilin 26 fevralında güllələnib. 1958-ci ildə bəraət verilib.

Bu yazının orijinalı rus dilindədir. Azərbaycan Türkcəsinə müəllifin özü tərəfindən tərcümə edilib. 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !