ADU-da Azərbaycan-Çin: yeni imkanların onilliyi mövzusunda elmi seminar keçirildi -

ADU-da “Azərbaycan-Çin: yeni imkanların onilliyi” mövzusunda elmi seminar keçirildi

Oktyabrın 5-də Azərbaycan Dillər Universitetində “Azərbaycan-Çin: yeni imkanların onillliyi” mövzusunda 2003-2013-cü illər ərzində iki ölkə arasındakı çoxsahəli əməkdaşlığın yekunları haqqında elmi seminar təşkil olunmuşdur.
Universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri seminarda çıxış edərək Azərbaycan-Çin arasındakı beynəlxalq arenada qarşılıqlı əlaqələrdən, Çinin neft siyasəti sahəsindəki perspektivlərindən, eləcə də iki ölkə arasında mədəni əlaqələrin tarixindən söz açdılar.
Seminar çərçivəsində, həmçinin Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə ADU-nun Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Azərbaycan və Çin dilində hazırlanmış “İlham Əliyev-qədim xalqların dostluğunun müasir davamçısı” kitabının da təqdimatı keçirilmişdir.
Təqdimat zamanı Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov çıxışında ilk öncə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin irsini araşdıran mərkəzin fəaliyyətindən söz açdı.
O, həmçinin təqdim olunan kitabda Azərbaycan Repsublikasının Prezidenti İlham Əliyev tərəfindən 2003-2013-cü illər ərzində Azərbaycan-Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında həyata keçirdiyi mühüm xidmətlərinin geniş əks etdirildiyini qeyd etdi.
Elmi seminarın müzakirəsi və kitabın təqdimatı zamanı ÇXR-in səfirliyinin müvəqqəti işlər üzrə vəkili Jiao Huaitin, səfirliyin müşaviri, xanım Li Yonghui, səfirin köməkçisi Qu Min, Çinin Sinxua informasiya agentliyinin Bakıdakı xüsusi müxbiri Jianq Tieyinq iştirak etmişlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !